Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:59

'Cərimə standartları minimum əməkhaqqı və təqaüdlə uzlaşmalıdır'


Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır (2022)

Azərbaycanda bir sıra yeni cərimələr müəyyən edilir, bəzi cərimələr də artırılır. Onların bir çoxu parklanma və sürücülük hüququ olmadan avtomobil idarə edilməsi ilə bağlıdır. Bəzi cərimələrin məbləği iki dəfə, bəzilərinin isə hətta altı dəfə artırılması nəzərdə tutulur. Məsələn, əlilliyi olan şəxslərin nəqliyyatı üçün nəzərdə tutulmuş parklanma yerlərində digər avtomobillərin saxlanmasına görə cərimənin məbləği 10 manatdan 60 manata qaldırıla bilər.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 12-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif olunan digər dəyişikliyə əsasən, nəqliyyat vasitəsini hüququ olmadan idarə etməyə görə cərimə 100 manatdan 200 manata, il ərzində bu hal təkrarlanarsa, bu, 300 manatdan 400 manata qaldırılır. Parklanma müddətinin başladılmamasına görə isə cərimələr iki dəfə artırılır.

Digər cərimələr velosiped, avtobus zolağına çıxan avtomobil və düzgün parklama etməyən skuter sürücülərinə aiddir.

"Hər küçədə tıxac olur"

Son illər Azərbaycanda bir sıra sahələrdə (xüsusilə parklama ilə bağlı) cərimə və rüsumlar tez-tez artırılır. Bir sıra mütəxəssislər deyir ki, bəzi cərimələrin məbləği ölkədəki minimum əməkhaqqından (345 manat) çoxdur və belə cərimələr qüsurludur.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, cərimələrin artması nəqliyyat sahəsində yaranmış çox ciddi problemlərlə bağlıdır: "Son şəhərsalmada geniş yollar salınır, biz bunu Ağ Şəhər misalında görə bilərik. Ancaq 10-12 il əvvəl ayrı-ayrı tikinti şirkətlərinin və ozamankı Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətsiz davranışı nəticəsində yol infrastrukturuna diqqət yetirilmirdi, gələcəyə yönəlmiş şəkildə yanaşılmadı. Buna görə şəhərdə nəqliyyat ilə bağlı kifayət qədər ciddi problemlər var, demək olar, hər küçədə tıxac olur".

Deputatın sözlərinə görə, vəziyyəti dəyişmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ciddi araşdırmalar aparır: "Nazirlik çalışır ki, ən müxtəlif yollarla bu problemi aradan qaldırsın. Yollardan biri də cərimələr vasitəsilə nəqliyyatın dayanma-durma, yol hərəkətinin pozulması məsələsində nizam-intizam yaratmaqdır. Cərimələr olmayanda sürücü qaydanı pozur və bunun nəticəsində saatlarla tıxaclar yaranır".

"Cərimələrin başlıca fəlsəfəsi..."

F.Ağamalı qeyd edib ki, velosiped və skuterlər üçün də avtomobil yollarında zolaqlar ayrılır: "Bütün dünyada bu, səkidədir. Amma bizdə səkilər ensizdir deyə, avtomobil yollarının hesabına edilib. Bu da müəyyən problem yaradır, çünki sahibləri skuterləri harada gəldi parkinq edir. Əslində velosiped və skuter parkı yaradılmalıdır".

O, cərimələrin büdcəni doldurmaq üçün artırılması fikri ilə razı olmadığını vurğulayıb: "Cərimələrin başlıca fəlsəfəsi çəkindirməkdir. Əgər sürücü yol hərəkəti qaydalarını pozmursa, parklama qaydalarına əməl edirsə, deməli, cərimələnmir".

Eyni zamanda deputat hesab edir ki, işə gələn insanlar iş saatlarında parkinq ödənişindən azad olmalıdır.

Tənqidlərə, hələlik, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş rəhbər şəxslərindən münasibət almaq mümkün olmayıb.

Fazil Mustafa
Fazil Mustafa

"Vətəndaşı düşünmədən..."

Başqa bir deputat Fazil Mustafa məsələyə fərqli yanaşır. O, "Turan"a bildirib ki, cərimələrin artırılmasının heç bir ciddi faydası yoxdur. Onun fikrincə, parklanma üçün şərait yaratmaq lazımdır: "Şərait yoxdursa, insan nə etməlidir? Yəni, bunun heç bir məntiqi izahı yoxdur. Şərait varsa, adam niyə qaydanı pozmalıdır? Pozursa, deməli, şərait yoxdur. Bu məsələ ciddi müzakirə olunmalıdır".

Deputatın sözlərinə görə, bu məsələ insanların iş həyatına, iqtisadi münasibətlərə ciddi təsir edir: "Məncə, bu yolla sadəcə bir qurumun gəlir əldə etməsini təmin etmək məqsədəuyğun yol deyil. Daha çox düşünmək lazımdır ki, vətəndaş üçün necə şərait yaradaq. Cərimələrin artırılması vətəndaşı düşünmədən hansısa qurumun maraqlarını təmin etmək üçün bir addımdır. Cərimə islahedici bir addımdır, amma şərait yaradılmayıbsa, vətəndaş nə etməlidir? Mən cərimələrin bu qədər artırılmasını müsbət qarşılamıram".

Natiq Cəfərli
Natiq Cəfərli

"Məntiqlə əksinə olmalıdır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda son zamanlar parklama və şəhər infrastrukturunun yenilənməsi ilə bağlı bəzi işlər görülüb: "Bütün bunlar bu ilin noyabrında Bakıda keçiriləcək COP29-la ( BMT-nin iqlim konfransı) bağlıdır. Son cərimələrin artırılması ilə bağlı requlyativ orqana irad bildirəndə cavab verilir ki, bu, dünyanın hər yerində var. Doğrudan da, əlilliyi olan insanlar üçün ayrılmış parklama yerlərində kimsə maşını saxlayırsa, dünyanın bir çox yerlərində bu sərt cəzalandırılır. Azərbaycan da bu yolla getməyə çalışır".

Amma, iqtisadçının qənaətincə, burada problem başqadır: "Burada alternativlərin olmadığından söhbət gedir. Həm parklama, həm avtomobil infrastrukturu ilə bağlı vətəndaşlara alternativlər təklif olunmalıdır. Şəhərdə bir çox yerlərdə yeraltı dayanacaqlar var. Bu dayanacaqların hamısı dövlətə məxsusdur. Amma orada da qiymətləri qaldırıblar. Məntiqlə isə əksinə olmalıdır, dövlət vətəndaşlara daha ucuz təkliflər etməli idi. Bu, olmadı".

N.Cəfərli vurğulayır ki, bir çox ölkələrdə cərimələrin məbləği ilə insanların gəlirləri arasında korrelyasiya mövcuddur: "Dövlətin cərimə təyinetmə mexanizmi minimum əməkhaqqına və yaxud da orta əməkhaqqına bağlıdır. Bizdə belə bağlantı olmadığına görə istədikləri cəriməni təyin edirlər. Təbii ki, bu, doğru deyil. Ümumiyyətlə, ölkədə cərimələrin məbləği və həcmi ilə bağlı bir standart müəyyənləşməlidir. Bu standart minimum əməkhaqqı və minimum təqaüdlə uzlaşmalıdır".

XS
SM
MD
LG