Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:14

'Bravo'dakı hücumdan sonra tutulan şəxs: 'Bir də gördüm ki, başımın üstündə güllələr uçur'


"Bravo" hipermarketində silahlı insidentlə bağlı bir neçə nəfər saxlanılıb
"Bravo" hipermarketində silahlı insidentlə bağlı bir neçə nəfər saxlanılıb

Bu ilin martında “Bravo” hipermarketində inkassatora silahlı hücumdan sonra narkotik ittihamıyla saxlanan İsmayıl Hacızadə məhkəmə qarşısına çıxarılıb. Hacızadə hücumda təqsirləndirilən şəxsin tutulmasından ötrü həmin gün axşam Fəvvarələr Meydanında əməliyyat keçirilən evdə yaşayıb. O deyir ki, həyatı boyu narkotik maddədən istifadə etməyib, bu ittihamın da ona aidiyyəti yoxdur.

24-yaşlı Hacızadə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun ittiham olunduğu CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həmin vaxt polislər onu itələyib yıxmasaydı...

Cinayət işinin materiallarında iddia olunur ki, 9-cu polis bölməsinin əməkdaşları martın 4-də saat 21.30 radələrində onu küçədə saxlayıblar. Üstünə baxış keçirəndə cibindən bir neçə bükümdə ümumilikdə 2.2 qram heroin tapılıb.

Hacızadə isə deyir ki, yalandır. Homoseksual olduğunu deyən İsmayılın sözlərinə görə, “Bravo”dakı qətli törətməkdə ittiham olunan Ruhlan İsmayılovla münasibətləri vardı. Hadisə günü – martın 4-də günortadan sonra onun evinə gəlmişdi: “Mən hardan bilim ki, bu, belə bir hadisə eləyib?”

Deyir ki, Ruhlan özü də ona heç bir məlumat verməyib. Axşam saatlarında qapı döyülüb:

“Qapıya mən getdim, soruşdum ki, kimdir? Dedilər ki, polis. Açdım...”

Hacızadənin sözlərinə görə, dərhal da polislərlə Ruhlan İsmayılov arasında silahlı atışma başlayıb. O vurğulayıb ki, əgər həmin vaxt polislər onu itələyib yıxmasaydı, bəlkə də atılan güllələr ona da dəyəcəkdi, bu gün sağ olmayacaqdı:

“Qapını açan kimi heç bilmədim nə baş verir. Bir də gördüm ki, başımın üstündə güllələr uçur. Polislər məni itələyib yıxdı bu tərəfə. Ona görə Ruhlanın necə öldürüldüyünü görmədim. Sonra məni sürüyüb apardılar...”

Hadisəyə aid olmadığı müəyyənləşəndən sonra...

O bildirib ki, öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) aparılıb. Orada araşdırıb, “Bravo”dakı hadisəyə aidiyyəti olmadığını müəyyənləşdirəndən sonra Səbail rayonu, 9-cu polis bölməsinə aparıblar. Orada isə ona qarşı narkotik ittihamı irəli sürülüb:

“Homoseksual olduğuma görə məni ələ salırdılar...”

İsmayıl Hacızadə hesab edir ki, onun həbsinin səbəbi Ruhlanın hadisədən sonra onun evinə gəlməsi və özünün də həmin axşam baş verənlərin şahidi olmasıdır.

“Mən heç bir cinayət törətməmişəm. Heç nədən xəbərim olmayıb. Mən niyə burada olmalıyam?”, – Hacızadənin sözləridir.

Onun işi üzrə məhkəmə prosesi davam edir.

Xatırlatma

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, daha bir nəfər yaralanıb.

Rəsmi məlumata görə, Ruhlan İsmayılov axşam saat 21.00 radələrində əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Onun gizləndiyi mənzildən nağd pul, odlu silah, çoxsaylı döyüş sursatları tapıldığı bildirilirdi.

“Bravo”ya silahlı hücumla əlaqədar üç nəfər - Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanov həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb.

Adları çəkilən şəxslərdən Azər Məmmədovun atası mediaya açıqlamasında bildirib ki, oğlu özünü təqsirli bilmir.

XS
SM
MD
LG