Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Vaşinqton Bakının Minsk Qrupu ilə bağlı mövqeyinə münasibət bildirib


Ned Price
Ned Price

Vaşinqton Azərbaycana və Ermənistana "istənilən yolla, daha effektiv olacaq formatda yardım etməyə hazır olduğunu" təsdiqləyib

Vaşinqton Azərbaycana və Ermənistana "istənilən yolla, daha effektiv olacaq formatda yardım etməyə hazır olduğunu" təsdiqləyib.

“Turan”Agentliyinin xəbərinə görə, bunu iyulun 26-da günlük brifinqdə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Bakının ATƏT-in Minsk Qrupuna qarşı davam edən tənqidi ilə bağlı “Turan”ın sualına cavabında da Prays deyib:

"Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin biz artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq".

İyulun 25-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərilə son telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ölkəsinin yardımını bir daha təklif edib.

Praysın sözlərinə görə, hər iki tərəfdaşlarla daimi əlaqələr və diplomatik danışıqlar sayəsində müəyyən irəliləyiş var. O qeyd edib ki, bu prosesi davam etdirmək üçün Dövlət Departamentində Blinkendən başqa həmkarlarla (Bakı və Yerevanda) qarşılıqlı fəaliyyət göstərən bir sıra yüksək vəzifəli məmurlar var.

Blinken Əliyevi erməni əsirləri buraxmağa çağırıb

ABŞ Dövlət katibi Antoni Blinken iyulun 25-də Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Ermənistan hökumətinin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri, o cümlədən regionda təhlükəsizlik və sabitliyi müzakirə ediblər.

Tərəflərin Ermənistan-Azərbaycan sülh danışıqları, Dağlıq Qarabağ probleminin tənzimlənməsi, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkinlərin taleyinin aydınlaşdırılması məsələlərini müzakirə etdiyi bildirilir.

“Dövlət katibi Blinken ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi qeyd olunan məsələlərin həllində dəstəyini ifadə edib. Baş nazir Paşinyan sülh gündəminə sadiqliyini vurğulayıb, Ermənistan ictimaiyyətinin bu kursu dəstəklədiyini ifadə edib”, – məlumatda deyilir.

Tərəflər həmçinin Ermənistan-Türkiyə münasibətlərində baş verənləri müzakirə ediblər. Dövlət katibi Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında iyulun 11-də baş tutmuş telefon söhbətini alqışlayıb, ABŞ-ın iki ölkənin münasibətlərinin normallaşmasına dəstək göstərməyə hazır olduğunu deyib.

İyulun 1-də Ermənistan və Türkiyənin xüsusi elçiləri Serdar Kılıcla Ruben Rubinyan Avstriya paytaxtı Vyanada görüşüblər. İlin əvvəlindən artıq dördüncü dəfə keçirilən görüşdə onlar 1993-cü ildən bağlanmış sərhədlərinin açılmasına doğru ilk addımları razılaşdırdıqlarını bildiriblər.

Görüşdə tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə ediblər.

***

ABŞ Dövlət katibi Antoni Blinken iyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət departamentinin yaydığı məlumata görə, tərəflər Azərbaycan və Ermənistanın regionda sülhə nail olmaq üçün tarixi şansını müzakirə ediblər.

Blinken ABŞ-ın regional nəqliyyat və kommunikasiya bağlantılarına açılmasını bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu vurğulayıb.

Dövlət katibi tərəflər arasında davamlı ikitərəfli dialoqu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu günlərdə Tbilisidə bir araya gəlməsinə, eləcə də Aİ-nin vasitəçiliyi ilə məhsuldar müzakirələrə dəstəyini ifadə edib. O qeyd edib ki, ABŞ 1994-cü ildən ATƏT-in Minsk qrupunun həmsədridir və tərəfdaşları ilə birlikdə Azərbaycanla Ermənistanın uzunmüddətli hərtərəfli sülh əldə etməsinə köməyə hazırdır.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan iyulun 16-da Gürcüstanda ilk dəfə vasitəçisiz görüşü keçirilib. Onlar ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Erməni əsirlərlə bağlı çağırış

Blinken Prezident Əliyevi erməni əsirlərin hamısını azad etməyə çağırıb. Azərbaycan rəsmi mediasının yaydığı məlumatda isə bu məqam haqda məlumat yoxdur.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin mayında deyirdi ki, Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib. O, Azərbaycanda azı 38 erməni əsirin olduğunu bildirirdi.

Rəsmi Bakı 2020-ci ilin noyabrında hərbi əməliyyatlar bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Ancaq sonradan bir neçə qrup erməni hərbçi təhvil verilib.

Müharibədən sonra Azərbaycan bir neçə dəfə erməni əsirləri mina xəritələrinə dəyişib.

“Azərtac”ın məlumatına görə, Prezident Əliyev bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

İtkin düşənlər, kütləvi məzarlıqlar

Prezident həmçinin birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib. O, Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilmədiyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə, Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident Əliyev öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.

ABŞ,Rusiya və Faransa ATƏT-in Minsk qrupunun həmsədrləridir.

XS
SM
MD
LG