Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

ABŞ Dövlət katibi Əliyevlə danışıb


Azerbaijan -- Ilham Aliyev and Antony Blinken hold phone conversation
Azerbaijan -- Ilham Aliyev and Antony Blinken hold phone conversation

Sentyabrın 16-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, A. Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ölkəsinin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

O, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin bu il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Açıqlamaya görə, prezident Əliyev isə sülh müqaviləsinin imzalanması üçün “Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı ərazi iddialarına” soy qoymasının, vacibliyini vurğulayıb.

“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.” - məlumatda əlavə edilib.

Vaşintondan məlumat

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət katibi ilə Prezident regional və ikitərəfli əməkdaşlığı, o cümlədən Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməsinin vacibliyini müzakirə ediblər.

Miller bu barədə X platformasında yazıb:

ABŞ Dövlət Departamentinin məlumatına görə, ötən həftə, sentyabrın 12-də isə dövlət katibi A. Blinken Ermənistanın baş naziri Nikol Paşinyana zəng vurmuşdu.

Açıqlamaya görə, orada o, "Ermənistanla Azərbaycan arasında möhkəm və layiqli sülhün vacibliyini təsdiqləyib".

2020-ci il 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları artıq dörd ildir davam edir.

Danışıqlar ayrılıqda həm ABŞ-ın dəstəklədiyi Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi və həm də birbaşa aparılsa da, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb. Hərçənd, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirdi ki, sülh müqaviləsi layihəsi 80 faizi razılaşdırılıb.

Ermənistan baş naziri Nikol Paşinyan da öz növbəsində layihədə 13 maddənin razılaşdırıldığından bəhs edib. Üstəlik, o əlavə edib ki, preambula tam razılaşdırılıb. Bir müddət öncə də o, razılaşdırılmış bəndlər üzrə sənədi imzalamağı, qalan bəndləri isə sonra razılaşdırmağı təklif etmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG