Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Düyü və qarabaşaq dolu vaqonları gömrükçülər niyə buraxmayıb


Düyü
Düyü

«Tural-İ-91» şirkətinin rəhbərliyi iddia edir ki, gömrük əməkdaşları ölkəyə gətirilən məhsulları müxtəlif bəhanələrlə saxlayıb, artıq pul alandan sonra buraxır. Şirkət bu məsələni məhkəməyə çıxarıb. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsini məhkəməyə verən şirkət rəhbərliyi onlardan artıq alınan pulun qaytarılmasını, yüklə dolu vaqonların uzun müddət saxlanmasına görə düşdükləri ziyanın ödənilməsini, üstəlik, mənəvi zərərə görə də 100 min manat təzminat tələb edir.

Düyü doğranmış olub, ya bütöv?

«Tural-İ-91» şirkətinə Rusiyanın Altay Respublikasından («Planeta Krup» ASC) 2 min 700 kisə qarabaşaq göndərilib. Məhsulun ümumi çəkisi 67.5 ton olub. Şirkət rəhbərliyi sənədlərdə göstərib ki, məhsulun 1 tonunun qiyməti 200 (ümumilikdə isə 15525) dollar olub.

Şirkət rəhbərliyi iddia edir ki, gömrükçülər heç bir qanuni əsas olmadan qarabaşaq kisələri olan vaqonları saxlayıblar. Gömrük rüsumundan əlavə, 1894 manat artıq pul alandan sonra məhsulu buraxıblar. Vaqonların saxlanmasına görə Dövlət Dəmiryol İdarəsi də onlardan 2786 manat pul alıb.

Elə həmin ərəfədə «Tural-İ-91» şirkətinə Qazaxıstandan da hər biri 25 kiloqramlıq olan 2720 kisə (68 ton) düyü göndərilib. Şirkət rəhbərliyinin sözlərinə görə, düyüyə görə onlardan 6 min manat əlavə pul alınıb:


«Göndərilən məhsul bölünmüş düyü olub. Mal gömrük orqanına bəyan edilib, gömrük haqqı ödənilib. Lakin gömrükçülər düyünün tam doğranmış yox, içərisində bütöv düyülərin də olmasını iddia ediblər. Nəticədə Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılıb. Son nəticədə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılıb. Ardınca ikinci dəfə gömrük bəyannaməsi tərtib edib, 6013 manat artıq pul alandan sonra düyünü buraxıblar».

Məhkəmələr iddianı təmin etməyib

Gömrükçülərin bu cür davranışından həm də mənəvi ziyan çəkdiyini – sarsıntı keçirdiyini iddia edən şirkət rəhbərliyi Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran şirkət qarabaşağa görə 1894 manat, düyüyə görə 6013 manat artıq ödənilmiş vəsaitin qaytarılması, Dəmir Yolu İdarəsinə verilmiş 2786 manatın qarşılanması, mənəvi ziyana görə də 100 min manat (50 min qarabaşaq, 50 min də düyüyə görə) kompensasiya ödənilməsini tələb edir.

Amma məhkəmə şirkətin iddiasını təmin etməyib. Qərarında da yazıb ki, «Tural-İ-91» şirkətinin xaricdən gələn mallarını gömrüyün müvəqqəti saxlanc anbarlarında pulsuz saxlamaq hüququ olub, amma bu hüququndan istifadə etməyib.

Bu qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də nəticəni dəyişməyib. Üstəlik, mənəvi ziyanla bağlı məsələdə də fərqli qərar verib. Hakim Mirzə Tağızadə öz qərarında yazıb ki, iddiaçı «Tural-İ-91» şirkəti hüquqi şəxsdir. Gömrük əməkdaşlarının hərəkətlərindən hüquqi şəxsin sarsıntı, iztirab keçirməsi mümkün deyil. Ona görə iddia bu hissədə, ümumiyyətlə, mümkün sayılmayıb.

Şirkət rəhbərliyi Ali Məhkəməyə də üz tutub. Bu günlərdə Ali Məhkəmə də «Tural-İ-91» şirkətinin gömrükdə rüşvət iddiaları barədə kassasiya şikayətini araşdırıb. Ali Məhkəmə mənəvi ziyana görə təzminat məsələsində apellyasiya məhkəməsinin qərarıyla razılaşıb. Lakin gömrükdə artıq pul alınması və həmin vəsaitlərin qaytarılması, Dəmir Yolunun pulunun ödənilməsi hissəsində yox. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və məsələ yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb.

«Apellyasiya instansiyası məhkəməsi gömrük bəyannaməsi əsasında bəyan olunan qarabaşaq yükünün bir neçə gün gömrük nəzarətində saxlanmasının səbəblərini araşdırmayıb, onlara qiymət verməyib», - Ali Məhkəmə bunu da apellyasiya məhkəməsinin qərarının ləğvinə əsas kimi göstərib.

Dövlət Gömrük Komitəsi isə «Tural-İ-91» şirkətinin iddiasına etiraz edir: «Şirkət gömrük ödənişlərinin hesablanma qaydasından, hesablanmış məbləğdən narazılığını bildirir. Halbuki, şirkətin direktoru Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə müraciətində rüsumları ödədikləri üçün cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdi. Bu isə o deməkdir ki, şirkət hesablanmış rüsumlarla razılaşıb, onları ödəyib».

XS
SM
MD
LG