Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:33

Belaruslu fəal: ‘Mən quldurların qarşısında ayağa qalxmıram’


Poıina Şarendo-Panasyuk
Poıina Şarendo-Panasyuk

Belarusun Brest şəhərində “Avropa Belarusu” təşkilatının fəalı Polina Şarendo-Panasyukun məhkəməsi olub.

Şarendo-Panasyuk evində axtarış aparılarkən və əri həbs edilərkən milisləri və Alyaksandr Lukaşenkanı təhqir etdiyinə görə cəzasını ümumi rejimli kolonda çəkməklə 2 il müddətinə azadlqıdan məhrum edilib. Hökmə görə o habelə üç milisə mənəvi ziyan vurduğuna görə 4500 Belarus rublu (1800 dollar) cərimə ödəməlidir. Onun iki azyaşlı övladı var.

Fəal iyunun 9-da keçirilən məhkəməsində ifadə verməkdən imtina edib. O özünə qarşı cinayət işini siyasi motivli adlandırıb:

"Mən ifadəni yalnız Lukaşenkanın cinayətlərinə baxan beynəlxalq məhkəmədə verəcəyəm”.

İttihamnaməyə görə fəal dekabrın 29-da “Brest. Şayiələr və faktlar” adlı Telegram kanalında video yerləşdirib.

Video onun siyasi fəal olan həyat yoldaşının həbsini əks etdirirdi. Müstəntiqlər onun bu videoda milisləri nalayiq sözlərlə təhqir etdiyini bildirirlər.

Bunun ardınca onu milis şöbəsinə aparıblar. O şöbədə izahat yazmaqdan imtina edib və yalnız deyib ki, “siyasi repressiya faktlını təsdiq edir”.

Şarendo-Panasyuk ötən fevralda psixiatrik ekspertizaya göndərilib və ekspertiza onun ruhi sağlam olduğunu təsdiqləyib.

Fəal təcridxanada saxlandığı müddətdə burada baş verən işgəncələr barədə kənara məlumat ötürə bilib.

Məhkəmə

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Şarendo-Panasyukun işi üzrə məhkəməni hakim Yevgeni Breqan aparırdı.

AzadlıqRadiosunun Belarus xidməti məhkəmədə hakimlə müttəhim arasında dialoqun tam mətnini dərc edib:

– Müttəhim, zəhmət olmasa, ayağa qalxın.

– Mən quldurların qarşısında ayağa qalxmıram.

– Məhkəmə iclasında siz ifadəni ayaq üstdə verməlisiniz, bu sizə aydındırmı? Qaydanı pozduğunuza görə məhkəmə zalından çıxarıla bilərsiniz. Nə vaxtdan saxlanmısınız?

– Yanvarın 3-də əsir götürülmüşəm.

– Prokurorun cinayət işinin məhkəməyə göndərilməsinə dair məktubunun surətini almısınızmı?

– Bilirsiniz, mən sizin quldur kağızlarınızla çox da maraqlanmıram. Bütün bu kağızlar lukaşizm devriləndən sonra beynəlxalq məhkəməyə veriləcək.

– Hüquq və vəzifələriniz sizə aydındırmı?

– Mən sizi hakim hesab etmirəm.

– Sizə izah edirəm, siz hakimdən imtina edə bilərsiniz.

– Siz hakim deyilsiniz.

– Mənim bu cinayət işinə baxmağıma etibar etmirsiniz?

– Belarusda yalnız bir cinayət işi ola bilər – hakimiyyətin qəsb olunması faktı üzrə.

– Ayağa qalxın!

– Mən yalnız ona görə qalxıram ki, mənə zor tətbiq olunub. Bunu Lukaşenkanın şəxsi həbsxanasına çevrilmiş təcridxanada ediblər. Demək olar bütün siyasi məhbuslara qarşı zor tətbiq olunur.

– Mən sizdən başqa şey soruşuram?

