Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:45

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi dayanıbmı?


Aprelin 23-də basdırılmış iki sərhəd dirəyi
Aprelin 23-də basdırılmış iki sərhəd dirəyi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti avqustun 13-də Azərbaycanla sərhədin delimitasiya prosesi ilə bağlı çox yığcam məlumat verib.

Bu prosesdə Ermənistanı təmsil edən baş nazir müavini Mher Qriqoryan danışıqların davam etdiyini bir daha təsdiq edib.

Azatutyun yazır ki, bundan təxminən bir ay əvvəl hökumətə sorğu ilə müraciət edib, amma bu sorğuya yalınız avqustun 13-də yazılı cavab alıb.

Sorğuda Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyasının prinsiplərinə dair əvvəlcədən planlaşdırıldığı kimi iyulun 1-dək niyə razılıq əldə olunmadığı soruşulurdu.

Qriqoryanın ofisi bu sorğunu konkret olaraq cavablandırmayıb, yalnız danışıqların “konstruktiv axarda” davam etdirildiyini bildirib:

“Bu danışıqların yaxın gələcəkdə yekunlaşırılması və daha sonra isə sərhədin, anklav və eksklavlar da daxil qalan hissələrinin demarkasiyası planlaşdırılıb”.

Ötən may ayında Azərbaycan və Ermənistan Qazax və Tavuş rayonları arasındakı sərhədin bir neçə sektorunun demarkasiyasını başa çatdırmışdılar.

Aprelin 19-dan başlanan bu prosesin çərçivəsində Qazax rayonun Ermənistan qüvvələrinin nəzarətində olan dörd kəndi 1970-ci illərin sovet xəritələrinə uyğun şəkildə Bakının nəzarətinə qaytarılıb.

Səbəbini izah etmirlər

Ermənistan müxalifəti tərəfindən Azərbaycana “birtərəfli güzəşt” kimi qiymətləndirilən bu hadisədən sonra sərhədyanı kəndlərin bəzi sakinləri narazılıqlarını bildirmişdilər. Sonradan Tavuş rayonunun arxiyepiskopu Baqrat Qalstanyan bu narazılıqları etiraz hərəkatında birləşdirərək Yerevana yürüş etmişdi.

Ermənistan paytaxtında keçirilən bir neçə mitinqdə keşiş artıq demarkasiya prosesini tənqid etmir, baş nazir Nikol Paşinyanın istefasına çağırırdı. Bu etirazlar iyunun 12-də polis və nümayişçilər arasında ağır toqquşmalarla başa çatıb.

Azatutyun xatırladır ki, demarkasiya prosesinə başlamazdan əvvəl Yerevan və Bakı vəd etmişdilər ki, 1000 kilometrlik sərhədin delimitasiya və demarkasiyası üçün birgə fəaliyyət qaydalarını iyulun 1-dək elan edəcəklər.

Ermənistan rəsmiləri bunu da bildirmişdilər ki, delimitasiya və demarkasiyanın prinsipləri Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması üçün əsas olacaq.

Buna baxmayaraq tərəflər bu prosesin iyulun 1-dək niyə baş çatmamasının səbəbini izah etməyiblər.

“Misli görünməmiş məxfilik”

Ermənistan müxalifəti isə bu dəfə hakimiyyəti ərazi güzəştlərinə baxmayaraq sərhədin delimitasiyasını bacarmamaqda ittiham edir.

Müxalifətdən olan millət vəkili Tiqran Abrahamyan Azatutyuna deyib ki, Ermənistan-Azərbaycan danışıqları hazırkı mərhələdə “misli görünməmiş məxfiliklə” əhatə olunub.

Deputat deyib ki, Ermənistan ictimaiyyətinə bu proseslə bağlı kifayət qədər məlumat verilmir:

“Təbiidir ki, sərhəd demarkasiyası prosesinin mürəkkəbliyi, problematikliyi və incəliyi şəraitində Ermənistan hakimiyyəti mümkün qədər az informasiya açıqlamağa üstünlük verir”.

Abrahamyan xatırladıb ki, Ermənistan hökuməti Azərbaycanın dörd kəndi geri istəməsi tələbini da ictimaiyyətdən uzun müddət gizlətmişdi.

Müxalifət iddia edir ki, son sərhəd demarkasiyası daha bir münaqişə başlanacağı təqdirdə Ermənistanın Tavuş rayonunu daha müdafiəsiz vəziyyətə salıb.

Ermənistan baş naziri Nikol Paşinyan bir qayda olaraq belə tənqidləri rədd edir və bildirir ki, sərhədin demarkasiyası, əksinə, Azərbaycanın iddialarına son qoymaqla Ermənistanın təhlükəsizliyini artırır.

Ermənistan hökuməti ümid etdiyini bildirir ki, Azərbaycanla sərhədin demarkasiyası, Azərbaycanın nəzarətində olan Ermənistan əraziləri də daxil başqa sektorlarda davam etdiriləcək.

Baş nazir may ayında sərhədin delimitasiya olunmuş hissəsinə baş çəkmişdi
Baş nazir may ayında sərhədin delimitasiya olunmuş hissəsinə baş çəkmişdi

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Tərəflər may ayında sərhədin Qzax-Tavuş sektorunda bir sıra ərazilərin delimitasiyasını həyata keçirmişdilər.

O vaxtdan bəri sərhəd komissiyalarının işi barədə heç bir xəbər verilmir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG