Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:33

ABŞ ekspertlərindən ‘hipotetik ssenari’: Birdən Rusiya bütün Ukraynanı tutsa...


ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri Ukrayna müharibəsi meydanındakı vəziyyət barədə son hesabatlarında yazırlar ki, Rusiya qüvvələri Avdeyevka istiqamətində irəliləyərək dəmir yolunun arxasındakı Stepnoye kəndi həndəvərində mövqeləri ələ keçiriblər.

Bununla yanaşı ISW Qərbin Kiyevə yardımının dayanacağı təqdirdə Rusiyanın bütün Ukrayna ərazisini işğal edəcəyi halda nələrin ola biləcyinin hipotetik ssenarisini verib.

Ekspertlərin fikrincə bu halda Rusiya Ukraynanın qərbində - Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəddə hərbi bazalar qura bilər.

Bu, Moskvaya 1-ci tank ordusu da daxil, əhəmiyyətli ehtiyatlarla dəstəklənən ən azı 8 diviziya ilə NATO-ya üzv bir və ya bir neçə ölkənin üzərinə mexanikləşdirilmiş hücum həyata keçirmək imkanı verərdi.

ABŞ Avropaya çox sayda əsgər gətirməli ola bilər

Ekspertlər bunu da bildirirlər ki, bu halda Rusiya qoşunlarını S-300, S-400 və S-500 zenit-raket qurğularından ibarət sıx hava hücumundan müdafiə sistemləri qoruya bilərdi.

ISW təhlilçiləri bu qənaətdədirlər ki, NATO belə təqdirdə hazırda Avropada olan qüvvələrlə Rusiya ordusunun hücumundan qoruna bilməzdi.

Bu isə o deməkdir ki, ABŞ Avropa qitəsinə əhəmiyyətli sayda əsgər və aviasiya vasitələri gətirməli olardı.

Ekspertlər düşünürlər ki, hadisələrin belə inkişafı ABŞ-ı Tayvanı Çinin mümkün hücumundan qorumaq imkanından məhrum edərdi.

Ukrayna üçün çoxmilyardlıq hərbi yardım paketinin Konqresdə ilişib qaldığı bir vaxtda, Birləşmiş Ştatlar və onun müttəfiqləri belə bir yardım olmadan Kiyevin bu müharibədəki məğlubiyyətinin mümkünlüyünü qiymətləndirirlər.

ABŞ-ın vəzifəli hərbi rəsmilərindən biri CNN telekanalına deyib:

“Bizimlə birlikdə uğura qarantiya yoxdur, lakin bizsiz onların məğlub olacağı qaçılmazdır”.

Hazırda Qərbin ən böyük narahatlığı Ukraynanın şərqdə və cənubdakı əks-hücum əməliyyatlarının taleyidir.

Avropalı diplomatlardan biri bildirib ki, ABŞ-ın dəstəyi olmadan ukraynalıların cəbhədə əldə etdikləri kiçik irəliləyişi qoruyub saxlamaq mümkün olmayacaq.

Associated Press agentliyi isə yazır ki, ABŞ administrasiyasının Ukraynaya maliyyə dəstəyi üçün imkanlarının tükəndiyi bildirilsə də, Ağ Ev Konqreslə Kiyevə hərbi yardım haqqında qanunun qəbulu üçün danışıqları davam etdirir.

XS
SM
MD
LG