Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

Dondar Quşçuda külə dönən əkin sahələri


Quraqlıq. Foto arxiv
Quraqlıq. Foto arxiv

«Hektarlarla sahəni əziyyətlə əkirik, xirtdəyədək borca-xərcə giririk. Sevinirik ki, payızda taxılımız, kartofumuz olacaq, yığıb, satıb qışa tədarükümüzü görəcəyik. Odunumuz, azuqəmiz olacaq. Ancaq yayın ortasında hər şey puç olur».

Tovuzun Dondar Quşçu kəndinin sakini Rafiq Sultanovun arzularını yayın qızmarında puça çıxaran səbəb susuzluqdur. Deyir, hektarla sahədə həvəslə əkin işləri aparıb, indi susuzluqdan əkin zay olur.

Dondar Quşçuda arzuları taxılla külə dönən təkcə Rafiq kişi deyil. Kəndlilər qızmar günəş altında əkin sahələrinin susuzluqdan yanması qarşısında çarəsiz qalıb.

«TORPAĞA BASDIRDIQLARIMI EŞİM ÇIXARIM»

Kənd sakini, 76 yaşlı Mirzə Qulamov deyir, təqaüdlərini toplayıb 400 kilo kartof əkib. Ancaq sahədə suvarma işləri görə bilmir. Çünki su yoxdur:

«Bizim əsas dolanışığımız taxıldan, kartofdan çıxır. Əslində, heç dolanışıq da demək olmaz. Taxıl, kartof, kələm yalnız acından ölməmək üçün karımıza çatır. Yığıb satırıq, qışa ehtiyat odun, qida alıb yığırıq ki, yaza salamat çıxaq. İndi suvarma vaxtıdır, göydən də od tökülür, kartof sahələri cadar-cadar olub. Əkdiyim kartoflar çürüyüb deyə, məcburam ki, indi də təzədən xərc çəkib ağır texnika gətizdirim, torpağa basdırdıqlarımı eşim çıxardım, aparım töküm çaya...».

Məsələ ondadır ki, Dondar Quşçudakı əkin sahələrinin suvarma suyunun mənbəyi bir neçə kənd aralıdadır. Su anbarından Dondar Quşçuya gəlib çatanadək azı dörd kənddən keçir. Kəndlilər demiş, su elə həmin kəndlərdə «ilişib qalır». Susuzluqdan təkcə əkin sahələri yox, meyvəçilik təsərrüfatları da tələf olur.

Dondar Quşçu sakini Cənnət Həsənovanın həyətində 300-dən çox müxtəlif meyvə ağacı quruyub. O, ağacların barından əldə etdiyi qazancla dörd əlili dolandırdığını deyir:

«Həyətdən keçən arx qupqurudur. 300 ağacı suvarmağa heç maşınla alınan su da yetməz. Dörd əlil gözünü mənə, mən də ağaclara dikmişəm. Meyvə yetişməmiş quruyub tökülür».

«İSTİ SUYU BUXARLANDIRIR»

Tovuz rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, suvarma suyuna görə cavabdehliyi rayonun Suvarma Sistemləri İdarəsi daşıyır. Ancaq həmin idarə də çarəsiz durumda qalıb. Çünki suvarma mənbəyi olan anbardakı su buxarlanır:

«Yay aylarında anbarda kəskin azalma olur. Bu da təbiidir. İsti suyu buxarlandırır. İdarə problemin qarşısını xüsusi qurğularla almağa çalışır. Ancaq yenə də tam həll etmək mümkün deyil, heç də hamı razı qalmır».

Qurumdan bildirilib ki, gələcəkdə həmin kəndlərdəki suvarma işlərinin yaxşılaşdırılması üçün alternativ tədbirlərin görülməsi nəzərdə tutulub.

XS
SM
MD
LG