Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:02

Çovdarov məhkəmədən getdi və bir daha geri qayıtmadı...


Akif Çovdarov.
Akif Çovdarov.

Məhkəməsi gedərkən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarovun vəziyyəti yenə pisləşib.

Hakimin icazəsiylə zaldan çıxarılan Çovdarov bir daha geri qayıtmayıb. Generalın qayıtmadığını görən hakimlər onun iştirakı olmadan məhkəməni davam etdirməyi məqbul saymayıblar.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

“Deyəsən, içəri girmək istəyirsən...”

Akif Çovdarovun, elədə də onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun fevralın 20-də keçirilən məhkəməsində "Yeni Yasamal" Mənzil-Tikinti Kooperativinin rəhbəri Cahangir Alışov da zərərçəkən statusunda ifadə verib. O, 2010-cu ilin may-iyun aylarında MTN-ə çağrıldığını, MTK-nın layihə-smeta sənədlərini də özüylə gətirməyi tələb etdiklərini deyib. Ertəsi gün sənədləri götürüb nazirliyə gedib: “Məndən digər təsisçi Nəsib Əliyevin "Yeni Yasamal" MTK-da payının olub-olmadığını soruşdular. Dedim ki, 33 faiz payı var. Bildirdilər ki, rəhbərliyin göstərişinə görə, Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adına rəsmiləşdirilməlidir. Dedim ki, payına düşən mənzil və qeyri-yaşayış sahələrini onun özü artıq müxtəlif adamlara satıb. Həmin gün məni buraxdılar, amma ertəsi gün yenə çağırdılar. Bu dəfə Akif Çovdarovla onun otağında görüşdüm. Çovdarov mənə dedi ki, get, sənədləri imzala, 500 min manat verəcəksən. Mən Çovdarova o qədər pulumun olmadığını dedim. O isə əsəbi şəkildə hədələyib dedi ki, deyəsən, içəri girmək istəyirsən”.

“Qorxdum ki, mənə və ailəmə təhlükə yaradarlar”

Zərərçəkən deyir ki, 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmini MTN-dən verilmiş siyahıdakı adamların adlarına keçirib. Toplam 27 müqavilə tərtib ediblər. Halbuki həmin evlər daha əvvəl başqa adamlara satılmış mənzillər olub, pulları da əvvəlcədən alınıbmış.

Buna da bax: Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

Cahangir Alışovun sözlərinə görə, bu əmlakları almaqla ondan əl çəkməyiblər, 500 min manatı da tələb ediblər. Xeyli danışıqlardan sonra məbləğ 350 minə endirilib və o pul da üç dəfəyə MTN-ə göndərilib.

2015-ci ilin oktyabrında MTN-lə bağlı məlum hadisələrədək Cahangir Alışov heç yerə şikayət etməyib. Səbəbini belə izah edir: “Səbəb - Akif Çovdarov və onun əməkdaşları tərəfindən mənə və ailə üzvlərimə qarşı təhlükə yaranacağından qorxmağım idi”.

Akif Çovdarov və daha üç nəfərin məhkəməsi fevralın 22-də davam edəcək.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı olaylardan sonra nazirliyin 21 keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb edilənlərdən biri - general Natəvan Mürvətova barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, məhkəməyə evindən gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Generallar da daxil, keçmiş MTN-çilərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun təməlində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG