Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Bəşəriyyət zəkasının pik həddini keçib?


Beyin
Beyin

Zəka testi 100 il bundan əvvəl kəşf edilib. Bu müddət ərzində insanın IQ balında davamlı artım müşahidə edilib. BBC yazır ki, günümüzdə yaşayan orta statistik insan belə 1919-cu ildə doğulmuş insanla müqayisədə dahi sayıla bilər. Buna «Flinn effekti» deyilir.

Sən demə, bugünkü insan zəkanın qızıl dövründə yaşayır. Ancaq alimlər aşkar ediblər ki, bu trend zəifləməyə doğru gedir. Bu isə o deməkdir ki, bəşəriyyət artıq zəka potensialının pik həddini geridə qoyub.

Əgər bu doğrudan da belədirsə, zəkanın azalması bəşəriyyətin gələcəyi üçün nə demək ola bilər?

BBC yazır ki, insan üç milyon il əvvəl dik yeriməyə başlayıb. Bu dövrə aid kəllə sümüklərinin tədqiqi göstərir ki, «avstralopitek» adlı ilk ikiayaqlı primatın beyni 400 kubsantimetr olub. Bu, müasir insanın beyin həcminin 1/3-i deməkdir.

İri qruplarda yaşamağın imtiyazları

Ancaq beyinin böyüməsi kifayət qədər baha başa gəlir. «Müasir insanın beyni bədənin enerjisinin 20%-ini işlədir», – məqalədə deyilir.

Məqalədə daha sonra deyilir ki, beynin bu qədər böyüməsi və bu qədər çox enerji işlətməsi ilə bağlı müxtəlif hipotezlər irəli sürülüb. Aparıcı nəzəriyyəyə görə, bu, ilk növbədə qrup halında yaşamağın koqnitiv tələbləri ilə bağlı olub.

Avstralopitekdən bu yana insanın əcdadları get-gedə daha iri qruplarda yaşamağa başlayıb. Bu zaman onlar artıq ağaclarda deyil, yerdə yatdıqlarına görə yırtıcı heyvanlar qarşısında daha həssas duruma düşdüklərindən özlərini qorumaqdan ötrü daha diqqətli olmalı idilər. Bundan başqa, qrup halında yaşamaq insanlara resursları paylaşmaq və uşaqları birlikdə böyütmək imkanı verirdi.

«Ancaq çoxumuz öz həyatımızdan bildiyimiz kimi, başqa insanlarla birlikdə yaşamaq asan olmaya bilər. İnsanların xarakterini, bəyənib-bəyənmədikləri şeyləri, etibarlı olub-olmadıqlarını yadda saxlamalısan. Qrup halında bir iş görürsənsə, məsələn, ova çıxırsansa, həm öz hərəkətini koordinə etməlisən, həm də hər bir qrup üzvünün hərəkətini izləməlisən. Sosial anlayış çatışmazlığı bugünkü insan üçün belə utancverici vəziyyət yaradır. Əcdadlarımız üçünsə bu hal ölüm-qalım məsələsi idi», – məqalədə deyilir.

Bu çətinliklərə baxmayaraq, daha iri qruplarda yaşamaq ideyaları paylaşmağa, bir-birinin kəşfindən öyrənməyə imkan verirdi. Nəticədə yeni texnoloji və mədəni innovasiyalar, məsələn, ov alətləri yaranırdı. Alətlərdən istifadənin özü belə beyni daha da təkmilləşdirirdi.

Beyin böyüdükcə...

Təqribən 400 min il əvvəl yaşamış Heydelberq adamının beyni 1200 kubsantimetrə çatmışdı. Müqayisə üçün deyək ki, müasir insanın beyni 1300 kubsantimetrdir. Təqribən 70 min il əvvəl Afrikanı tərk etmiş əcdadlarımız artıq planetin hər yerində həyata uyğunlaşa biləcək qədər zəkalı idi. Alimlər mağara rəsmlərinə əsaslanaraq ehtimal edirlər ki, qədim insanlar nəhəng kosmoloji suallar haqda belə düşünə bilirmişlər: «Bəlkə də öz mənşələri haqda da düşünürmüşlər».

