Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:51

Qərb Çinin sülh təklif etmək haqqı olduğuna inanmır


Çin və Rusiya prezidentləri Si Tsinpin (solda) və Vladimir Putin (Arxiv fotosu)
Çin və Rusiya prezidentləri Si Tsinpin (solda) və Vladimir Putin (Arxiv fotosu)

NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) fevralın 24-də Çinin Ukraynada müharibəyə son qoyulması üçün təklifinə etinasız yanaşaraq deyib ki, Pekinin vasitəçi kimi çox da etimadı yoxdur:

"Çin o qədər də böyük etimada malik deyil, çünki Ukraynaya qanunsuz müdaxiləni pisləməyib”.

Tallində jurnalistlərin suallarına cavab verən NATO rəhbəri xatırladıb ki, Çin Rusiyanın Ukraynaya müdaxiləsinə bir neçə gün qalmış prezident Vladimir Putinlə razılaşma imzalayıb.

Reuters agentliyinin məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Çinin paylaşdığı sülh planı yox, onun bəzi prinsipləridir:

"Biz bu prinsiplərə müəyyən ehtiyatlanma ilə baxmalıyıq. Bunun səbəbi odur ki, Çin müdaxilədən az əvvəl Rusiya ilə hüdudsuz dostluq barədə saziş imzalamaqla, artıq müəyyən tərəf tutub. Odur ki, biz bu prinsiplərə Çinin bu məsələdə tərəf tutmasını nəzərə alaraq baxacağıq”.

Çinin “sülh planı”

Çin bundan əvvəl “Ukrayna böhranının siyasi tənzimlənməsinə” dair plan təklif etmişdi.

12 bənddən ibarət olan bu plan Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Pekin bu planda Ukraynada hərbi əməliyyatların dayandırılmasına, “Soyuq müharibə mentallığından xilas olmağa” çağırır.

Çin tərəfi sülh danışıqlarına başlamağı, “birtərəfli sanksiyaları” dayandırmağı, Ukrayna taxılının maneəsiz ixracının təmin olunmasını təklif edib.

Çinin təklifində beynəlxalq hüquqa, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət etmək çağırışı edilsə də, “bir ölkənin təhlükəsizliyinin başqa bir ölkənin təhlükəsizliyi hesabına təmin edilməsinin” düzgün olmadığı göstərilir:

“Regionun təhlükəsizliyi blokların gücləndirilməsi və genişlənməsi hesabına təmin edilməməlidir”.

Putinin dediyi kimi

Çin bütün ölkələrin “qanuni təhlükəsizlik maraqlarına” ciddi yanaşılmasına çağırır.

Yeri gəlmişkən bu, Ukraynaya müdaxilənin ərəfəsində Putinin Qərbə verdiyi ultimatumun bir bəndi idi.

Pekinin təkliflərində habelə mülkilərə və mülki obyektlərə, o cümlədən dinc nüvə obyektlərinə hücumlardan çəkinməyə çağırış edilir.

Çin münaqişədə nüvə silahından istifadəni birmənalı şəkildə istisna etdiyini bildirir.

Pekin bildirir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməmiş sanksiyalara əl atılmamalıdır.

ABŞ: Çin elə birinci bənddə dayana bilərdi

Çinin “sülh planına” rəsmi Vaşinqton da reaksiya verib.

ABŞ prezidenti Co Baydenin administrasiyasından bildiriblər ki, bu müharibə “günü sabah” qurtara bilər, çünki onu Putin başladıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) bu barədə deyib:

"Ukrayna Rusiyaya hücum etməyib. NATO Rusiyaya hücum etməyib, ABŞ Rusiyaya hücum etməyib. Bu Putinin başladığı müharibədir”.

Sallivan Çinin “sülh planı" ilə bağlı bildirib:

“Mənim ilkin reaksiyam budur ki, onlar elə birinci bənddə, məhz bütün ölkələrin suverenliyinə hörmət bəndində dayana bilərdilər”.

XS
SM
MD
LG