Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:39

Bədənində 10 qəlpə gəzdirən könüllünün şikayəti


İlham Ağacanzadə
İlham Ağacanzadə

“Orduda 2015-2016-cı illərdə olmuşam. Könüllü getmişəm. Ağdam cəbhəsində xidmət etmişəm. 2016-cı il iyulun 14-də cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən yaralanmışam.”

“Yeddi gün komada olmuşam ”.

Astara şəhər sakini, 20 yaşlı İlham Ağacanzadə söhbətinə fasilə verir. Çətin nəfəs alır. Köynəyini qaldırıb əməliyyat yerlərini göstərir:

“Bura hamısı əməliyyat yerləridir. Bədənimdə, hələ, 10 qəlpə qalıb. Komandirmi vurdular, həlak oldu. Mən də vurulanda, özümdə olmamışam. Yeddi gün komada olmuşam. Ağzımdan qan gəlib. Elə biliblər ki öləcəyəm. Ancaq mən peşman deyiləm. Vətənimi müdafiə etmişəm.”

“Əmək qabiliyyətini itirmişəm ”.

Onun sğzlərinə görə, yaralanandan bir qədər sonra ordudan tərxis olunub, evə qayıdan gündənmüalicə olunur:

“Müalicəni öz hesabıma aparıram. Düzdür kompensasiya verilib. Ancaq aldığım məbləğ mənim müalicəmə çatmır. Bədənimdə olan 10 qəlpə çıxarılmalıdır. Yata bilmirəm. Çoxlu ağrıkəsici dərman atıram. Əmək qabiliyyətini itirmişəm. Ən yüngül işi belə, görə bilmirəm. Valideynlərim mənim qayğıma qalırlar.”

İlham Ağacanzadənin atası İlqar Abbasov deyir ki, problem təkcə müalicə ilə bağlı deyil. Deməsinə görə, bürokratik əngəllər sənədləşməyə mane olur:

“Ən qəribəsi odur ki,...”

“Oğlum ağır yaralı olub. İki dəfə hərbidəəməliyyat olunub. Ölümün bir addımlığından dönüb... Yaxşı ki, onu diriltdilər. Ən qəribəsi odur ki, belə ağır vəziyyətdə onu hərbi xidmətə yararlı hesab ediblər. 60 gün müalicə aldıqdan sonra, yenidən hərbi hissəyə göndəriblər. Bir neçə aydan sonra tərxis olunub.”

İlqar Abbasov
İlqar Abbasov

İlqar Abbasovun sözlərinə görə, oğlu gecəni səhərə qədər narahat yatır. Əsəbi olub:

“Qəlpələr ağciyər və qaraciyərin ətrafındadır”

“ Prezidentimiz indi də əmr versə, biz hamımız bu çağırışa qoşularıq. Ancaq biganəlik var. Müalicə üçün müxtəlif yerlərə müraciət etmişəm. Göndərirlər rayon xəstəxanasına. Baş həkim də deyir ki, əlimizdə heç nə yoxdur . Cərrahiyyə əməliyyatı olmalıdır. Qəlpələr çıxarılmalıdır. Qorxurlar. Qəlpələr ağciyər və qaraciyərin ətrafındadır. Ona görə ehtiyat edirlər. Daha ixtisaslaşmış xəstəxana lazımdır. Vəsait lazımdır. Yoxdur. Vəziyyəti çətindir...”

O, daha bir problemlə üzləşdiyini bildirir. Oğluna əlillik dərəcəsi almaq istəyir. Ancaq deməsinə görə, lazımi sənədləri ona vermirlər. Bununla bağlı Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyi şikayət məktubu Tibb Baş İdarəsinə göndərib. Tibb Baş İdarəsi də öz növbəsində bu məsələ ilə bağlı Mərkəzi Həkim Komissiyasına məktub ünvanlayıb.

Həmin məktubda yazılır:

“Vətəndaş İlqar Abbasovun Azərbaycan müdafiə nazirinin ünvanına göndərdiyi ərizə araşdırılsın, nəticəsi barədə vətəndaşa və Tibb Baş İdarəsinə məlumat verilməsi təmin olunsun. ”
Ata deyir ki, hələlik, hər hansı yenilik yoxdur.

O, vurğulayır ki, əlillik dərəcəsi almaqdan ötrü xəstəlik şəhadətnaməsi dəyişdirilməlidir. Bu şəhadətnaməni isə Müdafiə Nazirliyin Mərkəzi Hərbi Həkim Komissiyası verir:

”Komissiyada olmuşam. Komissiya üzvlərin biri ilə görüşmüşəm. Ona dedim ki, oğlumun canında ondan çoxproblem var. Bu adam yarımcandır. Nə üçün belə ədalətsizlik edirsiniz? Axı bu işləyə bilməyəcək. Dedi ki, hara gedirsən get biz rəyi dəyişməyəcəyik.”

Arayışda nə yazılır?

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası İlham Ağcanzadəyə tibbi arayış verib. Həmin arayışda onun xəstəliyi haqqında məlumat verilir. Arayışda yazılıb:

“İlk tibbi yardım göstərildikdən sonra təxirəsalınmaz qaydada torakosentez ( sinə), sağ plevra boşluğunun drenajı, qaraciyərin qanaxmasının dayandırılması,cərrah əməliyyatı icra olunub. 17.07. 2016-cı ildə təxliyə olunmuş, burda konservativ müalicə aparılmışdır. 30 gün müddətinə məzuniyyət verilib.”

3 qabırğası sınıb, ağciyəri, qaraciyəri zədə alıb...

Komissiyanın qərarında isə göstərilir ki, partlayış zədəsi döş qəfəsinin, qarın boşluğunun sağ yarısına, plevra və periton boşluğuna nüfuz edib. Qaraciyər və ağciyərin sağ yarısının aşağı payı zədələnib. 4, 5, 6-cı qabırğalar sınıb:

“ Döş qəfəsinin sağ yarısının, qaraciyərin yad cisimləri(metal qəlpə),döş qəfəsinin və qarının ön səthinin bərkimiş dəri çapıqları, tənəffüs funksiyasının pozulmaması ilə hərbi travmadır. Azərbaycan respublikasının müdafiəsi zamanı alıb.”

“Prezidentə də yazmışam...”

İlqar Abbasov arayışı əlində silkələyərək əsəbi halda sözünə davam edir:

”Siz baxın. Bundan sonra yazırlar ki, hərbi xidmətə yararlıdır. Xəstədir, amma yararlıdır. Xəstəliyini gizlədə bilmirlər, buna baxmayaraq yaralı olduğunu deyirlər. Belə münasibət olarmı? Başa düşürəm bu nə üçündür. Elə edirlər ki, vətən yolunda sağlamlığını itirmiş əsgər mövcud olan güzəştlərdən yararlanmasın. Pensiyaya çıxa bilməsin. Prezidentə də yazmışam. Ancaq prezident nə etsin? Qarabağda döyüşənlərə həmişə qayğı ilə yanaşmağı tapşırır. Əməl etmirlər...”

Həkim nə deyir...

Adının çəkilməsini istəməyən bir həkimin dediyinə görə, arayışda göstərilənlər həqiqətdirsə o adama sağlam demək olmaz:

“3 qabırğası sınıb, ağciyəri, qaraciyəri zədə alıb, döş qəfəsin sağ yarısında və qaraciyərdə qəlpə var. Bilmirəm bu nə yanaşmadır, ancaq bu adam xəstədir, işə yararlı hesab edilə bilməz. Həkim arayışı dəyişdirilməlidir ”

Müstəqil hüquqşünaslar isə məhkəməyə müraciət etməyi məsləhət görürlər.

XS
SM
MD
LG