Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:20

'Bələdiyyələr dövlət orqanları sisteminə daxil olunmalıdır'


Rüşvətlə 'seçilən' bələdiyyə sədrliyi
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Rüşvətlə 'seçilən' bələdiyyə sədrliyi (2022)

Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən, yaxud min evdən az olan bələdiyyələrin birləşdiriləcəyi gözlənir. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov danışıb.

Qanunun qəbulundan sonra hazırda Azərbaycanda mövcud olan bələdiyyələrin azı 2/3-sinin birləşəcəyi gözlənir.

Bundan əvvəl də Azərbaycanda bələdiyyələr birləşdirilib. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyə birləşdirilib və onların sayı min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı yenə aşağı salınıb və hazırda min 606-dır.

M.Əfəndiyev
M.Əfəndiyev

"Beynəlxalq təcrübə milliləşməlidir..."

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, bələdiyyələr hər il onların işini koordinasiya edən Ədliyyə Nazirliyinə hesabatlar hazırlayırlar. Deputatın sözlərinə görə, bu il təqdim olunmuş məruzədə də onların işində müasir çağırışlara cavab verməyən bəzi hallar görünüb.

Deputat xatırladır ki, artıq buna qədər bələdiyyələrin sayı azaldılıb: "Ona görə ki, bir çox kəndlərdə bələdiyyələrin fəaliyyəti nəinki görünmürdü, onlar heç fəaliyyət təşkil edə bilməmişdilər. Ona görə də onlar daha böyük və işini yaxşı təşkil edən bələdiyyələrlə birləşdirilib. Bu il də millət vəkillərin tövsiyələri ona gətirib çıxarıb ki, bələdiyyələrin birləşməsi məqsədəuyğun hesab edilsin. Bu istiqamətdə yeni qanun layihəsi hazırlanır".

Komitə üzvünün vurğulamasına görə, yeni qanun bələdiyyələrin sayının azalmasını, maliyyə dayanaqlığını təmin etmələri üçün onlara əlavə dəstək verilməsini nəzərdə tutur: "Bu qanun ərsəyə gəldikdən sonra daha maraqlı və faydalı məsələlər orada öz yerini tapacaq. Azərbaycan hökuməti bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq qabaqcıl təcrübəni öyrənir. Amma hər ölkənin, regionun öz xüsusiyyətləri var, ona görə də bu beynəlxalq təcrübə milliləşməlidir ki, bələdiyyələrin işi təkmilləşsin".

H.Həsənov
H.Həsənov

"Birinci növbədə referendum yolu ilə Konstitusiyada dəyişiklik..."

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə mövzu ilə bağlı başqa cür düşünür. O, AzadlıqRadiosuna bildirib ki, bələdiyyələrin statusuna yenidən baxılmalı və onlar dövlət orqanları sisteminə daxil edilməlidir: "Bələdiyyələrin yığdığı vergilər, dövlətdən onlara ayrılan dotasiyalar yox dərəcəsindədir... Yaxşı olardı ki, birinci növbədə referendum yolu ilə Konstitusiyada dəyişiklik edib bələdiyyələrin statusu genişləndirilsin".

Onun sözlərinə görə, regional icra hakimiyyətləri ləğv olunmalı və bütövlükdə səlahiyyətlər bələdiyyələrə verilməlidir: "Dəfələrlə Avropa Şurasının ekspertləri bu fikirləri səsləndiriblər. Ona görə də bələdiyyələrin statusu dəyişməyəcəksə, real maliyyə imkanları olmayacaqsa, səlahiyyətlərinə uyğun hüquqi təminatları, iqtisadi əsasları olmayacaqsa, onların birləşdirilməsi heç nəyi həll etmir".

Xatırlatma

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu il gözlənir.

Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir.

XS
SM
MD
LG