Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

Bayden seçki yarışından çıxır, Harrisi dəstəkləyir


Bayden seçkilərdə iştirakdan imtina etdi
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Bayden seçkilərdə iştirakdan imtina etdi

ABŞ prezidenti Co Bayden (Joe Biden) X platformasındakı hesabında yaydığı bəyanatda elan edib ki, ikinci dəfə prezident seçilmək fikrindən daşınıb. O bildirib ki, bu addımı üzvü olduğu "Demokratlar Partiyasının və ölkənin mənafelərini nəzərə alaraq" atıb. Amma Bayden bildirib ki, indiki prezidentlik dövrü başa çatanacan səlahiyyətlərini icra edəcək. ABŞ prezidenti onun ikinci dəfə seçilməsinə çalışanlara və vitse-prezident Kamala Harrisə gördüyü işə görə təşəkkürünü bildirib. Bayden qeyd edib ki, bu qərarının detalları ilə bağlı həftənin sonunda xalqa müraciətində ətraflı məlumat verəcək.

Son vaxtlar səhhətində yaranan problemlərə görə Demokrat Partiyasının nüfuzlu üzvləri və donorları arasında narahatlıq yaranmışdı ki, o bu durumda Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı (Donald Trump) məğlub edə bilməz. Xüsusən bir neçə həftə əvvəl Trampla debatda daha zəif göründüyü üçün onun seçki marafonundan çəkilməsi ilə bağlı çağırışlar artmışdı.

Sosial mediada öz partiyadaşlarına müraciətində Bayden builki seçkilərdə prezidentliyə namizəd kimi K.Harrisi dəstəkləyib. O bildirib ki, Harrisi 4 il əvvəl özünə vitse-prezident seçməklə özünün "ən yaxşı" qərarını vermiş olub. İndi isə onun prezidentliyə namizəd olmasını istəyir. "Demokratların bir araya gəlib Trampı məğlub etmək vaxtıdır", –o bildirib.

Seçki bu il noyabrın 5-də keçiriləcək.

'Baydenin geri çəkilməsi təəccüblü deyil'-ABŞ prezidentinin seçkidən çəkilməsinə şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Harrisi birincilikdən uzaqlaşdırmaq 'çox çətin' olacaq

Bir çox demokratlar, o cümlədən keçmiş prezident Bil Kinton (Bill Clinton) Harrisin Demokrat Partiyasından namizəd olmasını dəstəkləyib. Ancaq Harrisin partiyadan namizəd olmaqda hansısa əngəllərlə üzləşib-üzləşməyəcəyi bəlli deyil.

Milli Demokrat Komitəsinin sədri Ceymi Harrison (Jaime Harrison) deyib ki, partiya tezliklə nominasiya prosesi ilə bağlı şərh verəcək.

Bayden son 50 ildən artıq bir müddətdə partiyadan namizəd olmaqdan imtina edən ilk vəzifədə olan ABŞ prezidentidir.

"Əsas məsələ odur ki, onu (Harrisi) bir sıra səbəblərdən siyahıda birincilikdən uzaqlaşdırmaq çox çətin olacaq", -- Corc Vaşinqton Universitetində tarixçi və siyasi elmlər professoru Metyu Dallek (Matthew Dallek) AzadlıqRadiosuna deyib.

"O, Baydenin dəstəyini alıb. Onun indi kampaniya infrastruktura və kampaniya dollarlarına çıxışı ola bilər. O, dörd ildir vitse-prezidentdir. Çox vaxt qalmayıb. Fikrimcə, Demokratlar Partiyasının ilk afroamerikalı qadın vitse-prezidenti namizəd kimi ağdərili kişi ilə əvəzləməsi çox çətin ola bilər", - o söyləyib.

Avqustun 9-21-də Demokratlar Partiyasının milli qurultayı keçiriləcək.

Demokratiyaya risk

Demokratlar hazırda seçkini uduzmağın çox şeyə, hətta demokratiyanın özünə də risk yaratdığını deyirlər.

Tramp 10 ilə yaxın siyasi karyerasında Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın baş naziri Viktor Orban kimi avtoritar liderləri tərifləyib.

2017-2021-ci illərdə prezident olan Tramp NATO-nun birliyinə zərbə vurub, Ali Məhkəmədə siyasi spektrin sağ qanadının çəkisini artırıb, 2020-ci ildə seçkinin nəticələrini dəyişməyə çalışıb.

Bayden 2020-ci ildə Trampa qalib gəlib, əsas svinq (tərəddüdlü) ştatlar olan Pensilvaniya, Viskonsin, Miçiqanda cüzi fərqlə sıxışdırıb.

Rəy sorğuları 78 yaşlı Trampın əsas ştatların bəzilərində Baydeni üstələdiyini göstərir. Respublikaçıların namizədi iyulun 13-də Pensilvaniyada seçki mitinqində sui-qəsd cəhdindən sağ çıxandan sonra bu tendensiya güclənir.

Harris ilk ola bilər

Respublikaçı liderlər dərhal Harrisə Bayden administrasiyası siyasətindən dolayı hücuma keçiblər. Bəziləri deyirlər ki, Bayden prezidentlik postunu idarə edə bilmirsə, istefa verməlidir. Təhlilçilər isə bu ehtimalı real saymırlar.

Demokratların namizədi seçilərsə, keçmiş prokuror və Kaliforniyadan senator olan 59 yaşlı Harris qaradərili qadın kimi ölkə tarixində ilkə imza atacaq.

O, administrasiyada immiqrasiya, seçki hüquqları, reproduktiv hüquqlar kimi bir sıra məsələlərlə məşğul olub. 3 il vəzifədə olduğu müddətdə xaricə azı 12 səfər edib, 150-yə yaxın liderlə görüşüb. O, ötən ay İsveçrədə Ukrayna sülh samitində Birləşmiş Ştatları təmsil edib.

Demokratlardan digər mümkün namizədlər kimi Kaliforniyanın qubernatoru Qevin Nyusom (Gavin Newsom), Miçiqandan Qretxen Uitmer (Gretchen Whitmer), Pensilvaniyadan Coş Şapiro (Josh Shapiro), İllinoysdan Cey Robert Pritskerin (J.B.Pritzker) adları çəkilir.

Harrisin də reytinqi Bayden kimi o qədər də yüksək deyil. Ancaq ekspertlərin fikrincə, onu bir çox amerikalılar yaxşı tanımır, ölkə boyunca seçki tədbirlərində imicini yaxşılaşdıra bilər.

XS
SM
MD
LG