Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:15

Biləcəri sakinləri: 'Tikintidən ötrü ağacları kökündən çıxarıb...'


Bakı. Biləcəri qəsəbəsi. Ağacları kökündən çıxarıb tikinti aparırlar.
Bakı. Biləcəri qəsəbəsi. Ağacları kökündən çıxarıb tikinti aparırlar.

"3 ay əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament işçiləri gəldi, ağac kəsimini dayandırdı. Biz həmin ağacların yerinə yenilərini əkdik, qulluq etdik. Düşündük ki, məsələ bitib, ancaq ötən həftə qəfil hasarlama işləri başladı, əkdiyimiz ağacları kürüyüb kənara atdılar. İndi də özül qazırlar".

Bunu AzadlıqRadiosu-na Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsinin sakini Südabə Babazadə deyir.

Buna da bax:​ 'AAAF park' sakinləri: 'Deyirlər, İlham Əliyevin əmridir...'

“AĞACLARI MƏHV EDİB OBYEKT TİKİRLƏR”

Bu ilin mayında Asəf Zeynallı küçəsi 22a və Mehdi Hüseyn küçəsi 17 ünvanında – üzbəüz iki binanın arasındakı ərazidə ağaclar kəsilib. Müxtəlif dövlət orqanlarına şikayət edən sakinlər həmişəyaşıl 30 ağacdan yalnız 17-sini xilas edə biliblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi işə əl qoyub, ərazidə tikinti aparmağa hazırlaşan şirkətin ağac kəsimi dayandırılıb.

Tikinti sahəsindən görüntü.
Tikinti sahəsindən görüntü.

Sakinlər kəsilmiş ağacların yerinə yenilərini əkiblər, şirkətsə geri çəkilərək ərazidən uzaqlaşıb. Lakin oktyabrın 2-də ərazidə yenə canlanma yaranıb. 3 ay əvvəl geri çəkilmiş şirkət yenidən peyda olub. Ərazidə yaşayan başqa sakin Qurban Qurbanov deyir, şirkətin ilk işi yenə ağac kəsmək olub:

Buna da bax: Qaratorpaqda torpaqlarını itirmək qorxusuyla yaşayanlar

"Əkdiyimiz ağacları kökündən çıxarıb tulladılar. O biri ağacları isə kökündən çıxarıb hamısını bir az aralıda – bir küncdə əkdilər. Halbuki, özləri də bilirlər, çox dar yerdə əkilmiş iyirmiyə yaxın ağac orada əmələ gəlməyəcək. İki gündür ki, qazıntı işləri aparırlar. Sakinlərə heç nə demirlər, nə tikirlər, niyə tikirlər, bilmirik. Gah deyirlər, çayxana olacaq, gah deyirlər, uşaq bağçası olacaq, gah da deyirlər, iri ticarət mərkəzi olacaq. Bircə onu bilirik ki, hər nədirsə, qeyri-yaşayış sahəsidir. Bir sözlə, gediş-gəliş yolumuzu kəsib, ağacları məhv edib obyekt tikirlər".

Tikinti sahəsindən görüntü.
Tikinti sahəsindən görüntü.

“VƏTƏNDAŞ SÖZÜNÜ KİMƏ DESİN?”

İş orasındadır ki, bu dəfə sakinlərin səsinə səs verən də olmayıb. Onların deməsinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu dəfə onların şikayətinə biganə qalıb. Qurban Qurbanov:

"Belə çıxır ki, hamı pulunu aldı, oturdu yerində... 3 ay əvvəl yekə-yekə danışan dövlət qurumları da susduruldu... Çayxana tikən də o boyda qurumu susdura bilirsə, biz vətəndaşların əlindən nə gəlir ki... Vətəndaş sözünü kimə desin ki..."

Buna da bax:​ Sakinlər: 'Yolları qazırlar, xəbərdarlıq nişanları qoymurlar'

Binəqədi rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvanda aparılan tikinti qanunidir. Qurumun əməkdaşı: "İndi yadımda deyil orda dəqiq nə tikilir, məlumat toplayıb, əlaqə saxlayarıq. Ancaq işlərin qanuni olmasına qəti şübhəniz olmasın. O boyda tikinti qanunsuz aparıla bilməz".

Tikinti sahəsindən görüntü.
Tikinti sahəsindən görüntü.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvanda tikinti işləri aparmağa hazırlaşan şirkətə cərimə tətbiqi və xəbərdarlıqdan sonra şirkət özü ağacların təxliyəsini gerçəkləşdirib. Ağaclar kökündən çıxarılaraq başqa əraziyə köçürülüb. Ağacların əkildiyi yeni ərazi onların gələcəkdə inkişafı üçün münasib hesab olunur.

XS
SM
MD
LG