Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:44

Müharibə olsa da, olmasa da, Putin ölkəsinə ziyan vurub - Qərb mediası


Ukraynada Putinin nişangah edilmiş portreti
Ukraynada Putinin nişangah edilmiş portreti

The Economist yazır ki, fevralın 14-də Rusiya televiziyasında Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrovun söhbəti nümayiş etdirildikdən sonra böyük ümidlər yaranmışdı.

Bundan bir gün sonra Rusiya Müdafiə Nazirliyinin Ukrayna yaxınlığında cəmləşdirilmiş 180 minlik qoşunun çıxarılacağına dair bəyanatı ümidləri daha da artırmışdı.

Rəsmilər və birjalar bir az rahat nəfəs almışdılar. Amma çox təəssüf ki, açıq mənbələr qoşunların çıxarılmadığını göstərdi.

The Economist yazır ki, bir çox Qərb təhlükəsizlik rəsmiləri Putini yalançılıqda ittiham etdilər.

Məqalədə deyilir ki, indi hətta qoşunlar geri çəkilsə də, böhran bitməyəcək və müharibə olsa da, olmasa da Putin yaratdığı bu böhranla artıq öz ölkəsinə ziyan vurub.

The Economist yazır ki, çox sayda Qərb müşahidəçiləri bu qənaətlə razılaşmaya bilərlər. Onların fikrincə Putin özünü bir daha beynəlxalq diqqətin mərkəzinə gətirdi və isbat etdi ki, Rusiya ilə hesablaşmağa dəyər. O Ukraynanın sabitliyini pozdu və hamıda belə bir təsəvvür yaratdı ki, Ukraynanın gələcəyi onun əlindədir. Putin ölkə daxilində özünün dövlətçiliyini nümayiş etdirdi və diqqəti ölkəsindəki ağır iqtisadi vəziyyətdən, Aleksey Navalnı kimi müxalifətçilərə qarşı repressiyalardan yayındıra bildi.

Taktiki uğur, strateji məğlubiyyət

The Economist yazır ki, Putinin əldə etdiyi bu uğurlar “taktiki” səciyyə daşıyır və daha uzun müddətdə, strateji mənada o bu oyunu uduzub.

Məqalədə deyilir ki, Putin yalnız bir məqsəd – bütün nəzərləri öz üzərinə gətirmək məqsədilə hərəkət etsə də, rəqiblərini elektrikləşdirdi. Co Baydenin başçılğı altında Qərb, Rusiyaya qarşı 2014-cü ildə olduğundan daha sərt sanksiyalar barədə razılığa gəldi.

Əgər 2019-cu ildə Fransa prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” keçirdiyini bəyan etmişdisə, indi NATO özünün şərq cinahını Rusiyaya qarşı möhkəmləndirməklə təzələnmiş məna tapdı.

Adətən məsafə saxlamağa çalışan İsveç və Finlandiya indi hətta NATO-ya qoşula bilərlər.

Rusiyanın Şimal Axını 2 qaz kəməri layihəsi məsələsində o qədər də müdriklik etməyən Almaniya bildirir ki, Rusiya Ukraynaya hücum edərsə, bu kəməri itirə bilər.

Məqalədə deyilir ki, Putin Qərbin belə reaksiyasını əvvəlcədən bilsəydi, bəlkə də bu oyuna başlamazdı:

“Ukrayna əlbəttə əzab çəkir, amma böhran ukraynalıların gələcək talelərinin Qərblə bağlı olduğuna inamını gücləndirdi. Əlbəttə Putin Ukraynanın NATO-ya qoşulmayacağına dair təminat da qopara bilər, amma bu çox ucuz nailiyyətdir, çünki Ukrayna üçün NATO üzvlüyü onsuz da çox uzaq perspektivdir. Ən başlıcası isə budur ki, bütün son illər ərzində diqqətdən kənarda qalan Ukrayna Qərbin misli görünməmiş diplomatik və hərbi dəstəyini qazandı. Böhranda əldə edilmiş bu nailiyyət Rusiya qoşunlarını geri çəksə də, yox olmayacaq. Bu, Putinin istədiyinin tamamilə əksidir”.

Rusiya Qərbdən asılıdır

Bu da doğrudur ki, cənab Putin raketlər və hərbi manevrlər də daxil, Avropanın təhlükəsizliyi məsələsini gündəmə gətirib, amma bu barədə danışıqlar hamının marağındadır.

The Economist yazır ki, “əgər hər iki tərəfin qazandığı danışıqlar Putinin qələbələri sayılırsa, qoy onun belə qələbələri çox olsun”.

Lakin Putinin ən böyük itkisi ölkəsi daxilində baş verib. Rusiya qapalı qəsr iqtisadiyyatı qurmağa çalışıb. Öz valyuta ehtiyatlarını artırıb və bu ehtiyatlarda dolların payını azaldıb. O şirkətlərin xarici kapitaldan asılılığını əngəlləyib. Öz texnologiyalarını yaratmağa cəhd göstərib. Rusiya hətta özünün karbohidrogen xammalına yeni müştəri tapmaq ümidi ilə Çinlə dostlaşıb.

Bütün bu tədbirlər Qərb sanksiyalarının potensial ziyanını azaltsa da, onu tam aradan qaldıra bilməyib.

Avropa İttifaqı hələ də Rusiyanın bütün ixracatının 27 faizinin müştərisidir. Çinin payına bunun yarı qədəri düşür.

Çin istiqamətində çəkilən “Sibirin gücü” qaz kəməri 2025-ci ildə hazır olanda belə Avropaya gedən qazın yalnız beşdə birini nəql edəcək. Ciddi münaqişə olarsa, sanksiyalar təcili bank köçürmələri şəbəkəsini hədəfləyəcək, Rusiyanın iri banklarını maliyyə sistemindən məhrum edəcək. Huawei-sayağı idxal məhdudiyyətləri Rusiyanın texnoloji şirkətləri üçün böyük çətinlik yaradacaq.

Ukrayna mülki obyektlərinin atəşə tutulduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Çinin “kiçik qardaşı” olmaq

Məqalədə deyilir ki, əgər Putin Çinə üz çevirsə, onun ölkəsi qeyri-sentimental bir rejimin olsa-olsa kiçik partnyoru olar. Çin onsuz da Rusiyaya diplomatik yayındırıcı və geridə qalmış ucuz xammal mənbəyi kimi baxır. Cənab Putin belə bir boyunduruğun altına girməli olacaq.

Avtokratiyaların ittifaqı Rusiyanın daxilində də psixoloji baxımdan baha başa gələcək:

“Bu nümayiş etdirəcək ki, Putin Ukrayna demokratiyasına və onun Qərblə bağlarının möhkəmlənməsinə özlərinin Rusiyanı talan etmək imkanına təhlükə kimi baxan güc strukturlarına və təhlükəsizlik boslarına güvənə bilir”.

Məqalədə deyilir ki, belə bir vəziyyət Rusiyanın öz kapitalist və texnokratlarını məyus edəcək. Onların ən ağıllıları ölkədən gedəcək, qalanları isə fəaliyyətini dayandıracaq. Durğunluq və inciklik müxalifətə işləyəcək.

The Economist yazır ki, bütün bunları bilə-bilə Putin müdaxiləyə getsə, bu böhranın daha ağır nəticələri olacaq. Əgər o Dövlət Dumasının təklif etdiyi kimi Donbasın qondarma respublikalarını tanısa, belə bir fikir təsdiqini tapacaq ki, Putindən nə desən gözləmək olar.

Məqalədə deyilir ki, belə bir vəziyyət Ukraynanı xaraba qoysa da, Rusiyanın özünə müharibə təhlükəsindən daha böyük ziyan vuracaq. Qərb daha da yadlaşacaq və Rusiya qazına birdəfəlik arxa çevirəcək. Ukrayna Rusiyanın qan verən yarasına çevriləcək, Putinin özü isə müflis olacaq.

XS
SM
MD
LG