– Siz məhkəmə deyilsiniz. Siz özünüzü Stalin üçlüyü, səhra jandarmeriyası adlandıra bilərsiniz. Siz legitim məhkəmə deyilsiniz. Mənə daha sual verməyin.

– Deməli siz mənim hakimliyimdən imtina edirsiniz? Nəyə görə?

– Mən bütün sistemdən imtina edirəm.

Bundan sonra hakim müşavirə otağına gedib qayıdır və onun hakimliyindən imtina edilməsinin əsaslandırılmadığını elan edir.

Prokuror ittihamı oxuduqdan sonra hakim müttəhimdən hər şeyi başa düşüb-düşmədiyini soruşub:

– Bu siyasi təqibdir. Mən nə təqsirli, nə də təqsirsiz ola bilmərəm.

– Deməli, özününzü təqsirli bilmirsiniz, sizi düz başa düşdüm?

– Siz özünüzü təqsirli sayırsınız?

– Məhkəməyə sual vermirlər.

– Siz siyasi repressiyada iştirak edirsiniz.

– Sual geri götürülür.

– Yox, sual geri götürülmür. Seçkinin saxtalaşdırılması işi hələ bağlanmayıb. O iş o vaxt bağlanacaq ki, Lukaşenka hakimiyyətdən kənarlaşdırılacaq və bu sarsaq proseslərdə iştirak edənlərin, adamları ələ salanların, cinayətkar əmrlər verənlərin əsl məhkəməsi olacaq. Bax onda bu sual bağlanacaq. Bu məhkəmənin bir əhəmiyyəti var ki, bizə burda iştirakçı olan adamların kimliyi məlum oldu. Sonra deyə bilməyəcəklər ki, biz iştirak etməmişik, günahımız yoxdur.

“Üstündə oturduğunuz stul sizdən ləyaqətlidir”

Bundan sonra fəal üzünü birinci sırada oturan hüquq-mühafizə əməkdaşlarına tutub:

“Adlarınızı, rütbələrinizi deyin. Siz də məsuliyyətə cəlb olunacaqsınız. Siz hələ necə bir zibilə düşdüyünüzü anlamırsınız. Bu damğa sizin üstünüzdə həmişəlik qalacaq”.

Polina Şarendo-Panasyuk son sözlə hakimə müraciət edib:

"Mən bilirəm ki, siz yalnız danışan bir başsınız. Üstündə oturduğunuz stul sizdən ləyaqətlidir, cənab Breqan. Burda oxunan hökmlər qanuna yox, qanunsuzluğun zoruna əsaslanır. Bütün hökmlər əvvəlcədən yazılır və imzalanır. Ona görə də sizin, belə demək mümkündürsə, bütün bu strukturlarınızın bütün hökmləri, o cümlədən mənim barəmdə hökm heç bir hüquqi gücə malik deyil, qanunsuzdur və mən onu tanımıram”.

Müttəhim hökm oxunduqdan sonra başı üzərinə “Rədd olsun qəsbkar!” yazılmış plakatı qaldırıb.

Polina Şarendo-Panasyuk kimdir

Polina Şarendo-Panasyuk və onun əri Andrey Brest vilayətində tanınmış siyasi fəallardır. Onlar Zubr hərəkatında tanış olublar. Birlikdə “Molodoy front” hərəkatında olublar.

Andrey indiyədək iki dəfə saxlanıb. 2019-cu ildə Polina “Avropa Belarusu” hərəkatından parlamentə namizəd olub, lakin telemüraciətində Lukaşenkanı “diktator” adlandırdıqdan sonra namizədliyi ləğv olunub.

Andrey 2020-ci ilin seçki kampaniyası dövründə üst-üstə 70 gün saxlanıb. O hazırda ev məhbusudur. O da Lukaşenkanı təhqir etməkdə ittiham edilir. Hüquq müdafiəçiləri Andreyi siaysi məhbus elan ediblər.

İki övladları var. Slavomir 11, Stax 4 yaşındadır.

XS
SM
MD
LG