Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:56

Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından imtina edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev bu gün, avqustun 23-də Azərbaycan vətəndaşlığından çıxmaq üçün Prezident Administrasiyasına ərizə təqdim edib. O, bu addımı ölkədə həyatına hədə-qorxunun artması ilə izah edib.

"Mənə məlumat verildi ki, ərizə miqrasiya xidmətinə nəzarət edən şöbəyə veriləcək", - o deyib.

Fəalın sözlərinə görə, ona 15, əlavə araşdırmaya ehtiyac olarsa, 30 günə cavab veriləcəyi bildirilib.

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev saxlanıb yenidən təhdid edildiyini deyir

İctimai fəal Bəxtiyar Hacıyev bu gün, avqustun 22-də Bakıda gündüz saatlarında küçədə saxlanaraq fiziki təzyiqə məruz qaldığını bildirir. Fəalın sözlərinə görə, avqustun 22-də o, piyada ofisə gedərkən yolda mülki geyimdəki bir şəxs ona tərəf qaçmağa, onu tutmağa çalışıb: "Mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq yaxınlaşan şəxsin kim olduğunu bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdilər, bir neçə nəfər zorakılıqla məni maşına mindirdilər".

O qeyd edib ki, onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: "Maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar. Əbülfət Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi, dedi, biz güc nazirliyiyik, sənlə güclə danışırıq, bir də belə olsa, səni həbsə göndərəcəm".

B.Hacıyev bildirib ki, vəkil tələb etsə də, buna imkan verilməyib: "Bir müddət sonra ekranını çatlatdıqları telefonumu gətirdilər, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı postları silməyi tələb etdilər… Postları sildirdilər. Dörd ay əvvəl maskalı şəxslər tərəfindən oğurlananda da Vilayət Eyvazovla bağlı postları sildirmişdilər… Daha sonra əməliyyatçılar tranzit nömrəli maşınla məni gətirib ofisimizin qarşısında düşürdülər".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Dörd ay əvvəl…

İctimai fəal B.Hacıyev bundan əvvəl də bildirmişdi ki, bu il aprelin 21-də saat 23:00 radələrində Bakı şəhərində evə gedərkən küçədə qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirib və naməlum yerə aparıblar: "Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim".

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarını silsin: "Bu tələblə əksər postları sildirdilər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də B.Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı: "Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb".

Bundan sonra şikayətə əsasən Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı bildirilib. Amma, hələlik, həmin cinayət işinin nəticəsi açıqlanmır.

İctimai fəal prezidenti məhkəməyə verdi
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina etmək istəyir

İctimai fəal Bəxtiyar Hacıyev bu gün, avqustun 22-də mətbuata açıqlama verərək Azərbaycan vətəndaşlığından çıxmaq üçün ölkə başçısına müraciət etmək fikrində olduğunu bildirib. Onun sözlərinə görə, müraciətin səbəbi ölkənin güc strukturlarının vətəndaşlarla davranışıdır: "Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıra da bilərdilər, bildiriş də göndərə bilərdilər, amma məni günorta döyə-döyə küçədən oğurlayıblar".

Gənc fəal həmin müraciəti yazılı formada ölkə başçısı İlham Əliyevə çatdırmaq məqsədilə Prezident Administrasiyasına yollanıb. Amma polis Administrasiyanın yaxınlığında onun qarşısını kəsərək buna imkan verməyib. Polislər bildirib ki, prezidentin qəbul şöbəsi hazırda Nərimanov rayonu ərazisində yerləşir.

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG