Bir kompüterin bütöv bir otağı tutduğu zamandan yarım əsr keçib. İndi siz kompüterinizi asanlıqla öz bel çantanızda daşıyırsınız. Üstəlik, bel çantanıza yerləşən kompüter otaq boyda olan kompüterdən dəfələrlə güclüdür.
Kompüterlərdən mobil telefonlaradək, müasir texnologiyanın inkişafı əsasən hər şeyin get-gedə daha da kiçilməsi, yığcamlaşması deməkdir.
Elektriklə işləyən maşınlarda vəziyyət bir qədər fərqlidir.
Düşünə bilərsiniz ki, dünyanın elektriklə işləyən ən iri maşını ya təyyarə, ya da gəmidir. Ancaq hazırda bu ad Elektro Damper, yaxud qısaca “eDumper” adlanan mədən yük maşınına məxsusdur.
The Driven saytı yazır ki, Kuhn Schweiz AG şirkətinin istehsalı olan bu yük maşınının tam yüklənmiş halda çəkisi 111 tondur. Hazırda İsveçrənin Biel ərazisində işləyən bu prototip eyni zamanda 60 ton daş daşımağa qadirdir.
Yük nə qədər ağır olsa...
Tamamilə elektriklə çalışan Komatsu eDumper-in təkcə batareyasının çəkisi yarım tondur. Batareyanın gücü isə 600 kilovatdır.
Eyni zamanda 65 ton yük daşımağa qadir olan bu mədən maşını yoxuşu qalxmaq üçün batareyadan istifadə edir.
O, digər elektrik avtomobilləri kimi, eniş zamanı enerjini bərpa etmək üçün regenerativ əyləcdən yararlanır. Üstəlik, yük nə qədər ağır olsa, maşın bir o qədər çox enerji bərpa edir.
Regenerativ əyləc sayəsində sürücü əyləci basanda eDumper-in elektrik mühərriki geri işləyərək elektrik enerjisi istehsal edir, bu enerji isə yenidən batareyalara qaytarılır və otaqda saxlanır.
2017-ci ilin Formula E çempionatının qalibi Lucas di Grassi ötən ay eDumper-in test-drayvını edib, daha sonra Youtube-da bu haqda video paylaşıb.
“Biz maşına 75 ton daş yükləmişdik. 90% enerji ilə yola çıxdıq. Yol boyu ancaq yuxarı qalxdıq. Biz çatanda batareyamız 80% göstərirdi… Geri qayıdanda enerjinin 8%-i bərpa olundu. Beləliklə biz 88% enerji ilə qayıtdıq. Əslində, bu, çox əladır”, – di Grassi eDumper-in yoxuş sürüşündən sonra deyib.
2014-cü ildə dünyada ilk dəfə ABB Formula E yarışında qalib olmuş di Grassi çempionatın beş illik tarixində ən uğurlu sürücüdür. Yük maşınının enerjini bərpa etmək qabiliyyəti onu heyrətləndirən yeganə xüsusiyyət deyilmiş:
“Belə başa düşürəm ki, onun batareya gücü 10 dəfə, enerjisi isə üç dəfə artıqdır. Yəni, o üç formula E maşınının enerjisinə malikdir. Motoru gördüm, o nəhəngdir, son dərəcə heyrətamizdir”.
İldə 50 min ton dizel yanacağına qənaət edir
eDumper-in təkərlərinin hündürlüyü 1,8 metrdən artıqdır. Bu, onlara hətta sərt hava şəraitində belə mailliyi 13%-dən artıq olan yolların öhdəsindən gəlmək imkanı verir.
Özünün boyu 1,79 m olan Di Grassi üçün bu, qeyri-adidir: "Bu nəhəngdir – əladir".
Dizel emissiyaları və onların ətraf mühitə təsiri ilə bu qədər bağlı sənaye sahəsində elektriklə işləyən mədən maşınlarının olması ciddi məsələdir.Belə nəhəng proporsiyaları olan, ənənəvi yanacaqla işləyən yük maşınları karbon emissiyaları baxımından xüsusilə problemlidir.
eDumper 600 kilovatlıq batareyası (bu, yeddi Tesla Model S 75Ds-in gücünə bərabərdir) və regenerativ əyləc sistemi sayəsində ildə 50 min ton dizel yanacağına qənaət edir. Bundan başqa, o, karbon dioksidi emissiyalarının həcmini ildə 130 ton azaltmağa qadirdir. Bu göstəricilər mədən sənayesində istifadə olunan hər bir eDumper-ə aiddir. Bu, ətraf mühitə təsir baxımından çox ciddi rəqəmlərdir.
“Bu, əsl möcüzədir. Bu, elektrik avtomobilin real dünyada tətbiqidir. Daha ucuz, daha səmərəli, daha təmiz”, – di Grassi deyir.