Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Cinayət Məcəlləsinə yeni – köklü dəyişikliklər qəbul olunarsa...


Azərbaycanda cəzaçəkmə müəssisəsi
Azərbaycanda cəzaçəkmə müəssisəsi

Azərbaycan prezidenti İlham Əliyevin cinayət qanunvericiliyinin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyi bildirilir. Ölkə başçısının parlamentə bununla bağlı qanun layihəsi göndərdiyi deyilir.

APA xəbər verir ki, qanun layihəsi təklifi Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edir.

Təklifdə nələr var?

Cinayət Məcəlləsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlərin (ümumilikdə 10-dan artıq cinayət tərkibinin) dekriminallaşdırılması təklif edilir.

Buna da bax:​ Ekspert: 'Cinayət Məcəlləsinə təkliflər qorxuludur'

Eyni zamanda mülkiyyət əleyhinə olan əməllərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə - 100 manatdan 500 manata kimi artırılması nəzərdə tutulur.

Bu təkliflər qəbul edilərsə, bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək.

Yeni cəza növü

Təkliflər Cinayət Məcəlləsinə yeni cəza növünün daxil edilməsini də nəzərdə tutur. Bunun azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədi daşıdığı bildirilir.

Buna da bax:​ İnternetdə saxta ad və hesablara görə cəza gəlir

Yeni cəza növü məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasını nəzərdə tutan azadlığın məhdudlaşdırılması cəzasıdır. Bu cəza növünün Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsinə alternativ cəza növü kimi daxil edilməsi təklif olunur.

Daha 80 maddənin sanksiya hissəsinə azadlıqdan məhrumetməyə alternativ olaraq cərimə və digər cəzaların daxil edilməsi təkliflərdə yer alıb.

Azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılır

Eyni zamanda Cinayət Məcəlləsinin 80-dən artıq maddəsinin sanksiya hissəsində azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılır. Bunun nəticəsində 35 cinayət əməli az ağır cinayətlərdən böyük ictimai təhlükə törətməyən cinayətlər, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilir.

Buna da bax:​ Dövlətin pulunu özününkü kimi xərcləyənləri ağır cəzalar gözləyir

Təklifdə Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutunun təkmilləşdirilməsi də nəzərdə tutulub.

20-dən artıq, cinayətdə zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunur.

Qanun layihəsi təklifi narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərin xəstə kimi qəbul edilməsini nəzərdə tutur.

Layihəyə görə, satış məqsədi olmadan narkotik vasitə əldə etmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlara stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq ediləcək. Şəxs sağaldıqda cinayət məsuliyyətindən azad ediləcək. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə veriləcək.

XS
SM
MD
LG