Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:54

Bəxtiyar Hacıyev: 'Mən istintaq təcridxanasında girovam'


Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır

Bir ildən çoxdur həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin mühakiməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Dekabrın 29-da - bu iş üzrə məhkəmənin hazırlıq iclasında B.Hacıyevin anket məlumatları dəqiqləşdirilib. Hakim anket bilgilərini açıqlarkən indi onun Bakı İstintaq Təcridxanasında saxlandığını bildirib. Buna B.Hacıyevin reaksiyası belə olub: "Mən orada saxlanmıram, girovam...".

İctimai fəal deyir ki, ona qarşı irəli sürülmüş ittihamların mahiyyəti ona aydın deyil.

Məhkəmədə o da məlum olub ki, B.Hacıyev ittiham aktını bir gün öncə - dekabrın 28-də alıb. Qanuna görə, ittiham aktı - təqsirləndirilən şəxsin hüquq və vəzifələri yazılmış bildiriş ona, ən azı, yeddi gün öncə çatdırılmalıdır. Bu tələbə əməl olunmasa və ictimai fəal məhkəmə iclasının davam etdirilməsini istəsə də, prokuror buna etirazını bildirib. O, prosesin davam etdirilməsinin qanun pozuntusu olacağını deyib.

Bu üzdən, ictimai fəalın məhkəməsi yanvarın 7-nə ertələnib.

Xatırlatma

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-dan həbsdədir. Həbs olunarkən ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilmişdi. Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloqer Ülviyyə Muradova (Alovlu) arasındakı insident əksini tapıb.

Hazırda B.Hacıyevin məhkəməsində iki nəfər – sözügedən Ü.Muradova və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev zərərçəkmiş qismində tanınıblar.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

O özünü təqsirli bilmir, bütün bu ittihamların əsassız olduğunu deyir. B.Hacıyev iddia edir ki, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə və onun sifarişi ilə həbs olunub.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG