Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:58

'Nəcməddin Sadıqov, Mais Bərxudarov məhkəməyə gəlsin...'


Bəkir Orucov
Bəkir Orucov

Beyləqanda 2017-ci ilin mayında hərbçilərə kütləvi işgəncələrə görə cəzalandırılan general-mayor Bəkir Orucov tələb edir ki, Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovla korpus komandiri Mais Bərxudarov gəlib məhkəmədə cavab versin. Onun vəkili Elvin Rzayev bu barədə Bakı Apellyasiya Məhkəməsində vəsatət qaldırıb.

B.Orucov 2022-ci ilin sentyabrında həbs olunarkən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirmiş. O, 2017-ci ildə - işgəncələr baş verən dövrdə Beyləqan korpusunda qərargah rəisi olub. Ötən il dekabrın 28-də ona 9 il 6 ay həbs cəzası kəsilib.

İstər B.Orucov, istərsə onunla birgə mühakimə olunan 4 nəfərin heç biri özünü təqsirli bilmir.

Söhbət Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı olmuş İntiqam Məmmədovla Beyləqan korpusunun keçmiş təhqiqatçısı Rahib Məmmədovdan, korpusun təlimatçısı Ülvi Rəşidovla snayper bölüyünün komandiri Ziya Kazımovdan gedir. Ü.Rəşidov və Z.Kazımovun hər biri 9 il 6 ay, digərləri isə 6 il 6 ay azadlıqdan məhrum edilib. Bu üzdən, 5 nəfərin hamısı Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bütün vəsatətlər rədd edilib

Bakı Apellyasiya Məhkəməsində onların şikayətləri üzrə ilkin baxış iclasında təqsirləndirilən şəxslər və onların vəkilləri birinci instansiya məhkəməsindəki araşdırmalardan narazılıq ediblər. Onlar deyiblər ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev Beyləqan hadisələrinin obyektiv araşdırılmasından ötrü dindirilməsi vacib vəzifəlilərin heç birini məhkəməyə çağırmayıb. Bu azmış kimi, əksinə, bu barədə vəsatətlərin hamısını rədd edib.

Vəkillər, heç olmasa, apellyasiya instansiyasının belə bir ictimai önəmli hadisəni ciddi araşdırmasını istəyiblər. Bu üzdən, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılması barədə vəsatət qaldırıblar.

General Orucovun vəkili keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovla Beyləqan korpusunun komandiri Mais Bərxudarovun çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb.

B.Orucov məhkəmədə bildirmişdi ki, işgəncəyə məruz qalan hərbçilər Bərxudarovun hazırladığı, Sadıqovun təsdiqləyib göndərdiyi siyahı əsasında sorğu-suala cəlb olunublar.

Təqsirləndirilən generalın sözlərinə görə, sözügedən siyahıda xəyanətdə şübhəli bilindiyi iddia olunan hərbçilərin adları varmış.

"Burada da işə güzgün baxılmayacaqsa..."

Digər təqsirləndirilən Ü.Rəşidovun vəkili də Bərxudarovun dindirilməsinin vacibliyini vurğulayıb. O, qaldırdığı vəsatətdə olaylar vaxtı Beyləqan korpusunda Bərxudarovun müavini olmuş polkovnik Elşad Əbilovun da məhkəməyə çağrılmasını istəyib.

Amma apellyasiya məhkəməsinin hakimləri qaldırılmış vəsatətlərin heç birini təmin etməyiblər. İşə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib.

"Əgər Bakı Hərbi Məhkəməsi kimi, burada da işə düzgün baxılmayacaqsa, o zaman niyə vaxt itkisinə yol verək? Elə birbaşa qərarı elan eləyin, biz də işimizi bilək", - polkovnik Z.Kazımovun vəkili Bəhruz Bayramovun sözləridir.

Məhkəmə baxışı fevralın 28-də davam edəcək.

"Nə danışırsa, danışsın..."

General Orucov çıxışında Müdafiə naziri Zakir Həsənovu, N.Sadıqovu, M.Bərxudarovu ittiham edib. O, Beyləqandakı hadisələrin bu şəxslərin nəzarəti və göstərişiylə baş verdiyini söyləyib. B.Orucovun sözlərinə görə, bu adamların əvəzinə onları qurban seçərək, cəmiyyətin gözündən pərdə asırlar.

General-leytenant M.Bərxudarov ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə belə münasibət bildirmişdi: "Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...".

XS
SM
MD
LG