Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

Ekspert: Dövlətdən pul gizlədənlərin əksəriyyəti məmur-oliqarxlardır


Pulları vergidən necə gizlədirlər?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Pulları vergidən necə gizlədirlər?

Azərbaycanda 2019-cu ildə kölgə iqtisadiyyatı həcminin təxminən 45 faiz olsuğu deyilir.

Bu haqda sentyabrın 13-də kölgə iqtisadiyyatına dair Bakıda keçirilən konfransda Avstriya Universitetinin professoru Friedrich Schneider deyib.

45 faizlik kölgə iqtisadiyyatı o deməkdir ki, ümumilikdə ölkə üzrə gəlirlərin az qala yarısı dövlətdən gizlədilir.

Bəs, gəlirlərini dövlətdən gizləndənlər kimlərdir? Hökumət bu cür hallarla necə mübarizə aparır?

Sahibkar, keçmiş millət vəkili Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda vergidən yayınma, gəlirlərin gizlədilməsi daha çox investisiya layihələrində baş verir və bunu edənlərin əksəriyyəti elə məmur oliqarxların özləridir:

“Dövlət büdcəsində əsaslı kapital qoyuluşuna ayrılan vəsaitlərin böyük əksəriyyəti müxtəlif maliyyə mexanizmləri vasitəsi ilə mənimsənilir. Azərbaycanda bu gün kölgə iqtisadiyyatı dövlət investisiyalarında, gömrük vasitəsi ilə idxalda, nəqliyyat və xidmət sahələrində daha çox var”.

Nazim Bəydəmirli bildirir ki, məmur sahibkarlığına dövlət illər boyu göz yumub. Onlar da öz gəlirlərini asanlıqla gizlədə, vergidən yayındıra bilirlər.

Onun sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatı dövriyyələrin kiçidilməsində, əlavə dəyər vergisindən azad olmaqdan ötrü kiçik şirkətlərə bölünmələrdə, alınan malın və ya göstərilən xidmətin həcminin azaldılmasında özünü göstərir.

“Çox uzağa getməyək. Elə bu yaxınlarda, avqust ayında Vergilər Nazirliyinin əməkdaşları Lerikdəki “Relax” İstirahət və Turizm mərkəzində bənzər vergidən yayınma hallarını üzə çıxarıb. Nazirliyin rəsmi məlumatında bildirilir ki, 14 hektardan çox ərazisi olan, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 8 ayda cəmi 972 manat vergi ödəyib”.

Vergilər Nazirliyinin əməkdaşları isə orada yoxlama aparmaq istəyərkən, qarşıdurma yaranıb. Sonradan yerli media həmin mərkəzin millət vəkili İqbal Məmmədovun oğluna məxsus olduğunu yazdı. İqbal Məmmədov oğluna məxsus mərkəzdəki qarşıdurmanı təxribat adlandırıb, Vergilər Nazirliyi ilə heç bir problemləri olmadığını bildirib.

İndi bir sual ortaya çıxır. Vergilər Nazirliyi daha böyük sahibkarların da bizneslərində yoxlamalar apara biləcəkmi? Vergilər naziri Mikayıl Cabbarov deyir ki, hər kəs qanun qarşısında bərabərdir:

“Gəlirlərini tam şəkildə bəyan etməyənlərin sayı az deyil. İllər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərindən asanlıqla əl çəkmək istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Amma bu müvəqqəti bir hallardadır. Qanun qarşısında hamı bərabərdir”.

Mikayıl Cabbarov onu da deyib ki, pərakəndə ticarət və ictimai iaşə sahələrində statistika komitəsinin rəqəmləri ilə onların rəqəmləri arasında 7 dəfəlik fərq var. Nazir bildirib ki, bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir.

Amma iqtisadçı ekspert Nazim Bəydəmirli diqqəti başqa məqama çəkir. Deyir ki, pərakəndə ticarət, ictimai iaşə sahəsində çalışanların əskəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Onların da ödədiyi vergi heç 5 faiz belə təşkil etmir. Belə ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 418 milyon manat olub. Bunun da 380 milyon manatı sadələşdirilmiş vergi üzrə daxilolmalardır.

İqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki, ümumilikdə Azərbaycanda vergi ödəyicilərinin 90 faizi sadələşdirilmiş vergi ödəyənlərdir:

“Ayda 58 manat bir vergi ödəyicisinə düşür. Yəni, bir vergi ödəyicisi ildə 702 manat vergi ödəmiş olur. Yəni, bütün Azərbaycan üzrə vergi ödəyicilərinin 90 faizindən çoxunun ödədiyi verginin həcmi vergi strukturunda cəmi 4.8 faizidir”.

Nazim Bəydəmirli bu baxımdan kiçik və orta sahibkarlığın deyil, daha çox böyük sahibkarlığın nəzarətdə saxlanılması, müntəzəm vergi yoxlamarının keçirilməsini daha düzgün hesab edir. Onun fikrincə, ən çox vergidən yayınanlar məhz böyük vergi ödəyiciləri, böyük holdinqlər, böyük şirkətlərdir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrnənib:

Sizcə, vergidən yayınanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Azərbaycanın adı da dünyanın ən çox kölgə iqtisadiyyatı olan ölkələri sırasındadır. Beynəlxalq Valyuta Fondunun hesabatına görə, Azərbaycanda kölgə iqtisadiyyatı 1991-2005-ci illərdə 55-45 faiz olub. Ən az kölgə iqtisadiyyatı olan ölkələr isə İsveçrə, Amerika və Almaniyadır. Bu ölkələrdə kölgə iqtisadiyyatının həcmi 10 faiz civarındadır.

XS
SM
MD
LG