Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:41

Britaniya Ukraynaya uzaqvuran raketlər verir


Britaniya Kral Hərbi Hava Qüvvələrinin muzeyindəki Storm Shadow raketi
Britaniya Kral Hərbi Hava Qüvvələrinin muzeyindəki Storm Shadow raketi

Britaniya hökuməti mayın 11-də təsdiq edib ki, Ukraynanı uzaqmənzilli qanadlı raketlərlə təchiz edir.

Bu Rusiya ordusuna qarşı böyük əks-hücum əməliyyatına hazırlaşan Ukraynaya cəbhə xəttindən arxada yerləşən Rusiya qoşunlarını və hərbi obyektlərini vurmaq imkanı verəcək.

Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə çıxış edərkən bildirib ki, London Kiyevə Storm Shadow raketlərini “hədiyyə” edir.

Bununla belə nazir Ukraynaya nə qədər raket göndərildiyini açıqlamayıb.

O deyib ki, Storm Shadow raketlərindən istifadə Ukrayna ordusuna Rusiya qüvvələrini işğal olunmuş ərazilərdən geri oturtmaq imkanı verəcək.

Storm Shadow raketləri 250 kilometrədək zərbə radiusuna malikdir. ABŞ-ın Ukrayna verdiyi HIMARS raketlərinin zərbə radiusu 80 kilometrdir.

Uolles deyib:

"Biz Rusiyanın dinc vətəndaşları öldürməsinə bir kənardan sakitcə baxmayacağıq. Rusiya anlamalıdır ki, bu sistemlərin Ukraynaya verilməsinə yalnız onun hərəkətləri səbəb olub”.

Kiyevin öhdəliyi

Britaniya mediası yazır ki, Ukrayna bu raketlərlə Rusiya ərazisini vurmayacağına dair öhdəlik götürüb.

Bununla belə Britaniya raketləri Ukrayna ordusuna Rusiya qüvvələrinə Krım da daxil cəbhə xəttindən xeyli arxada zərbələr endirmək imkanı verəcək.

Britaniyanın baş naziri Rişi Sunak hələ ötən fevralda demişdi ki, Britaniya Ukraynaya uzaqmənzilli raketlər verən ilk ölkə olacaq.

Kreml bu xəbərə hiddətli reaksiya verib. Putinin sözçüsü Dmitri Peskov mayın 11-də jurnalistlərin suallarına cavab verərkən deyib ki, Moskva bu xəbəri “xeyli neqativ” qarşılayıb.

O deyib ki, bu hadisə Rusiya ordusundan müvafiq cavab tədbirləri görülməsini tələb edəcək.

Bu xəbərlər Ukraynanın Baxmut ətrafında kiçik, amma əhəmiyyətli irəliləyişə nail olduğuna dair məlumatlarla eyni gündə gəlib.

XS
SM
MD
LG