Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:00

Koronavirusa qarşı vaksinlər sınaqdan keçirilir


The Independent qəzeti yazır ki, ABŞ alimləri COVID-19 virusuna qarşı mübarizədə səmərəli ola biləcək yeni vaksin üzərində işləyirlər.

Ekspert rəylərinə görə bu vaksin koronavirusa qarşı kifayət qədər anticism yarada bilir.

Xəbər verilir ki, Pitsburq Universitetinin tibb fakültəsinin tədqiqatçıları tərəfindən siçanlar üzərində sınaqdan çıxarılmış bu vaksin mikroiynələr vasitəsilə vurulduqdan sonra iki həftə ərzində koronavirusu “neytrallaşdıra” biləcək qədər anticism yaradır.

Araşdırma müəllifləri sınaqların insanlar üzərində aparılması məqsədilə ABŞ Qida və Dərman Administrasiyasından icazə istəyiblər.

Koronavirusların oxşar xasiyyəti

Bütün dünya boyunca müxtəlif ölkələrin alimləri indiyədək 50 min insanın həyatına son qoymuş koronavirusa qarşı səmərəli vaksinin axtarışındadır.

Lakin Pitsburqda hazırlanan COVID-19 vaksini müstəqil ekspertlər tərəfindən bəyənilmiş ilk preparatdır.

Pitsburq alimlərini vaksin axtarışında başqa həmkarlarından irəli salan bu olub ki, onlar indiyədək 2003-cü və 2004-cü illərdə baş vermiş epidemiyalara səbəb olan Sars və Mers viruslarını araşdırıblar.

Pitsburq Tibb Məktəbindən professor Andrea Gambotto deyib ki, sözü gedən iki köhnə virus yeni tipli COVID-19 virusu ilə ortaq cəhətlərə malikdir.

Bu virusların araşdırılması göstərib ki, bənzərlik üç virusun “tac çıxıntılarındakı” zülaldadır (protein). Bu zülal virusun hüceyrəyə yapışmasını və deməli insanı xəstələndirməsini təmin edir.

Şəkərdən hazırlanmış iynəciklər

Müəlliflərin PittCoVacc adlandırdıqları namizəd vaksin laboratoriya şəraitində qrip vaksininin hazırlandığı metodologiya ilə işlənir.

Vaksinin səmərəliliyini maksimum artırmaq məqsədilə alimlər onun yeridilməsinin orjinal metodunu işləyiblər.

Bunun üçün barmağın ucu boyda plasterin üzərinə 400 ədəd kiçicik iynələr və ya mikroiynələr otuzdurulur.

Sonradan bu plaster dərinin immun reaksiyası ən güclü olan hissəsinə yapışdırılır və iynələr “çıxıntı zülallarını” orqanizmə yeridir. İynəciklərin hazırlanığı material da maraqlıdır.

Tamamilə şəkər və zülal parçalarından ibarət iynəciklər vurularkən sadəcə olaraq əriyib dərinin içərisinə keçir.

Araşdırmanın həmmüəllifi, dermatologiya professoru Louis Falo deyib ki, əslində vaksinin bucür yeridilməsi üsulundan suçiçəyi peyvəndində də istifadə edilib, amma yeni metod yüksək texnologiyaya əsaslandığından daha səmərəli və tamamilə ağrısızdır.

Alimlər bildirirlər ki, onların sistemi bu vaksindən kütləvi istehsal etmək imkanı verir.

Bundan başqa PittCoVacc vaksini otaq temperaturunda uzun müddət saxlana bilər və deməli əlavə soyuducu xərclərinə ehtiyac qalmayacaq.

İnsanlar üzərində sınaq azı bir il çəkəcək

Alimlər deyirlər ki, PittCoVacc siçanlarda COVID-19-a qarşı çox sayda anticmlərin yaranmasına təkan verib.

Vaksinin uzun müddətdə təsiri hələ tam öyrənilməyib, amma Pitsburq alimlərinin bundan əvvəl siçanlara vurduqları Mers vaksini, virusu azı bir il yaxına buraxmayacaq qədər anticism yaradıb.

Tədqiqatçılar inanırlar ki, COVID-19-a qarşı hazırlanmış vaksinin də anticism keyfiyyəti təxminən eyni olacaq.

Professor Falo deyib ki, vaksinin insanlar üzərində sınağına azı bir il vaxt lazım gələcək.

Bu arada Avstraliyadan olan alimlər bildiriblər ki, onlar COVID-19-a qarşı namizəd vaksinin gəlinciklər (xəzdərili heyvan) üzərində sınağına başlayıblar.

İngiltərədəki Oksford Universitetində isə başqa bir namizəd vaksinin qarşıdan gələn həftələrdə insanlar üzərində sınağı başlanacaq.

XS
SM
MD
LG