Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:52

Baxmuta qayıdış. ‘Səngərlər meyitlə doludur’


Ukrayna hərbçisi
Ukrayna hərbçisi

“Bizim işimiz rusiyalıların gününü qara etməkdir”. Döyüşlərdə fasilədən sonra Ukrayna ordusu Baxmutun şimal və cənub cinahlarında irəliləyir, Donetsk vilayətində bu viranə qalmış şəhəri mühasirəyə salacağına ümid edir. Ancaq yenidən küçə döyüşlərinə girməməyə, itki verməməyə çalışır.

AzadlıqRadiosunun müxbiri Aleksander Palikot Kostantinovkadan yazır. Frantsuz (fransız) ləqəbli bir əsgər deyib ki, ötən yay ad günündə Klişçiyevkada səngərdə foto çəkdirib, bu ayın sonuna yenə həmin yerdə təzə fotosunun olmasını istəyir.

Klişçiyevka Baxmutdan cənub-qərbdə yerləşən kiçik kənddir. Bir neçə aylıq döyüşlərdən sonra Baxmut Vaqner muzdlu döyüşçülərinin və digər Rusiya qüvvələrinin əlinə keçib.

Artıq beş həftədir Ukrayna min kilometrdən çox cəbhə xətti boyunca çoxdan gözlənən əkshücuma başlayıb. Cəbhə xətti isə cənubda Xerson yaxınlığından şərqdə Donbasa, Xarkov vilayətinə qədər uzanır.

Rəsmi bəyanatlar, gecə missiyaları

Müdafiə nazirinin müavini Hanna Malyar iyulun 10-da deyib ki, Ukrayna qüvvələri Baxmut yaxınlığında yüksəklikləri ələ keçirə biliblər, şəhər ətrafında giriş-çıxışları, düşmənin hərəkətlərini nəzarət saxlayaraq, Rusiya əsgərlərini mühasirəyə salırlar.

Ukrayna quru qüvvələrinin komandiri Oleksandr Sırski də həmin gün oxşar bəyanat verib, Baxmutdakı Rusiya qüvvələrinin “tələyə” salındığını deyib. Onu sözlərinə görə, Baxmutda bütün nöqtələr Kiyevin artilleriyasının hədəfindədir.

Ərazidə fasiləsiz döyüşlərin getdiyi bildirilir. Frantsuz iyulun 9-da deyib ki, o, bölüyünün üzvləri ilə birlikdə bir həftəyə yaxın Baxmut ətrafında bir neçə gecə missiyası gerçəkləşdirib.

“İşimiz boz zonaya girərək rusiyalıların gününü qara etməkdir”, – o, AzadlıqRadiosuna Ukrayna və Rusiya mövqeləri arasında heç kəsin olmadığı ərazi haqda danışıb.

Belə xüsusi qüvvələr Rusiyanın müdafiəsində zəif nöqtələri aşkarlayaraq vururlar. Onlar missiyalarını adətən gecələr icra edirlər, çünki düzənlik ərazidə qoruma zəifdir.

Meyitləri çıxara bilmirlər

“Rusiyalıların keçmişdə elədiyini edirik”, – deyən Frantsuz əlavə edib ki, Ukrayna əsgərlərinin bu yaxınlarda yenidən ələ keçirdiyi Klişciyevkaya yaxın səngərlər qışda öldürülmüş Ukrayna əsgərlərinin, onların bu yaxınlarda öldürdüyü rusiyalıların meyitləri ilə doludur.

Ancaq Rusiya qüvvələri ərazini geri almaq üçün daimi atəş altında saxladığından əsgərlər cəsədləri çıxara bilməyib. Digər tərəfdən, geri çəkilən əsgərlər meyitlərin yığışdırılmasını çətinləşdirmək üçün onların altına qumbara qoyurlar.

5-ci hücum briqadasından Aslan ləqəbli paramedik deyib ki, qışda və yazda Baxmutun müdafiəsində Ukrayna tərəfinin itkiləri xeyli az olub.

Onun sözlərinə görə, Rusiya artilleriyası da daha məhdud və selektiv olub və bu səbəbdən onun işlədiyi məntəqəyə yaralı vəziyyətdə gələn ukraynalı əsgərlərin sayı daha azdır. Amma rusiyalılar artilleriya mərmilərinin sayına görə üstünlüyü saxlayır.

Baxmut yaxınlığındakı Çasiv Yar və İvanovske faktiki yerlə-yeksan edilib. Konstantinovka və cəbhədən uzaq yerləşən Kramatorsk isə hər gün Rusiya tərəfdən bomba və raket atəşinə tutulur.

Rusiya rezerv qüvvələri işə salıbmı

Vaxtilə Baxmutun müdafiə etmiş əsgərlərin çoxu indi onun geri alınmasında iştirak edir. Belə bir spekulyasiya da dolaşır ki, ərazidəki əsgərlər döyüş zonasını hazırlayandan sonra NATO təlimi görmüş briqadalar savaşa girəcək.

Ancaq hərbi təhlilçilərin fikrincə, Rusiya hələ Ukraynanın əkshücumunu dəf etməyə strateji rezervlərini işə salmayıb. Onminlərlə əsgər Ukrayna Silahlı Qüvvələrinin mövqelərini vurmaq üçün düzgün məqamı gözləyir.

Baxmutun geri alınması həm Rusiyanın logistikasını sarsıdar, həm də Rusiya hərbi rəhbərliyinə böyük simvolik zərbə olar. Bu, Vaqner-in başçısı Yevgeni Priqojinin iyunun 23-24-də Moskva üzərinə yürüşə başlamasından daha sarsıdıcı olar. Vaqner Rusiyanın Baxmutu işğal etməsində əsas rol oynayıb.

Frantsuz Moskvanın 2014-cü ildə Donbasda qızışdırdığı müharibənin veteranıdır. O inanır ki, Baxmutu geri almaq mümkündür, ancaq asan olmayacaq.

“Qərb bizi müasir təyyarələrlə təchiz etməyib, ...bizi böyük hərbi əməliyyata görə silahlandırmır”, – o deyir. Ukrayna hakimiyyəti də gileylənir ki, Qərb silahlarının çatdırılma sürəti və həcmi əkshücumu zəiflədir.

“Onlar bizi yunan əsatirinin cəsur və mükəmməl qəhrəmanı kimi görmək istəyirlər, amma reallıq budur ki, müharibə mümkün qədər çox düşmən öldürmək deməkdir, mümkün yollarla”, – Frantsuz danışır.

Baxmutdakı qüvvələr

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda Baxmutda əməliyyat aparan Rusiya qüvvələrinin bəzilərinə “Z Fırtınası” deyirlər. Onlar Rusiya Müdafiə Nazirliyinin nəzarətindədirlər. Amma bəzi Vaqner döyüşçüləri kimi, həbsxanalardan cəlb olunublar, döyüşə aşağı təlim görərək girirlər, onları pul, azadlığa buraxmaqla şirnikləndirirlər.

Ancaq Kremlin yaxın adamı, Çeçenistan lideri Ramzan Kadırov Baxmuta çeçen qüvvələrinin yerləşdirildiyini iddia edib. Ukraynalı komandir isə AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, onlar çeçen qüvvələrə rast gəlməyiblər.

Kəşfiyyat bölüyündə xidmət keçən Yevhen Çaban AzadlıqRadiosuna deyib ki, Vaqner muzdluları gedəndən sonra Baxmutun müdafiəsinə baxan rusiyalı əsgərlərin əhval-ruhiyyəsi aşağıdır, təşkilatlanma məsələsi də pisdir.

Onun iddiasına görə, ələ keçirdikləri radio kommunikasiyaları Rusiya qüvvələrinin “logistikanın pisləşməsi, effektsiz dərmanlar”dan əziyyət çəkdiyini göstərib.

“Ordularımız texniki baxımdan çox fərqlənmir, amma biz nə uğrunda savaşdığımızı bilirik, onlar isə burda nə etdiklərini bilmirlər. Savaşmalıyıq, rusiyalılar gəldikləri yerə qayıtmalıdırlar – buna görə təslim olmayacağıq”, – Çaban vurğulayıb.

XS
SM
MD
LG