Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 16:27

Bolqarıstan keçmiş millət vəkilini Rusiyaya casusluqda ittiham edir


Nikolay Malinov
Nikolay Malinov

Bolqarıstanda Sosialist Partiyasından keçmiş millət vəkili Nikolai Malinova qarşı casusluq və Rusiya təşkilatları üçün çirkli pulların yuyulmasına dair rəsmi ittiham irəli sürülüb.

Malinov hazırda Rusiyanın qeyri-hökumət təşkilatlarından birinə rəhbərlik edir.

Bolqarıstan baş prokuroru Sotir Tsatsarov sentyabrın 10-da bildirib ki, əgər təqsiri sübut olunarsa Malinovu 5 ildən 15 ilədək həbsxana cəzası gözləyə bilər.

Malinov sentyabrın 10-da 27 min 600 dollar ödədikdən sonra zaminə buraxılıb. Ona Bolqarıstanı tərk etmək qadağan olunub.

Malinov Bolqarıstanın məxfi dövlət sirlərini ödənişlər müqabilində Rusiyanın iki təşkilatına – İkibaşlı Qartal Cəmiyyətinə və Rusiya Strateji Tədqiqatlar İnstitutuna ötürməkdə ittiham edilir.

Bolqarıstanı Kremlin orbitinə qaytarmaq

Tsatsarov deyib ki, Malinovun ötürdüyü informasiyalar Bolqarıstanın milli təhlükəsizliyini birbaşa təsirləndirib və Bolqarıstan hökumətinin Rusiya və Qərbə münasibətlərinə təsir göstərmək məqsədi güdüb.

Bu işlə əlaqədar olaraq Bolqarıstanın hakimiyyət orqanları Sovet və Rusiya Xarici Kəşfiyyat Xidmətinin 2009-cu ildən general-leytenant rütbəsində təqaüdə çıxmış keçmiş agenti Leonid Reshetnikov-un ölkəyə gəlişinə 10 illik qadağan qoyub.

Rusiya vətəndaşı olan Reshetnikov bolqar və serb dillərində səlis danışır və 2009-2017-ci illərdə Rusiya Strateji Tədqiqatlar İnstitutuna rəhbərlik edib.

Bu təşkilat Qərbdə 2016-cı ilin seçkisinə Trump-ın xeyrinə müdaxilədə iştirak etmiş qurum kimi tanınır.

Bolqarıstan hökuməti sentyabrın 10-da iddia edib ki, Reshetnikov Rusiyanın Bolqarıstandakı casus əməliyyatlarını əlaqləndirib. Bu əməliyyatlardan məqsəd həm NATO, həm də Avropa İttifaqının üzvü olan Bolqarıstanı yenidən Kremlin nüfuz dairəsinə çəkmək idi.

Reshetnikov sentyabrın 10-da Facebook-da yazıb ki, Malinov “əsl bolqar vətənpərvəridir” və onun həbsi “amerikalıların Rusiya agentlərinin Bolqarıstanda casus fəaliyyəti” adlı əməliyyatı çərçivəsində həyata keçirilib.

Ukrayna da ittiham edir

Bolqarıstan prokurorları sentyabrın 10-da deyiblər ki, onlar Malinovun Rusiyanın media maqnatı Konstantin Malofeyevlə, habelə Bolqarıstanın hazırda fəaliyyət göstərməyən Kommersiya Bankının mühacirətdə olan keçmiş başçısı Tsvetan Vassilevlə əlaqələrini araşdırırlar.

Malofeyevə Ukraynada sabitsizlik yaradılmasındakı roluna görə Avropa İttifaqı və ABŞ ərazisinə daxil olmaq qadağan edilib.

Ukrayna 2014-cü ildə Malofeyevə qarşı ölkənin şərqində rusiyayönlü “qanunsuz silahlı birləşmələri” maliyyələşdirməsi ilə bağlı cinayət işi açıb.

Xəbər verilir ki, sentyabrın 9-da dindirilmək üçün Malinovun Rusofil təşkilatının katibi, habelə gündəlik Duma qəzetinin keçmiş baş redaktoru Yury Borisov da saxlanıb.

Bu qəzet sovet dövründə kommunist təbliğatının əsas ruporu olub.

Borisova qarşı rəsmən ittiham irəli sürülməyib.

AzadlıqRadiosu öyrənib ki, Malinovun Rusofil Milli Hərəkatının başqa aparıcı fiqurları da saxlanıb.

Bunlar təşkilatın baş katibi Kristina Ivanova, təşkilatın sədr müavini Milen Chakarov, universitet professoru Vanya Dobrevadır. Onlara qarşı da rəsmən ittiham verilməyib.

Bolqar sosioloqu Zhivko Georgiev də dindirilib.

O deyib ki, dindirmə zamanı ona 2016-cı ildə yazdığı strateji siyasi məqalə haqqında suallar verilib. İddia olunur ki, Rusiya Strateji Tədqiqatlar İnstitutu tərəfindın maliyyələşdirilmiş bu məqalə Bolqarıstanda Rumen Radevin prezident seçilməsində əhəmiyyətli rol oynayıb.

Radev casus ittihamlarını “cəfəng” adlandırıb və deyib ki, ona 2 milyon bolqar səs verib və bu cinayət işi həm də bu insanların təhqir olunması deməkdir.

XS
SM
MD
LG