Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:46

Elif Şafak Qaf dağının arxasına 'sığınma'sından yazır


E.Şafak
E.Şafak

Tanınmış türk yazıçısı Elif Şafak Britaniyanın «The Guardian» qəzetinə yazdığı məqalədə uşaqlığından və əfsanəvi Qaf dağı ilə bağlarından söz açıb.

Fransada doğulan Şafakın valideynləri boşanır. Az sonra atası Fransada qalır, anası isə qızı ilə birlikdə Türkiyəyə gedir.

Patriarxal mühit

«Onun üçün bura vətən idi. Mənim üçünsə yeni ölkə. İlk xatirələrimin bəziləri yersizlik hissi ilə bağlıdır.

…Biz ana nənəmin yaşadığı məhəlləyə gəldik. İkimərtəbəli, dəniz yaşılı rəngli ev uşağın çəkdiyi ev rəsmini xatırladırdı. Qırmızı dam, mavi qapı, çəpərli bağça, meyvə ağacları – alma, armud və turş gilas. Bu, çox mühafizəkar, çox patriarxal bir mühit idi. Həyat ailələrin, ailələrsə evin başçısı sayılan ataların ətrafında dövr edirdi. Ataların çoxu – hamısı yox – öz varlıqlarının mərkəzinə abstrakt şərəf və intizam kodeksini yerləşdirmişdilər. …

O zaman Ankarada havanın çirklənməsi təhlükəli səviyyəyə gəlib çatmışdı və biz məktəbə smoq (tüstü və duman qarışığı – tərc.) örtüyü altında, evdə düzəldilmiş parça maskalar taxaraq gedirdik. Ərzaq dükanlarının qarşısında uzun növbələr olurdu. Bu, həm də siyasi zorakılıq dövrü idi. Küçə, meydan universitet kampusları və məktəblərin həyətlərində fərqli siyasi qruplar toqquşurdu. Yaşlılar cavanları basdırırdı.

Təxminən o vaxtlarda oxuduğum kitabda müəmmalı bir yerin adına rast gəldim. Daimi əmin-amanlıq, ədalət, bərabərlik və azadlıq yurdu. Başqa bir yer. «Qaf dağının arxasında yerləşən» bir yer. Ətrafımdakı adamlardan soruşanda təəccüblə öyrəndim ki, onların hamısı bu yerin adını eşidib, ancaq heç biri nə vaxtsa ora getdiyini demədi. Rəvayətə görə, xəritədə görünməyən Qaf dağı dünyanın mərkəzidir. Bir qisim adam oranın ruhların və cinlərin – tüstüsüz oddan yaradılmış varlıqların məskəni olduğunu deyir. Deyilənə görə, İsgəndər Zülqərneyn istisna olmaqla, …səyahətçilər Qaf dağının yerini tapa bilməyiblər, ancaq onu axtarmağa davam ediblər. Ancaq o zaman bilmirdim ki, Yaxın Şərq və Orta Asiyada nəsillər boyu insanlar «filosof İbn Sinanın təfəkkürünə belə sığmayan» bolluq içində olan bu məkan haqda rəvayətlərlə böyüyüblər.

Sonsuz imkanlar, kəsilməyən sözlər məkanı

Qaf dağı haqda rəvayətlərdə özün və ətrafın barədə bilikli olmağın əhəmiyyəti vurğulanır. Fərqli yerləri və daha yaxşı dünyaları axtaranlar hikmət axtaranlardır. XIX əsr İran kosmoqrafı və coğrafiyaşünası Əl-Qəzvini bu haqda yazan ilk alimlərdən biri olub. Onun Yer varlıqları saydığı dənizlər, çaylar və vadilərə, fövqəlyer varlıqları saydığı mələklər, cinlər və qulyabanılara marağı sonsuz idi.

Qaf dağının cazibəsinə təkcə müsəlman xalqları heyran olmayıb. Eyni rəvayət xristian incəsənətindən Orta əsr yəhudi fəlsəfəsinədək bir çox mədəniyyətdə əks olunub. Erməni rəvayətlərində «Ulduzlar məmləkətindəki Qaf dağı»ndan, onun başında yuva qurmuş əsrarəngiz Zümrüd quşundan söz açılır. «Quşların bəhsi» əsərində sufi şairi Nişapurlu Əttar quşlar şahı Simurğu çox gözəl təsvir edib. Əttarın rəvayətində bütün dünyanın quşları öz hökmdarlarını görmək üçün uzun və təhlükəli yola çıxırlar. Çoxu yolda ürəyini itirir, digərləri qorxur və ya yorulur. Axıra yalnız 30 quş qalır. Yalnız mənzil başına çatanda anlayırlar ki, «simurq» elə 30 deməkdir. Axtardıqları şey elə əvvəldən öz içlərində imiş.

Əl-Qəzvininin əfsanəvi varlıqları sonradan Xorxe Luis Borxesin «Xəyali varlıqlar kitabı» üçün ilham mənbələrindən biri olub.

…Mənim üçün Qaf dağının arxa tərəfi millətçi coşqu və əraziçiliklə bağlı deyil. Tam əksinə, o məni sonsuz imkanlar və kəsilməyən sözlər məkanı – müxtəliflik, kreativlik və xəyal mənbəyi kimi cəlb edirdi. Hekayələr diyarının açarları burada idi. Bura adama gücsüzlərə güc vermək hissi verirdi. Buna görə də bir çox Yaxın Şərq hekayəsində, o cümlədən «Min bir gecə» nağıllarında qəhrəmanlar sehrli xalçadan eyni şeyi istəyirlər: «Məni Qaf dağına apar»».

XS
SM
MD
LG