Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Bütün dövrlərin ən yaxşı 12 ssenaristi


Coen qardaşları
Coen qardaşları

Ssenari filmin ürəyidir. O, həm də film yaradıcılığı prosesində ilk komponentlərdən biridir. Ssenari yoxdursa, film də yoxdur. Buna görə də ssenaristlərin kino yaradıcılığındakı rolu nəhəngdir. Kinodakı bir çox cəsarətli, ürəyə toxunan, həyəcanlı və əyləncəli ssenarilərə görə orijinal yazıçı və ssenaristlərə borcluyuq. Ssenari yazmaq heç də asan iş deyil.

Ssenari yazmaq deyəndə, çox şey başa düşülə bilər. Bura mənalı, səmimi və tamaşaçını cəlb edən qısa dialoq yazmaq da daxildir, personajların və kontekstin təqdimatı da, əsas sirrin sona qədər gizli saxlanması da. Ancaq elə ssenari müəllifləri var ki, öz işlərini ayrıca bir sənət növünə çevirə biliblər. "The Cinemaholic" saytı 12 ən gözəl ssenaristin siyahısını tərtib edib.

Coen qardaşları neonuar ssenarilər yazmaq sənətini ağıllı dialoqlarla təkmilləşdiriblər. Çoxsaylı mükafatlara layiq görülmüş hər hansı bir romanın əsasında film ssenarisi yazmaq istənilən ssenarist üçün ağır və məsuliyyətli işdir. "No Country for Old Men" filmində qardaşlar məhz belə bir çətin işin öhdəsindən gələrək adlarını incəsənət tarixi kitablarına yazdırıblar.

Oliver Stone son zamanlar çox fəal görünməsə də, çox gözəl ssenari və filmlərin müəllifi kimi tanınır. Bura "Platoon"dan "JFK" və "Scarface"ə qədər bir çox filmlər daxildir. Oliver Stone, həqiqətən də, Hollivudun ən yaxşı ssenaristlərindən biridir.

Aaron Sorkin-in çoxsaylı işlərinə baxdığımız zaman onun ssenari yazmaq işinə fərqli və özünəməxsus yanaşmasının şahidi oluruq. Qısa dialoq və monoloqlar onun güclü və çox təriflənən tərəfləridir. Sorkin-in işləri arasında "A Few Good Men", "The Social Network", "Moneyball" və "Steve Jobs" kimi filmlər var.

Francis Ford Coppola kino tarixinin ən yaxşı rejissorlarından biridir. O, həm də ssenari yazmaq işinin ustasıdır. Onun yaratdığı bir-birindən gözəl filmlərin əsasını uğurlu ssenari təşkil edir. "Coppola əsl əfsanədir", – sayt yazır.

Quentin Tarantino dialoq və səhnələşdirmənin ustasıdır. O, yalnız bir neçə replika ilə gərginliyi artırmağa qadirdir. Onun "Pulp Fiction" filmi artıq ictimai şüurun bir hissəsinə çevrilib. Filmdəki bütün replikalardan dönə-dönə sitat gətirilir. Bu film hələ qarşıdakı bir çox illər ərzində xatırlanacaq. Onun "Inglourious Basterds" filmi də unudulmazdır.

Stanley Kubrick hər şeylə nəzarət etməyə çalışması və son dərəcə perfeksionist olması ilə tanınır. Onun iki ekran adaptasiyası – "A Clockwork Orange" və "The Shining" ilkin mənbədən fərqli olduqları üçün ziddiyyətli sayılırdı. Ancaq Kubrick-i böyük edən bütün işlərində silinməz möhür qoymasıdır. "A Clockwork Orange" hazırda klassika, "The Shining" isə ən yaxşı qorxu filmlərindən biri sayılır.

Akira Kurosawa bir dəfə Satyajit Ray haqqında belə deyib: "Ray-ın kinosunu görməmək dünyada günəşi və ayı görmədən mövcud olmaq kimidir". Ray-ın ssenari yazmaq məharəti onu Ingmar Bargman kimi nəhənglərin səviyyəsinə qaldırıb. Ray bütün filmlərinin ssenarilərini özü yazıb. Sayt yazır ki, kinodan danışarkən onun hər bir filmi mütləq nəzərdən keçirilməlidir.

"Charlie Kaufman müasir dövrün ən orijinal və cəsarətli sənətkarlarından biridir", - sayt yazır. Onun "Being John Malkovich"dən tutmuş, "Eternal Sunshine of the Spotless Mind"adək bir çox işləri şokedici, sürreal, ancaq, eyni zamanda, qəlbə rahatlıq verəndir.

Jean Luc-Godard "fransız yeni dalğası" (La nouvelle vague) adlanan cərəyanın görkəmli nümayəndəsidir. Onun yaradıcılığı bir çox Martin Scorcese, Quentin Tarantino və Steven Soderbergh kim müasir sənətkarları ilhamlandırıb.

Billy Wilder yaddaqalan replikalar, unudulmaz personajlar və səmimi hekayələrlə tanınır. "Wilder-in filmlərinin ürəyi var və o görünür", – sayt yazır.

Woody Allen kinoya "Annie Hall", "Manhattan", "Hannah and her Sisters", "Midnight in Paris" kimi filmləri bəxş edib. O, əsl satira ustasıdır və onun işləri qısa ağıllı dialoqlarla doludur. Ən əsası, o öz işlərində şəhərdə tənhalıq, yadlaşma və saxta həyat yaşama kimi universal məqamlara toxunur.

Ingmar Bergman kino tarixinin ən gözəl ssenaristlərindən biridir. Bergman-ın hekayələri solğun və sürreal, çox zaman şokedicidir. Ancaq onun "The Seventh Seal" və "Persona" kimi filmləri həm rejissura, həm də ssenari şedevrləridir.

XS
SM
MD
LG