Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:19

Dollara tələbatın artmasının səbəbləri…


"Devalvasiya şayiələri getdikcə daha çox yayılır".
"Devalvasiya şayiələri getdikcə daha çox yayılır".

Azərbaycanda yanvardan dollara tələbat artmağa başlayıb.

Dövlət Neft Fondu (ADNF) 2024-cü ilin yanvarında 417 milyon ABŞ dolları məbləğində vəsait satıb. Ötən ilin eyni ayında Fond 2.2 dəfə az və ya 188.5 milyon ABŞ dolları satmışdı.

Son hərrac istisna olunmaqla fevralın birinci yarısında da bu proses davam edib.

Fevralın 13-də Mərkəzi Bank (AMB) ABŞ dollarına tələbin ciddi artımı ilə yadda qalan valyuta hərracı keçirib. Bankların sifarişləri rekord məbləğdə - 151.1 milyon dollar təşkil edib. Bu, öncəki (8 fevral) hərracdakından 2.5 dəfə çox idi.

Bu gün, fevralın 15-də tələbat nisbətən azalıb.

Təkcə bu ayın ilk 15 günündə hərracda düz 474.8 milyon dollar əl dəyişdirib.

Mərkəzi Bank
Mərkəzi Bank

AMB: "Dövlət layihələrinin icrası və idxal ilə bağlıdır"

AMB-dən "Turan"a bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi ilə əlaqədardır".

Vurğulanır ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 faizində təklif tələbi üstələyib: "Bu meyllərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da yazır ki, neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb: "Aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil".

N.Cəfərli
N.Cəfərli

"Devalvasiya şayiələri getdikcə daha çox yayılır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda dollara tələbin artması ilə bağlı bir neçə səbəb göstərmək olar: "Birincisi, ilin əvvəlində büdcə xərcləmələri açılır və belə məlum olur ki, onların bir qismi layihələrdə nəzərdə tutulmuş texniki avadanlıqların, maşınların, digər vasitələrin alınması üçün xaricə dollar olaraq köçürülür".

Ekspertin sözlərinə görə, ikinci səbəb odur ki, Novruz bayramı öncəsi yerli məhsul azdır deyə, sahibkarlar xaricdən daha çox mal sifariş verirlər: "Amma üçüncü səbəb də var və bu, çox ciddi məsələdir. Əlaqədar dövlət qurumları, o cümlədən də Mərkəzi Bank və Maliyyə Nazirliyi bu ajiotajın yarandığını görürdülər, amma bununla bağlı hər hansı önləyici addımlar atmayıblar. Nəticə etibarilə də bu ajiotaj getdikcə artdı... Çünki devalvasiya şayiələri getdikcə daha çox yayılır".

İqtisadçının fikrincə, getdikcə dollara tələbatın çoxalması manata təzyiqləri artırsa da, bu, qısa bir müddətdə devalvasiyanın olacağı anlamına gəlmir: "Büdcə parametrlərinə, ölkənin tədiyyə balansına baxarkən 2024-cü il ərzində devalvasiyanın olacağı ehtimalı çox aşağıdır. Amma bu o demək deyil ki, devalvasiya heç vaxt olmayacaq... Hökumət üzən məzənnəyə keçməsi ilə bağlı heç bir addım atmadığına görə gələn ilin sonuna yaxın artıq devalvasiya və yaxud da manatın məzənnəsi ilə bağlı qərarların verilməsi qaçılmaz olacaq".

XS
SM
MD
LG