Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:29

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi ilə eksklüziv müsahibə


- Sizin təşkilatın quraşdırdığı laboratoriya Azərbaycanda adamlarda da «quş qripi»nin olduğunu təsdiqlədi. Amma yenə də təkrar müayinəyə ehtiyac duyuldu. Ümumiyyətlə, PSR laboratoriyasının xəta ehtimalı nə qədərdi? Yəni, London laboratoriyası əksini də göstərə bilərmi?

- «Quş qripi» virusu tapıldığı təsdiqlənən hər üç şəxsin analizləri Bakıda aparılmışdı. Bu, mobil laboratoriyadır və Misirdən gətirilib. Bu laboratoriyanın dəqiqliyinə şübhəmiz yoxdur. Əslində, bu laboratoriya da Ümumdünya Səhiyyə Təşkilatınındır. Sadəcə, London laboratoriyası daha müasir avadanlığa malikdir. Və bu laboratoriyada yalnız H5 yox, insanlar üçün ağır nəticələrə səbəb olan H5N1 virusunu da müəyyənləşdirmək mümkündür. Burdakı laboratoriyada isə, H5 virusu aşkar olunur. Ona görə də analizlərin nəticəsinə əmin olmaq üçün Londona göndərmişik. Yalnız həmin üç qan nümunələrini yox, digər xəstələrdən götürülmüş nümunələri də. Biz bu həftənin əvvəlindən London laboratoriyasından cavabların göndəriləcəyini gözləyirik.


- Amma maraqlıdır ki, Səhiyyə Nazirliyi bu qripə yoluxmuş həmin xəstələr haqda məlumat vermir.


- Mən buna təəccüb edirəm. Çünki bildiyimə görə, Səhiyyə Nazirliyinin Mətbuat Xidməti kütləvi informasiya vasitələrinə gündəlik məlumat verir. İlkin laborator müayinənin nəticələrinə görə, «quş qripi»nə yoluxduğu təsdiqlənən hər üç nəfər artıq dünyasını dəyişib. Onların ikisi Salyan rayonunun Dayıkəndindəndilər. Üçüncü xəstə isə, Tərtər rayonundan idi. Hazırda Dayıkənddə «quş qripi»nin mənbəyi, adamların virusa necə yoluxması barədə məlumat yoxdur. Biz virusun mənbəyini və hansı yolla keçdiyini müəyyənləşdirməyə çalışırıq. Və yerlərdə olub xəstəlikdən qorunmaq haqda tövsiyələr verəcəyik.


- Ümumiyyətlə, Azərbaycan hökumətinin «quş qripi» xəstəliyi ilə mübarizəsini necə qiymətləndirirsiz?



Ümumdünya Səhiyyə Təşkilatının iki nümayəndəsi martın 5-dən Bakıdadır. Bizim komandamız səkkiz nəfərdən ibarətdir. Məqsəd Səhiyyə Nazirliyinə dəstək verməkdir və əslində, biz bura da onların xahişi ilə gəlmişik. Deməliyəm ki, biz indiki mərhələdə Səhiyyə Nazirliyinin işini yüksək qiymətləndiririk. Nazirlik şübhəli əraziləri diqqətlə izləyir. Bakıdakı yoluxucu xəstəliklər xəstəxanası ilə də tanış olmuşuq. Ordakı havalandırma sistemi də, izolyasiya otaqları da uyğun şəkildə düzəldilib. Xəstəxana yetərincə dərmanla təmin olunub. Əlavə dərman almağa da hazırdılar.


- Maarifləndirmə işini necə qiymətləndirirsiz? «Quş» qripi»lə Mübarizə üzrə Dövlət Komissiyası da bu yöndə aparılan işlərin yetərincə düzgün qurulmadığını bildirib.


- Səhiyyə Nazirliyində keçirilən görüşlərdə bizə belə məlumat verilib ki, onlar regionlarda maarifləndirmə yönündə lazımi tədbirləri görürlər. Eyni zamanda, YUNISEF-lə birgə nazirliyin reklam çarxları hazırladığını da bilirik. Burda bir əhəmiyyətli məqam var ki, həmin çarxlar yalnız ölkə boyu yayımlanan televiziyalarda yox, həm də yerli kanallarda veriləcək. Demək istəyirəm ki, məsuliyyət sahiblərinin situasiyadan xəbərləri var. Amma ola bilər ki, ucqar kəndlərə məlumat çatdırmaq üçün daha artıq işlərin görülməsi lazım gələcək.


- İnsanda «quş qripi» olduğu hələ tam təsdiqlənməsə də, quşlar ölür, hətta itlərdə də virus tapılıb. Sizcə, bu şəraitdə ölkədə karantin və ya fövqəladə vəziyyət elan etmək lazım deyilmi?


- Hazırda biz fakt kimi bunu deyə bilərik ki, ölkədə çöl quşları arasında «quş qripi» var. Enyi zamanda, bu da təsdiqlənmiş faktdır ki, Bakı ətrafında yerləşən broylerlərin bəzisində sözügedən virus tapılıb. Amma hələlik bizdə kənddə saxlanan ev quşları arasında «quş qripi» tapılması haqda məlumat yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının qənaətincə, bu şəraitdə görüləcək işlər nədən ibarət ola bilər? İlk növbədə, camaat gigiyenik tədbirlərə riayət etməlidir. Ölü quşla təmas olmamalıdır. Bu haqda dərhal baytarlıq idarəsinə məlumat verməlidirlər ki, orda dezinfeksiya işləri aparılsın. Yüksək hərarəti və ya adi qrip simptomları olan insanlar dərhal xəstəxanaya müraciət etməlidirlər. Vəziyyət ciddiləşərsə, dərhal Bakıdakı xəstəxanaya köçürülməlidirlər. İndi görülməli olan tədbirlər bunlardır və bu kifayət edər.


- Salyan rayonunda «quş qripi» xəstəliyinə yoluxmaqda şübhəli bilinən və dünyasını dəyişən adamlarla təmasda olan tibb işçiləri və yerli sakinlərdən müayinə üçün nümunələr götürülüb. Belə demək olarmı ki, Azərbaycanda virusun artıq insandan insana keçməsi ehtimalı güclüdür?


- İlk növbədə biz həmin insanlarla ünsiyyətdə olan yaxınlarından, ailə üzvlərindən və tibb işçilərindən qan nümunələri götürmüşük. Onlarda virus olub-olmadığını yoxlamaq istəyirik. Amma bu heç də o demək deyil ki, Azərbaycanda «quş qripi»nin insandan insana keçməsi haqda bizdə hansısa sübüt var. Biz sadəcə, vəziyyətə nəzarət edirik və virusun mənbəyini tapmaq istəyirik.


Onun nədən, necə keçdiyini öyrənməyə çalışırıq. Eyni zamanda, biz virusun özünü necə apardığını, onun şəkil dəyişib-dəyişmədiyini öyrənmək istəyirik. Həmin tədbirlər Türkiyədə və «quş qripi»nin rast gəlindiyi başqa ölkələrdə də aparılıb, xəstələrlə ünsiyyətdə olanlardan qan nümunələri götürülüb. Məqsəd həm də gələcək üçün virusu öyrənmək, tədqiq etməkdir, ola bilsin ki, xəstələrlə ünsiyyətdə olmuş insanlarda virusa qarşı anti-cisimlər, yəni immunitet yaranır. Onlar bu xəstəliyi yüngül formada keçirirlər. Bu haqda bizim məlumatımız yoxdur və ona görə də yalnız epidemiyanın qarşısını almaq üçün yox, həm də tədqiqat məqsədilə analizlər götürürük. İstəyirik görək insanlar bu virusa necə reaksiya verirlər. Hələlik nəticələr əlimizdə deyil. Çünki qan nümunələrini öyrənmək üçün daha çox vaxt lazımdır.

- Sizin qrupda «quş qripi»nin güclənməsi üzrə mütəxəssis də var. Azərbaycanda vəziyyət belə gərgindimi ki, xəstəliyin güclənməsi üzrə mütəxəssis də gəlib?


- Həmin şəxs epidemiya vaxtı xəstəliklə mübarizə aparmaq üzrə ixtisaslaşıb. Azərbaycanda isə çöl quşları arasında və bəzi broylerlərdə H5N1 virusu aşkralanıb. Ehtimal var ki, həmin quşlarla ünsiyyətdə olan insanlara virus keçsin. Bu üzdən də həmin mütəxəssis bizim komandamızdadır. Artıq ölüm hadisələri də var, insanda H5 tapılıb. İndi biz Londondan cavabları gözləyirik ki, bu həqiqətən də H5N1-iydimi? Çalışmalıyıq ki, vəziyyətə nəzarət edək. Hadisələrin nəzarətdən çıxmasına imkan vermək olmaz. İndiliksə Londonun nəticələrini gözləməliyik.


XS
SM
MD
LG