Alimlər IQ səviyyəsindəki müasir dəyişiklikləri də genetik təkamülün bir hissəsi sayırlar.

Tədqiqatçı James Flynn ötən əsrin IQ səviyyələrinə baxan zaman hər onillikdə təqribən 3 ballıq artımın olduğunu görüb. Bu artım üst-üstə gələrək bu gün bəzi ölkələrdə 30 bal təşkil etməyə başlayıb.

Dəyişən təkcə insanın zəkası deyil. Bu gün bizim boyumuz XIX əsrdə yaşamış insanın boyundan 11 santimetr ucadır. «Ancaq bu o demək deyil ki, genlərimiz dəyişib. Bu, sadəcə o deməkdir ki, ümumi sağlamlığımız dəyişib», – məqalədə deyilir.

Əslində tibbin güclənməsi, uşaq infeksiyalarının azalması, daha qidalı rasion bizim həm daha ağıllı, həm də daha ucaboy olmağımıza təsir etmiş ola bilər.

Benzinin tərkibində qurğuşunun azaldılmasının da IQ səviyyəsinin artmasına təsir etdiyini düşünənlər də var. İşlətdiyimiz yanacaq təmizləndikcə, zəkamız da artırmış.

Bundan başqa, uşaq yaşlarından abstrakt düşüncəyə sövq edən intellektual mühiti də unutmaq olmaz. Müasir təhsil uşaqlara abstrakt kateqoriyalar ətrafında düşünməyi öyrədir. Müasir texnologiyadan istifadənin özü də abstrakt düşüncə tələb edir. Bütün bunlar IQ testində yüksək nəticələrə yol açır.

Pik hədd və sonrakı azalma

Ancaq alimlər Finlandiya, Norveç və Danimarkadakı IQ səviyyələrini nəzərdən keçirərək belə nəticəyə gəliblər ki, bu ölkələrdə IQ səviyyələrinin pik həddi 90-cı illərin ortalarında olub. Bundan sonra orta IQ səviyyəsi ildə 0.2 bal aşağı düşməyə başlayıb. Bu isə nəsillər arasında 7 ballıq fərq deməkdir.

Bunu qismən bu ölkələrdə təhsilin tələblərinin yumşalması, qismən də IQ testindəki bəzi sualların insanların mental arifmetikasını ölçməsi ilə əlaqələndirirlər. Son zamanlar insanlar hesablamaq üçün beyinlərindən yox, kalkulyatordan istifadə etdiklərindən bu suallara zəif cavab vermiş ola bilərlər.

IQ səviyyəsinin dinamikası və onun cəmiyyəti hara aparması haqda düşünərkən mütəxəssislər ən çox ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələrini nümunə göstərirlər. Bundan başqa, IQ səviyyəmiz artsa da, dünya gəlir bərabərsizliyi, yoxsulluq, iqlim böhranı, zorakılıq və bir çox başqa problemlərlə üz-üzədir.

Amma bununla yanaşı, tibb elmi körpə ölümləri sahəsində ciddi irəliləyişə nail olub, ifrat yoxsulluq azaldılıb. Texnologiyanın bugünkü inkişafı da intellektual bacarıqlar sayəsində baş verib.

Məqalədə deyilir ki, əsas problem tənqidi təfəkkürün inkişafına az diqqət yetirilməsidir. Çünki yüksək IQ səviyyəsi hələ sağlam, rasional mühakimə bacarığı demək deyil.

Rasionallıq və tənqidi təfəkkürün zəifliyinin müasir cəmiyyətlər üçün nəticəsi ağır ola bilər. Tibbi səhvlərdən tutmuş neft sızmalarına və beynəlxalq maliyyə böhranına qədər ciddi problemlər yarana bilər. Bu səbəbdən təhsil sistemləri bu bacarıqların inkişafına xüsusi diqqət yetirməlidir.

XS
SM
MD
LG