Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Beynəlxalq Bank işi: 'Müdiriyyətə 'yox' deyə bilməzdi…'


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin haqqındakı ikinci cinayət işində onunla birlikdə mühakimə olunanlar arasında keçmiş polis əməkdaşı da var – Ramiz Kərimov. O da bankdan milyonlarla kredit götürüb mənimsəməkdə suçlanır. Ancaq özünü təqsirli bilmir.

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun vəkili bu barədə danışıb. Deyib ki, R.Kərimov uzun müddət işsiz qalıb. Axırda məcburiyyət qarşısında qalıb, keçmiş deputat Dünyamin Xəlilovun nəzarətində olan şirkətə işə düzəlib.

Vəkil deyir ki, Beynəlxalq Bankdan onun adına götürülmüş kreditlərdən bir manat da R.Kərimova çatmayıb: «Ramiz Kərimov uzun müddət işsiz qalıb. Daha sonra mühafizə xidmətinə işə düzəlib. Müdiriyyətin istəyi ilə sənədləri imzalayıb. Uzun müddət işsiz qalan bir adam müdiriyyətin bu istəyinə necə «yox» deyə bilərdi?».

Müdafiəçi bildirib ki, müvəkkilinin mütəşəkkil cinayətkar qrupun üzvü olması ittihamı da əsassızdır. Onun sözlərinə görə, R.Kərimov bu işdə təqsirləndirilən 22 nəfərdən böyük əksəriyyətini, o cümlədən dəstənin başçısı kimi təqdim olunan C.Hacıyevi şəxsən tanımayıb.

Vəkilin sözlərinə görə, bankın pulunu R.Kərimovun mənimsədiyini təsdiqləyən fakt da yoxdur: «Ona görə də Ramiz Kərimovun haqqında bəraət hökmü çıxarılmasını xahiş edirəm».

Təqsirləndirilən Sadiq Murtuzayevin vəkili məhkəmənin gedişindən gileylənib. Deyir ki, necə ki istintaq, eləcə də məhkəmə Beynəlxalq Bank işini ətraflı araşdırmadı, həqiqətləri ortaya çıxarmadı. Müvəkkilinin bankın pulunu mənimsəmədiyini vurğulayan vəkilin sözlərinə görə, kredit S.Murtuzayevin adına götürülsə də, ona həmin puldan verilməyib. Müdafiəçi S.Murtuzayevin əmlakının üstündən həbsin götürülməsini də xahiş edib.

Keçmiş deputat D.Xəlilovun vəkili isə çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib. Məhkəmə ona avqustun 26-na qədər vaxt verib.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG