Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:14

Baş prokurorun oğlu da hərbi xidmətə DTX-ya göndərilibmiş...


Baş prokuror Kamran Əliyev
Baş prokuror Kamran Əliyev

Baş prokuror Kamran Əliyevin də oğlu hərbi xidmətə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilibmiş. Bunu əvvəllər MTN-də, 2015-ci ildə nazirliyin bazasında DTX yaranandan sonra isə orada şöbə rəisi, müstəntiq işləmiş polkovnik Yasin Məmmədov fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində deyib.

İndiyədək bir sıra yüksəkvəzifəli şəxslərin övladlarının hərbi xidmətlərini DTX-da keçdiyi bəlli idi. Onların arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev, 20 ildən artıq Baş nazirin müavini və "Qaçqınkom"un sədri olmuş Əli Həsənovun nəvəsi (həm də Dövlət Sərhəd Xidməti rəisinin kürəkəni-red.), iki nəfərin öldüyü yol qəzasını törətmiş Nail Allahverdiyev və başqalarının adlarını çəkmək olar.

İntiqam qurbanı olduğunu deyir

Apellyasiya məhkəməsində Məmmədovun şikayətinə baxılır. O, daha üç nəfərlə birlikdə məhkəmə qarşısında dayanıb. Bunlar keçmiş MTN generalı, uzun illər bu qurumun İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev, polkovniklər Vüsal Ələkbərov Sahib Ələkbərovdur. Onların dördü haqqında da hökmü sentyabrda Bakı Hərbi Məhkəməsi çıxarıb. Hamısı da həmin hökmdən narazı qalıb, apellyasiya şikayəti veriblər.

Fevralın 13-də məhkəmədə təqsirsiz olduğunu deyən Məmmədov iddia edib ki, o, intiqamın qurbanı olub. Onun sözlərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsinin keçmiş rəisi, təxminən 15 il bu vəzifədə çalışmış Eldar Əhmədov ondan qisas alıb. Keçmiş MTN polkovnikinin dediyinə görə, o, vaxtilə bir neçə ümumi iclasda müəyyən məsələlərlə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinin, konkret olaraq, Əhmədovun fəaliyyətini tənqid edib: "Buna görə Eldar Əhmədov məndən qisas alır. İstər Eldar Əhmədov, istərsə də müstəntiqlər Qasım Məmmədov, Əli Babayev mənim işimlə bağlı istintaqı qanunsuz aparıblar, heç bir sübut-dəlil toplamadan ittiham irəli sürüblər...".

"Oğlundan maraqlansa, necə biri olduğumu bilər"

Kamran Əliyev Baş prokuror təyin ediləndən az sonra – 2020-ci ilin iyununda Eldar Əhmədov Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qasım Məmmədov isə 2022-ci ilin dekabrın sonunda bu idarənin rəis müavini təyin edildi.

Zərərçəkmiş qismində tanınan şəxslərin özlərini dələduzluq və başqa qanunsuz əməllərdə ittiham edən Yasin Məmmədov iddia edib ki, onların heç birindən nə pul istəyib, nə də alıb. Ona görə də həmin şəxslər barədə məhkəmə hökmləri qüvvədədir.

Məmmədov Baş prokurorun oğlunun DTX-da hərbi xidmət keçdiyini yada salaraq onun haqqında məlumatları Kənan Əliyevdən soruşmasını xahiş edir: "Onu mənim şöbəmə vermişdilər. Mən ona əsgər kimi yox, istintaqçı kimi yanaşırdım. Xarici dil bilirdi, savadlı idi, istəyirdim ki, xüsusi xidmət orqanlarında xidmətini davam etdirsin. Amma özü istəmədi. Bu gün barəmdə Baş prokurora mənfi fikirlər çatdırırlar. Amma oğlundan maraqlansa, necə biri olduğumu bilər...".

Zərərçəkmişlərə ittiham

Keçmiş MTN polkovnikinin dediyinə görə, öz ailəsinin maddi durumu o qədər ağırlaşıb ki, oğlu təhsil haqqına görə ofisiant işləmək məcburiyyətində qalıb.

Məmmədov zərərçəkmişlərin yalan danışdığını, MTN kimi bir quruma onların dedikləri məbləğlərdə pul dolu çantaların gətirilməsinin mümkünsüz olduğunu vurğulayıb.

Zərərçəkmişlər isə, əksinə, deyirlər ki, Məmmədovun özü yalan danışır. Onların sözlərinə görə, həmin vaxt nazir Eldar Mahmudovun da baş verənlərdən xəbəri vardı və onların hərəkətlərinə icazə verirdi. Bu üzdən əməkdaşlar da heç nədən çəkinmədən istədiklərini edirdilər: "İstədikləri adamı gətirirdilər, pul tələb edirdilər, verməyəndə saxta ittihamı düzüb-qoşub həbs eləyirdilər. İndi uzanıb-qızarmadan yalan danışırlar...".

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir, digər üç nəfər isə sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onlar bildirib ki, əgər ortada kiminsə qanunsuz həbs olunması varsa, buna görə prokurorluq, həbs-qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG