Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

Cahangir Hacıyev: 'Mən siyasi məhbus kimi tanınmaq istiqamətində...'


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət eləməyib", – Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev belə deyir.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mayın 8-də vəkilləri vasitəsilə bəyanat yayıb. Bankir onun "siyasi məhbus" kimi tanınmaqdan ötrü müxtəlif vasitələrə əl atması haqda bir sıra saytlarda yazılanlara etiraz edir. Hesab edir ki, həmin yazılar sifarişlə yazılır. Sifarişçilər də Beynəlxalq Bankla bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır.

Buna da bax:​ Cahangir Hacıyevin 12 vəsatətinin biri də təmin olunmadı

"Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır", – Cahangir Hacıyev belə deyir.

“VƏKİLLƏRİMƏ ÇIXIŞ ETMƏYƏ İMKAN VERİLMİR”

Hacıyevin sözlərinə görə, ona "Mekon" MMC və "Unioil" MMC ilə bağlı mənimsəmə ittihamı verilib. Amma əllərində rəsmi sənədlər var ki, həmin vəsait "Elite Construction"ın səhmlərinin alınmasına sərf olunub. Məhkəmədə də bu məsələylə bağlı uyğun qurumlara sorğu göndərilməsi haqda vəsatət qaldırsalar da, təmin olunmayıb: "Bakı Apellyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə, imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib. Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı".

Buna da bax: Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

C.Hacıyev deyir ki, Beynəlxalq Bankla bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. Çünki Prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib.

Bəyanatda xatırladılır ki, C.Hacıyev özü siyasi məhbus kimi tanınmaqdan ötrü heç bir addım atmasa da, şəxsin işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir.

Buna da bax: 'Beynəlxalq Bank işi' nə görə tutulmuş biznesmen azad edilib

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG