Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:37

Məhkəmədə: 'Əli Həsənovun oğlu hərbi bileti necə alıb...?'


Əli Həsənov, iyun 2015
Əli Həsənov, iyun 2015

Avqustun 16-da məhkəmədə Prezidentin köməkçisi Əli Həsənov, həyat yoldaşı Sona Vəliyeva və onun yaxınları haqda sərt ittihamlar səslənib. İttihamları S.Vəliyevanın keçmiş işçiləri dilə gətirib.

Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva
Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva

“Bizi cinayətdə ittiham edirlər, özlərindən xəbərləri yoxdur. Onlar əmək müqaviləsi olmadan adamları işlədirdilər. Şirkətdə müqaviləsiz işlətdikləri adamlardan biri öldü. Daxili İşlər Nazirliyindən tutmuş, Baş Prokurorluğa qədər hər yerə zəng eləyib, o işi ört-basdır elədilər...”, - məhkəmədə səslənən fikirlərdir. Ancaq bu iddialara qarşı tərəf münasibət bildirməyib.

Məhkəmədə “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev mühakimə olunur. Onlar S.Vəliyevanın rəhbərlik etdiyi liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsilhaqqı kimi ödədiyi pullardan 564 min manatı mənimsəməkdə suçlanır.

Elçin Sadıqov
Elçin Sadıqov

T.Məmmədovun vəkili Elçin Sadıqov vəsatət qaldırıb ki, S.Vəliyevanın qohumları Ehtiram Kərimov və Gülnarə Kərimovanın hesabına köçürülmüş 30 min manatdan artıq vəsaitlə bağlı araşdırma aparılsın:

“İddia olunur ki, pullar bu adamların hesabına köçürüləndən sonra çıxarılıb nağd şəkildə Tural Məmmədova qaytarılıb. Tural da deyir ki, yalandır, mən almamışam. Ona verildiyini təsdiqləyən heç bir sübut yoxdur. O pullar da indi Tural Məmmədovun üzərinə qoyulub, ittihamda yer alıb. Ona görə də məhkəmə mütləq bu məsələni araşdırmalıdır”.

Ancaq məhkəmə bu məsələni araşdırmaqdan imtina edib və vəsatəti təmin etməyib.

“Məcbur ediblər ki, adında olan maşınların hamısını onların adına keçirsin”

Tural Məmmədovun tanışı Toğrul İsmayılov da məhkəmədə şahid kimi dindirilib. Turalın üç avtomobili onun adına olub. Tural deyir ki, bu avtomobillərin üçünə də eyni vaxtda sahiblənməyib. Birini alıb, bir qədər sürüb satıb, başqasını alıb. Bildirdiyinə görə, özü Naxçıvan qeydiyyatında olduğuna görə maşını bu tanışının adına alıb.

Şahid də Turalın dediklərini təsdiqləyib. Deyib ki, avtomobillər onun adına olsa da, Tural özü idarə edib.

T.Məmmədovun sözlərinə görə, onu və Fərahimi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparandan bir qədər sonra bu şahidi də tapıblar. Hədə-qorxu ilə onun avtomobillərini S.Vəliyevaya yaxın şəxslərin adlarına keçiriblər:

“Dediyim kimi, mən birini satıb, başqasını almışdım. Baş etibarnamə ilə satmışdm. Toğrulu məcbur ediblər ki, adında olan maşınların hamısını onların adına keçirsin. Təsəvvür edin, mənim çoxdan aldığım, bu işlərə heç bir aidiyyəti olmayan, başqasına satılmış maşını belə, zorla özlərininki eləyiblər. 2016-2017-ci ildə alınmış avtomobilin bu işlərə nə aidiyyəti var ki, zorla alınır?”

Məlumat verilib ki, həmin avtomobillər hazırda “Kaspi”nin balansındadır.

T.İsmayılov da təsdiqləyib ki, ona “Kaspi”nin əməkdaşları zəng eləyib, adında olan, Turala məxsus avtomobilləri gəlib notariat kontorunda deyilən adamlara vermək tələb olunub:

“Kaspi”nin işçiləri zəng eləyib dedilər ki, belə eləməlisən. Mən də onların çağırdığı yerdə - Xətai tərəfdə notariusda deyilənləri elədim”.

“50 milyonluq əmlakı necə tikib?”

Əli Həsənovun biznes şəbəkəsini göstərən infoqrafika
Əli Həsənovun biznes şəbəkəsini göstərən infoqrafika

​Təqsirləndirilən şəxslər deyiblər ki, məhkəmə qərarı olmadan başqasının əmlakını zorla əlindən almağın özü cinayətdir. Onlar bildiriblər ki, Əli Həsənov ilk gündən bu işin obyektiv araşdırılmasına imkan verməyib. Bu zaman zərərçəkmiş qismində tanınan “Kaspi Liseyi” və liseyin direktoru Elnur Əliyev-in vəkilləri ilə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb:

– Burada artıq-əskik danışmaq lazım deyil. Adını çəkdiyin adamın çörəyini siz yemisiz...

– O da dövlətin malını yeyib. Yoxsa 50 milyonluq əmlakı necə tikib?

Təqsirləndirilən Tural Məmmədov Ə.Həsənovun əvvəl istintaqa, indi də məhkəməyə təsir göstərdiyini söyləyib. Bildirib ki, işin obyektiv araşdırılması baxımından çox vacib olan vəsatətlərinin heç birinin təmin olunmaması da bunun nəticəsidir.

“Bu iş birbaşa Əli Həsənovun tapşırığıyla düzgün araşdırılmadı. Siz də davam etdirirsiz, vəsatətlərimizi qəbul etmirsiz. Həbs olunan kimi “banditizm”də Turala 20 min nağd pul ödətdiriblər. Maşınını da 25 min qiymətləndiriblər. Ancaq bu ödənilənləri mənimsəmənildiyi iddia olunan məbləğdən çıxmayıblar”, – bunu isə Fərahim Möhbalıyev deyib.

Tural Məmmədov da əlavə edib ki, Əli Həsənov və onun yaxınlarının əməlləri barədə prezidentə göndərilən məktubları aparıb Ə.Həsənovun özünə verirlər:

“Elə bil, Süleyman İsmayılov (Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri-red.) Əli Həsənovun işçisidir. Nə məktub göndərirsən, Əli Həsənovun stolunun üstünə gedib çıxır. Elnur Əliyev deyirdi ki, “hara istəyirsiz, şikayət eləyin, ölkənin sahibi bizik. Əli Həsənovun oğlu bircə gün əyninə hərbi forma geyinməyib, ona hərbi bilet necə verilib? Bizə “cinayətkar” deyənlər əvvəl özlərinə baxsınlar”.

Məhkəmədə zərərçəkmiş tərəf kimi, “Kaspi Liseyi”nin və direktor Elnur Əliyevin nümayəndələri iştirak edir. Onlar Ə.Həsənov və S.Vəliyeva haqqında ittihamlara birbaşa cavab verməyiblər. Vəkillərdən biri təqsirləndirilən şəxslərin söylədiklərinə “əlindən gələni beş qaba çək” deməklə reaksiya verib.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: “Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG