Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:32

'Azərbaycan mediası yaltaqlıq, ikiüzlülük və asılılıqdan azad olmalıdır'


İyulun 22-də Azərbaycanda Milli mətbuat günüdür. Bu ilin aprelində açıqlanan Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Başqa sözlərlə, ötənilki sıralamayla müqayisədə Azərbaycan daha 4 pillə geriləyb.

“Freedom House” təşkilatının son hesabatında Azərbaycan qonşu Ermənistan və Gürcüstandan fərqli olaraq “qeyri-azad ölkələr” sırasında yer alıb. Hesabatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurslarından istifadə edir.

Beynəlxalq qurumlar Azərbaycanı söz, ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edir. AzadlıqRadiosu yerli mütəxəssislərdən belə bir suala cavab axtarıb:

“Son bir il Azərbaycan mediası üçün nələrlə yadda qalıb? İndiki durumu necə səciyyələndirirsiniz?”

Milli Məclisin üzvü, “Ədalət” qəzetinin redaktoru Aqil Abbas Azərbaycan mediasının durumunu “həmişə olduğu kimidir” deməklə xarakterizə edir:

“Vəziyyət ötən il necəydisə indi də elədir. Nə jurnalist həbs edilib, nə qəzet bağlanıb, nə sayt, nə də televiziya. Bir ANS bağlanıb, o da bir neçə il qabağın söhbətidir, istərdim ANS də açılsın”.

Aqil Abbas
Aqil Abbas

Arif Əliyev “yanğından çıxan meşə” və “ümidverici düşüncələr”dən danışır

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev son bir ildə ilk dəfədir “ümidverici düşüncələrə köklənirəm” söyləyir.

O, bəzi televiziya kanallarında “müəyyən müsbət meyllər” cücərdiyini, “əvvəlki qadağa qoyulmuş siyahıların xeyli dərəcədə qısaldıldığını” bildirir:

“Televiziyalarda illərdir görmədiyimiz insanları görməyə başlamışıq, müəyyən tok-şouların açılmasına, genişləndirilməsinə meyl var. Düzdür, mövzu seçimində çəkingənlik görünməkdədir. O ki qaldı bu gün yetərincə yüksək inkişaf tendensiyalarına malik internet TV-lərə, son illər biz bağlanan, bloklanan KİV-lərdən danışırdıq. Son aylarda bəzi internet KİV-lərin üzərindən bu bloklar götürüldü, “Turan” fəaliyyətini bərpa etdi, onun fəliyyətini dayandırması böyük itki idi, o bizim son müstəqil media dayaqlarımızdandır. “Zerkalo” möhkəmlənməkdə davam edir, “Ayna” yeni formatda qayıtdı. Mənim bildiyimə görə yaxınlarda yeni qayıdışlar da gözlənilir. Söhbət fəaliyyətini dayandırmağa məcbur qalmış KİV-lərdən və ya media təşkilatlarından gedir. Bunlar müsbət meyllərdir, bir həvəs, inam formlaşdırmaqdadır”.

Müsbət meyllərdən danışan Arif Əliyev Azərbaycanda media sahəsində durumun ürəkaçan olmadığını da vurğulayır, “buralar yanğından çıxmış meşəyə bənzəyir” deyə qeyd edir. O, çap mediasının tam məhv olduğunu, bəzi saytların bloklandığını deyir:

“Qanunvericilik son onilliklərin əlavələriylə dolub. Hətta hüquqi məhdudiyyətdən çox psixoloji məhdudiyyət yaranır. Bütün bunlar Azərbaycanı söz, ifadə azadlığına görə beynəlxalq reytinqlərdə çəkib aşağı aparır, sonuncu yerlərdən birini tutmasında mühüm rol oynayır”.

O bu səbəbdən yuxarıda sadaldığı “ümidverici meyllər”in “dayanıqlı tendensiyaya çevriləcəyi, ciddi keyfiyyət dəyişikliklərinə” gətirib çıxaracağı barədə proqnoz verə bilmədiyini söyləyir.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyevin fikrincə, bu, daha çox hakimiyyətin yaxın zamanlarda tutduğu siyasi xətdən və “media cəmiyyətinin özünü necə aparacağından” asılı olacaq.

O düşünür ki, Azərbaycan mediası müsbət dəyişiklik üçün təşəbbüslər ortaya qoymalıdır, “yaltaqlıq, ikiüzlülük, ölgünlük, medallara hərislik, ölkənin maliyyə mənbələrindən asılılıq” aradan qalxmalıdır. Üstəlik, həbsdəki jurnalistlərin qapıları açılmalı, müstəqil medianın inkişafından ötrü sahə genişləndirirməlidir.

Ələsgər Məmmədli: “Artıq qanunlara müdaxilə ediləcək məqam qalmayıb”

Media hüququ bilicisi Ələsgər Məmmədli geriləmənin, basqıların davam etdiyini bildirir, son bir ildə onlayn medianın məhkəmə qərarları olmadan bloklanmasına və bununla bağlı məhkəmə çəkişmələrinə diqqət çəkir:

“Söhbət “Arqument.az”, “”Crminal.az” saytlarından gedir. Sonra iki redaktora, şərti də olsa, 5 il 6 ay həbs cəzası verildi. Prokurorluq onlara guya dövlət əleyhinə məlumat yaymaqla bağlı xəbərdarlıq etdi, Gəncə hadisələrinin işıqlandırılması konkret olaraq qanunsuz əməl kimi qiymətləndirildi və onları cəzalandırdılar. Bu, nonsensdir. İnformasiya varsa, jurnalist onu yayacaq. Bunun yayımına əngəl olmağın özü ifadə azadlığına ən böyük basqıdır. Digər ağrılı məqam diffamasiyaya görə iddiaların sistemli şəkildə qaldırılması, məhkəmə qərarlarının olmasıdır”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli Milli Televiziya Radio Şurasının son bir ildə rəsmi lisenziya verdiyi Real TV-nin cəmiyyətdə nifrət aşıladığını, insanları aşağıladığını, “müxalif fikirli insanlara çörək satmayın, dərman satmayın, taksiyə mindirməyin” kimi çağırışlar etdiyini xatırladır. O, nifrətə çağırışla bağlı hər hansı cəza verilmədiyini vurğulayır:

“Azərbaycan mediası son bir ildə sürətlə peşəkarlıqdan uzaqlaşır, özəlliklə elektron media, Real TV-nin simasında televiziyalar da bura daxildir. Sosial mediada xaricdən yayım aparanların da eyni nifrət dilindən istifadə etməsi, diffamativ ifadələrin çox yayılması diqqət çəkir. Bu da Azərbaycan jurnalistikasının peşəkarlıq aspekti baxımından ciddi müzakirələrə yol açır”.

Ələsgər Məmmədli son bir ildə qanunvericiliyə dəyişiklik edilmədiyini deyir və bunu “artıq qanunlara müdaxilə ediləcək məqam qalmaması” ilə izah edir.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda KİV haqqında qanunvericilik Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsindən uzaqlaşıb.

“Bu da gələcəkdə böyük ehtimalla 10-cu maddənin pozulması ilə bağlı Azərbaycan əleyhinə qərarların çıxmasına yol açacaq”.

Aqil Abbas: “Biz onları müdafiə etmişik, demişik”

Deputat, redaktor Aqil Abbas qanunvericiliyə müdaxiləyə dair tənqidləri qəbul etmir:

“Nəyə müdaxilə ediblər? Kim istəyir qəzet aça bilər, kim istəyir sayt aça bilər. Bir ərizə yazmaqla istəyirsən qəzet aç, istəyirsən sayt aç. Müdaxilə onda olar ki, yasaq olsun”.

Mütəxəssislərin qənaətincə, iki il öncə - Azərbaycanda qanunvericiliyə dəyişiklikdən sonra saytların bloklanması asanlaşdı, məhkəmə qərarı olmadan icraçı orqan istənilən saytı bağlamaq qərarı verə bilər. Aqil Abbas saytların bloklanması haqda iradlara belə münasibət bildirir:

“Hansı sayt bağlanıb? Mən AzadlıqRadiosuna da baxa bilirəm, MeydanTV-yə də, açırsan sosial şəbəkədə baxırsan. O biri saytlarla bağlı, məsələn, “Criminal.az” saytı ilə bağlı cinayət işi qaldırılmışdı, onlar haqda məlumatım var, biz onları müdafiə etmişik, demişik: “Belə şey lazım deyil”, biz deyəndə özümü nəzərdə tuturam”.

Azərbaycanda ilk dəfə 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti çapdan çıxıb. Həmin gün Milli mətbuat günü kimi qeyd olunur.

XS
SM
MD
LG