Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Eldar Həsənov: 'Arada vicdanı yadınıza salın...'


Eldar Həsənov
Eldar Həsənov

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov məhkəməyə gətirilərkən durumu kəskin pisləşib. Dustaq maşınından düşürüləndə müvazinətini itirib. Bu, noyabrın 5-də səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Sabiq səfirin işinə baxan hakim Əfqan Hacıyev onun durumuyla əlaqədar bir saatlıq fasilə elan etsə də, məhkəmə prosesini davam etdirməkdə israrlı olub. Xərəkdə məhkəmə zalına gətirilən Həsənov vəziyyətinin məhkəmədə iştiraka imkan vermədiyini desə də, hakim razılaşmayıb. Hakimin sözlərinə görə, məhkəməyə çağırılan Təcili Tibbi Yardımın həkimi Eldar Həsənovun səhhətinin normal olması barədə rəy verib: "Biz həkim rəyinə inanırıq. Ona əsasən, biz prosesi davam etdirə bilərik".

"İki saatdır mən təcili yardım həkimini gözləyirəm"

Təqsirləndirilən keçmiş səfir hakimə etiraz edib. O vurğulayıb ki, əziyyət çəkdiyi xəstəliklərlə bağlı diaqnoz cinayət işinin materiallarında da var. Ora baxmaq kifayətdir ki, hansı vəziyyətdə olduğu anlaşılsın.

"Mənim bu vəziyyətə düşməyim özümdən asılıdır? Özüm edirəm bunu? Əslində, heç məni bu vəziyyətdə təcridxanadan çıxmağa qoymurdular. Mən məhkəməyə hörmətsizlik olmasın deyə, israr edib gəldim. Hazırda ağrılara dözə bilmirəm. Səhərdən burada məndə doqquz dəfə başgicəllənməsi olub. İki saatdır mən təcili yardım həkimini gözləyirəm, indi siz mənə həkim arayışını əsas gətirirsiniz...", – Həsənov etirazını bildirib.

Hakim və prokuror məhkəmənin keçirilməsində yenə də israr edib. Buna görə vəkil Adəm Məmmədov narazılıq edib: "Adam ayaq üstə dayana bilmir, siz necə məhkəmə keçirirsiz?".

Məhkəmə Eldar Həsənovsuz da keçirilə bilər

Hakim bildirib ki, qanun hətta təqsirləndirilən şəxsin iştirakı olmadan da məhkəmənin keçirilməsinə imkan verir. Odur ki, məhkəmə prosesi Eldar Həsənovsuz da keçirilə bilər.

"Çox cavansınız, mənim vəziyyətimə əhəmiyyət vermirsiz. Heç sizə mənim vəziyyətimi arzulamıram da. İstəmərəm ki, mənim yaşadıqlarımı yaşayasız, indi çəkdiyim ağrıları özünüzdə hiss edəsiniz. Amma arada vicdanı da yadınıza salın...", – Həsənov prokurorlara belə deyib.

O, 2001-2012-ci illərdə Rumıniyada səfir olarkən orada işləmiş Emin Ağayev məhkəmədə şahid qismində dindirilib. Dindirmə zamanı vəkillər sabiq səfirə müraciət edəndə məlum olub ki, onun huşu özündə deyil. Bu üzdən hakim məhkəməni təxirə salmaq məcburiyyətində qalıb.

Sabiq səfirin işi üzrə növbəti məhkəmə iclası noyabrın 10-da keçiriləcək.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG