Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:32

‘Döyülməkdən əynimdə paltar da qalmamışdı...’


İllüstrasiya
İllüstrasiya

"Başıma dubinkayla o qədər vurmuşdular ki, stula bağlayıb divara çırpırdılar. Baxmırdılar ki, baş dəydi, bədən dəydi. Döyülməkdən əynimdə paltar da qalmamış, hamısı cırılmışdı. Mənə Kəpəz Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındakı adamların paltarlarından verdilər, geyindim", - Gəncə hadisələrinə görə həbs olunmuş Vüqar Xudiyevin sözləridir.

Vüqar Xudiyev Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində və hadisə sırasında polislərə müqavimət göstərməkdə ittiham olunur.

O, daha beş nəfərlə - Elman Rüstəmov, Nemət Heydərli, Elvin Allahverdiyev, Elvin Nəzərov və Renat Məmmədovla eyni qrupda mühakimə edilib. Bu adamlara 6 ildən 8 ilədək həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmədiklərindən, hökmdən apellyasiya şikayəti veriblər.

İyulun 23-də bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova hakimlərdən xahiş edib ki, adamların işgəncə şikayətlərini araşdırmaqdan ötrü müxtəlif dövlət orqanlarına sorğular göndərilsin.

Vəkil məhkəmənin Gəncədəki Nizami və Kəpəz rayon polis idarələrindən və 2 saylı istintaq təcridxanasından videogörüntülər alınmasını istəyir. Sözügedən görüntülər ötən ilin iyuluna aiddir. Müdafiəçinin fikrincə, o videolara baxılsa, həbs olunanların işgəncəyə məruz qalmaları barədə deyilənlərin doğru olub-olmadığı aydınlaşar.

İnzibati həbs qərarı işə əlavə edilməyib?

Vüqar Xudiyev Gəncədə aksiya olan gün dostlarıyla "İmamzadə" ziyarətgahına getdiyini bildirir. Polis onları çayxanadan tutub aparıb. İnzibati xəta protokolu tərtib ediləndən sonra, Nizami Rayon Məhkəməsinin qərarı ilə, onlara 20 sutka inzibati həbs cəzası verilib. Di gəl, məhkəmədən sonra onları polis idarəsinə qaytararaq, orada bir neçə gün işgəncə veriblər və ardından iğtişaşların təşkili və polisə müqavimət ittihamıyla cinayət işi başlanıb.

Vəkil həmin inzibati həbs qərarının iş materiallarında olmadığını məhkəmənin diqqətinə çatdırıb və bu qərarın da işə artırılmasını xahiş edib.

Vüqar Xudiyevin istintaqdakı dindirmə protokolunun sübutlar arasından çıxarılmasını da istəyən vəkil vəsatətində də həmin protokolun işgəncə altında imzalandığını göstərib:

"Bu adama istintaq dövründə ailəsilə danışmağa imkan verilməyib. Dövlət hesabına vəkil onunla konfidensial görüşməyib".

Hakimlər bu vəsatətlərin heç birini təmin etməyiblər.

Məhkəmə avqustun 1-də davam edəcək.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından, Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb.

Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirdiyinə görə, Gəncə olayları ilə bağlı toplam altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib.

Onlardan, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Hakim önünə çıxarılanlar, əsasən, zorakılıq və talan törətməkdə, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər.

Onlara 5 ildən 9 ilədək həbs cəzası verilib. Məhkum edilənlərin çoxu özünü təqsirli bilmədiyini deyib.

Daha bir neçə qrupun məhkəməsi davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib. İndiyədək bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanıb.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG