Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:09

Britaniya şirkəti Rasim Məmmədovla bağlı 14 illik hökmə görə Bakıda məhkəməyə şikayət verib


Rasim Məmmədov
Rasim Məmmədov

“Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 14 il azadlıqdan məhrum edilən Rasim Məmmədov haqqında çıxarılan hökmlə əlaqədar Böyük Britaniya şirkəti Bakıda məhkəməyə şikayət verib. Baumant Sales LLP iddia edir ki, Məmmədov haqqında çıxarılmış hökm onların da marağına toxunur.

Məmmədova qarşı hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Ona 14 il cəza verilməklə yanaşı, onun özünün və yaxınlarının adına olan bir xeyli əmlaklar da müsadirə olunub. Xarici şirkət hökmün məhz əmlak müsadirəsiylə bağlı hissəsindən şikayət verib. Müsadirə olunan əmlaklar arasında çoxsaylı torpaq sahələri, bağ evləri, mənzillərlə yanaşı, “Bakı Oksford Məktəbi”nin, “Baku Non Ferrous And Foundry Company”nin əmlakları da var.

15 milyon 689 min manatlıq borc

Baumant Sales LLP iddia edir ki, “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunmuş əmlaklar siyahısına daxil edilməsi onların maraqlarına ziddir. Çünki bu şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsaitin “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verildiyi bildirilir.

“Tərəflər arasında 16 dekabr 2022-ci ildə mediasiya mərhələsində barışıq sazişi bağlanıb. “Baku Non Ferrous And Foundry Company”nin əmlakının xüsusi müsadirə olunması “Baumant Sales” LLP-nin maraqlarına kreditor olaraq ziddir, onun mülkiyyət hüquqlarını pozur”, – əcnəbi şirkət şikayətində yazıb.

Rasim Məmmədov özü də 14 il azadlıqdan məhrum edilməsi, əmlaklarının isə müsadirə olunması haqda hökmdən apellyasiya şikayəti verib. Hazırda həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Baumant Sales” LLP də maraqlı şəxs statusunda bu hökmdən şikayət vermək istəsə də, öncə onun şikayəti qəbul edilməyib. Əsas kimi isə göstərilib ki, apellyasiya şikayəti vermək üçün qanunda göstərilən müddəti ötürüb.

İlkin instansiya müddəti bərpa etməyib, amma...

Qanuna görə, hökmü əldə edəndən sonra 20 gün ərzində apellyasiya şikayəti verilə bilər. Şirkətin nümayəndəsi bu hökmün onlara verilmədiyini, məsələdən gec xəbər tutduqlarını əsas gətirsə də, müddət bərpa olunmayıb.

Müddətin bərpası haqda müraciətə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədovun işi üzrə hökm çıxarmış hakim Leyla Əsgərova-Məmmədova baxıb və xarici şirkətə “yox” deyib. Qərarını da belə əsaslandırıb ki, məhkəmənin öz hökmünü maraqlı şəxslərə, yaxud da onların nümayəndələrinə vermək kimi bir vəzifəsi yoxdur.

Onun çıxardığı həmin qərardan şirkət apellyasiya şikayəti verib. Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində “Baumant Sales” LLP-nin şikayətinə baxılıb. Hakim Habil Məmmədov müddəti bərpa edib.

Apellyasiya məhkəməsi birinci instansiyanın hakiminin arqumentini də əsassız sayıb. Qərarda vurğulanıb ki, “Baumant Sales” LLP-nin nümayəndəsi Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda iştirak etməyib. Həmin iş üzrə məhkəmənin hökmü həmin şirkətin nümayəndəsinə elan olunmayıb. Belə olan halda, o, hökmdən xəbərsiz qalıb. Bu üzdən buraxılmış müddət üzrlü sayılmalıdır.

185 milyon manatlıq yeyinti, 70 milyon manatlıq əmlak müsadirəsi

2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədova 2022-ci il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Məmmədov “Baku Steel Company”dən 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Hökmə əsasən, onun təxminən 70 milyon manatlıq əmlakı da müsadirə olunub.

Məmmədov özünü təqsirli bilmir və apelyasiya şikayətində də ona bəraət verilməsini istəyib.

“Bir adam mənə izah eləmir ki, bütün bunlar niyə baş verir. Mən heç bir cinayət eləməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur...”, – Məmmədov birinci instansiya məhkəməsində son sözündə belə demişdi.

Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG