►Ev və maşın alan zaman götürdüyü dollar kreditini ödəyə bilməyənlər birləşir
Dollar kreditini ödəməkdə çətinlik çəkən 27 borclu birləşərək müştərisi olduğu bankı məhkəməyə verib.
Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, manatın devalvasiyasından sonra bankdan götürdüyü dollar kreditini ödəməkdə çətinlik çəkən onlarla adam onun yaratdığı antikollektor şirkətinə üz tutub:
“Biz maşın və ev alan zaman dollarla kredit götürmüş şəxslər üçün nümunəvi məhkəmə iddiası hazırlayıb Facebook-da yaydıq. Hazırda çoxları ya özləri məhkəməyə müraciət edir, ya da köməyimizdən istifadə edir”.
“Artıq məhkəmə günləri təyin edilib”
Əkrəm Həsənov deyir ki, artıq məhkəmə iclasları təyin edilib:
“Bu ay yəqin ki, proseslər başlayacaq və biz nəticəsi haqqında ictimaiyyətə məlumat verəcəyik”.
Hüquqşünas uyğun qanunvericiliyin banklara maşın və ya ev alan müştəriyə dollarla kredit vermək hüququnu tanımadığını vurğulayır:
“Müştəriyə avtomobil və ya ev alanda manat lazım olub, dollar yox. Amma bank müştəriyə ehtiyacı olmadığı halda dollar verib. O zaman dollar manata nisbətdə ucuz olduğundan müştərilər ödənişdə ciddi problem yaşamayıb. Amma bu gün dollar manata nisbətən çox bahalandığı üçün çoxları ciddi çətinlik çəkir”.
“Bəzi iddialar birləşdirilir”
Əkrəm Həsənovun sözlərinə görə, bəzi müştərilərin iddiaları birləşdiriləcək:
“Artıq eyni kredit növündə 27 borclu birləşib müştərisi olduğu bankı məhkəməyə verib. Birgə iddia irəli sürməkdən ötrü eyni bankın müştərisi və eyni kredit növü üzrə borclu olmaq lazımdır”.
Hüquqşünas deyir ki, hələlik ev və maşın krediti üzrə məhkəməyə müraciət edənlər daha çox Bakıdadır. Onların əksəriyyəti paytaxtın Nəsimi rayon məhkəməsinə üz tutub.
Manatın dollara nisbətdə 100 faizədək bahalaşmasından sonra banklardan dollarla kredit götürənlərin, xüsusilə, maşın və ev alan minlərlə müştərinin borclarını ödəməklə bağlı çətinlikləri yaranıb.
Buna da bax: Nardarandan son görüntülər. Silinən və qalan şüarlar