Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Məsələ təkcə Xaşoqidə deyil... – Qərb mediası


 Məhəmməd bin Salman (solda) və Misir Prezidenti Əbdül-Fəttah əl-Sisi, 21 iyun, 2022-ci il
Məhəmməd bin Salman (solda) və Misir Prezidenti Əbdül-Fəttah əl-Sisi, 21 iyun, 2022-ci il

Martın əvvəlində “The Atlantic” şahzadədən soruşub ki, ona elə gəlirmi, Bayden onu səhv başa düşüb. Bin Salman belə cavab verib: “Sadəcə, vecimə deyil. Qoy Amerikanın maraqları haqda o düşünsün”.

ABŞ Prezidenti Co Bayden bu həftə Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına da gedəcək. Səfərin gündəminə enerji təhlükəsizliyi, Səudiyyə və İsrailin yaxınlaşması, Yəməndə atəşkəs, İrana qarşı daha möhkəm regional cəbhənin yaradılması daxildir.

“CNBC” bu səfərin xeyli tənqidə səbəb olduğunu qeyd edir. Səfəri “biabırçı” güzəşt adlandıranlar var. Məsələ ondadır ki, Bayden seçki kampaniyasında və prezidentliyinin ilk aylarında krallığa qarşı sərt mövqe sərgiləyirdi.

Vəziyyət dəyişib...

2018-ci ildə səudiyyəli jurnalist, krallığın açıq tənqidçisi Camal Xaşoqi Səudiyyənin İstanbuldakı səfirliyində qətlə yetirilib, onun cəsədi indiyədək tapılmayıb. ABŞ kəşfiyyatı bu qətlin arxasında Vəliəhd şahzadə Məhəmməd bin Salmanın durduğunu açıqlayıb. Səudiyyə hökuməti isə ittihamı rədd edib.

“İndi vəziyyət dəyişib. ABŞ-da benzin indiyədək olmadığı həddə bahalanıb. Rusiyanın Ukraynada apardığı müharibə qlobal neft təchizatını məhdudlaşdırıb və Bayden Səudiyyə Ərəbistanıyla İsrailin gerçəkdən dost olmasını istəyir. Görəsən, səfər yöndəmsiz üzrxahlığa bənzəyəcək, yoxsa iki ölkənin qarşılıqlı maraqlarında yenidən təkan verməyə?”, – CNBC qeyd edir.

Bayden 2019-cu ildə seçki kampaniyası dövründə Səudiyyədə insan haqları pozuntularını açıq tənqid edib. Onu da deyib ki, Kral Salmanı öz tərəfdaşı hesab edir, nəinki krallığı idarə edən 36 yaşlı vəliəhd şahzadəni.

“Sadəcə, vecimə deyil”

Məlumatlara görə, şahzadə martda Baydenin zənginə cavab verməyib. O zaman ABŞ Rusiyadan neft idxalını yasaqlayandan sonra Körfəz ölkələrini neft hasilatını artırmağa çağırırdı.

Martın əvvəlində “The Atlantic” şahzadədən soruşub ki, ona elə gəlirmi, Bayden onu səhv başa düşüb. Bin Salman belə cavab verib: “Sadəcə, vecimə deyil. Qoy Amerikanın maraqları haqda o düşünsün”.

Şənbə günü “The Washington Post”da çıxmış yazısında Bayden yazıb ki, lap əvvəldən məqsədi “80 illik strateji tərəfdaşla münasibətləri kəsmək deyil, yenidən oriyentasiya etmək olub”. O, regionda sabitlik və Amerikanın maraqları naminə ABŞ-Səudiyyə münasibətlərinin vacibliyini vurğulayıb.

Səudiyyəli təhlilçi Əli Şihabi Baydenin səfərini zədələnmiş münasibətlərdə gücləndirici vasitə kimi görür. O, Bayden administrasiyasının səhvini məhz seçki ritorikasının “realizm divarına zərbə vurması”nda görür.

Bayden insan haqlarının səfər gündəmində olacağını desə də, müşahidəçilər təhlükəsizlik və enerji məsələləri fonunda bunu real saymırlar.

Bayden Səudiyyə məsələsini gözardı edə bilməz

“Səudiyyə hökumətinin Xaşoqini İstanbuldakı konsulluqda qətlə yetirməsi avtoritar rejimlərin bütün dünyada necə işlədiyinə nümunə idi: transmilli repressiya – avtokratik hökumətlərin öz sərhədləri xaricində tənqidçiləri hədəfə almaq, qorxutmaq və ziyan vurmaq kimi ziyanlı təcrübəsidir”. Bunu isə “Politico” dərgisində “Freedom House” insan haqları təşkilatının Prezidenti Maykl Abramovits və qurumun aparıcı tədqiqatçı təhlilçisi Yana Qoroxovskaya yazırlar.

“Prezident Bayden səfər zamanı Xaşoqinin qətlinə görə vəliəhd şahzadəni bağışlayan kimi görünəcək heç nə deməməli, yaxud etməməlidir. Prezident Bayden Səudiyyə hakimiyyətinə deməlidir ki, Birləşmiş Ştatlar və demokratik müttəfiqləri transmilli repressiyaya dözməyəcək”, – müəlliflər yazır.

Məqalədə deyilir ki, Səudiyyə hakimiyyəti siyasi məhbusları saxlayır, qadın hüquqlarını boğur, ölkədə narazıları susdurur. Hökumət azı 14 ölkədə tənqidçilərini fiziki və rəqəmsal taktika ilə hədəfə alıb. Salman hökuməti təkcə öz tənqidçilərini hədəfə almır, Türkiyə, Sudan, Misir və Çinə də transmilli repressiya həyata keçirməkdə kömək edir. Dəfələrlə uyğurlar saxlanaraq Çinə verilib. Çin təlim düşərgələri adlandırdığı mərkəzlərdə uyğurlara ağır insan haqları pozuntularına, o cümlədən işgəncəyə məruz qoyur.

Müəlliflər Baydeni bin Salmanla görüşdə transmilli repressiya məsələsini qaldırmağa çağırırlar.

XS
SM
MD
LG