Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:48

“Az qalır ürəyim partlasın. Aqibətim necə olacaq?"


Məmmədhüseyn dayı
Məmmədhüseyn dayı

►Məmmədhüseyn dayının bir otaq, bir də “qulaqyoldaşı” istəyi

“Bax, gəlirəm, beləcə çaydanı burdan götürürəm, su ilə doldururam, gətirirəm nə əziyyətlə qoyuram qaynamağa... Qoşuram, termosda çay dəmləyirəm... Allah heç kimi əldən- ayaqdan şikəst eləyib bizim günümüzə salmasın”.

Məmmədhüseyn dayı 3 ildir ki, Mərdəkan Müalicə Pansionatındakı darısqal, şəraitsiz, qoxulu otaqda tək yaşayır.

Gündəlik gördüyü məişət işlərini bizə göstərmək üçün əlil arabasında otaqda zar-zor hərəkət edir. Bu arabaya məhkumluğunun tarixçəsi isə ürək ağrıdır.

“HEÇ KƏSƏ YÜK OLMAQ İSTƏMƏDİM”

Lap yaxın illərə kimi Rusiyada göy-göyərti, meyvə-tərəvəz satıb, qazandığını ailəsinə göndərib. Sonra işləri düz gətirməyib, Azərbaycana qayıdıb. Burada da işsiz dayanmayıb. Yaşadığı evin qarşısında kiçik meyvə-tərəvəz köşkü açıb, ailəsini dolandırıb. Ta o günə qədər ki, bir səhər yuxudan oyananda ayağa qalxa bilməyib… Əvvəl belində şiddətli ağrılar başlayıb. Vaxtında müalicə almaması tezliklə ayaqlarının tutulmasına səbəb olub:

“Qəfil ayaqlarım tutuldu. Evdəkilər də biganə yanaşdılar. Baxmadılar mənə… Vaxtında yaxşı müalicə alsaydım, gəlib bura düşməzdim. Baxdım ki, daha ailənin başçısı kimi heç nəyə yaramıram, özümü ailəyə artıq yük kimi hiss etməyə başlayanda seçimimi etdim”.

GƏNC ƏLİLLƏR EVİNDƏN BAŞLANAN YOL…

Bu seçimi onu əvvəl Ramanadakı Gənc Əlillər Evinin sakininə çevirib. Deyir, hələ onda övladları da ondan tamam əllərini üzməyibmiş. Gəlib-gedir, hal-əhvalı ilə maraqlanırlarmış. Zaman keçdikcə, onların da yadından çıxıb. Əlillər evində yaşadığı müddətdə övladları ailə qurub, ancaq deyir, onlara bir ata kimi xeyir-duası da gərək olmayıb. Məmmədhüseyn dayı özünü təkcə ailəsinə yox, dövlətə də gərəksiz hesab edir:

“Mən də istəyirəm öz evim olsun. Əlilə nə lazımdır - qayğı, şərait... 3 ildir ümid verirlər ki, köçürəcəklər. Çoxunu köçürdülər, mən qalmışam. Bir də mənim kimi bir neçə əlil… İndi də deyirlər, səni “Bilgəhdəki Qocalar Evinə köçürəcəyik”. Niyə? Mənim nə yaşım var ki, Qocalar Evinə köçürürlər?”

Arada söhbəti kəsib çarpayının böyründə divara söykədiyi dəmir qoltuqluqları götürür. Arabadan qalxmaq istəyir. Kömək etmək istəyirik. Deyir, “yaxın gəlməyin, özüm qalxacam”. Qoltuqluqların köməkliyi ilə ayağa qalxa bilir. Elə onlardan möhkəm yapışıb bir-iki idman hərəkəti göstərir:

“Görürsüz?.. Məndə ayağa qalxmağa ümid var… Başa düşdüm ki, mənə heç kəs kömək etməyəcək, gərək özüm özümü ayağa qaldırım. Əgər bunu bacarıramsa, deməli hələ heç də hər şeyin sonu deyil… Sadəcə, mənə yaxşı müalicə lazımdır. Başqa ölkədə yaşasaydım, mənim kimisini çoxdan elə idman hərəkətləri ilə ayağa qaldırmışdılar. Bunun üçün mənimlə xüsusi məşğul olmalıdılar, xüsusi proqram olmalıdır. Bizdə belədir, əlilsənsə, kitabın bağlandı”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“SABAH HARA ATILACAĞAM - BİLMİRƏM”

Özünü təngnəfəs arabaya yıxır, bir az hərəkətsiz qalıb söhbətinə davam edir. Əlqərəz, dediyi kimi, yolu Ramanadakı gənc əlillər evindən başlayıb, Bilgəhdəki Qocalar Evindən keçib, bu pansionatda müvəqqəti dayanıb. Sabah necə olacaq, başqa əlillər kimi, ona da bəlli deyil:

“Az qalır ürəyim partlasın. Aqibətim necə olacaq – bilmirəm. Məni burdan hara atacaqlar – bilmirəm... Bir otaq versinlər, dövlət təminatından çıxım. Bilim ki, ayrıca hamamım, tualetim var, səliqəm-sahmanım var, təmizliyim var...”

Məmmədhüseyn dayı
Məmmədhüseyn dayı

Məmmədhüseyn dayı deyir, burada yaşayan əlillər təqaüdlərinin çox hissəsini vedrələrlə su daşımağa, yuyunmağa, arabaqarışıq yuxarı mərtəbəyə qalxmağa, tualet yoluna xərcləyirlər. Pulun olmasa, səni tualetə aparan da olmayacaq… Bir sözlə, bu binada əlillərdən hal-əhval tutmağın da arxasında təmənna gizlənir.

ƏLİLLƏR ÜÇÜN MİLYONLAR AYRILIR, AMMA…

Məmmədhüseyn Hüseynovun dövlətdən istədiyi bir otaqdır. Hələ təzədən ailə sahibi olmaq həvəsi də ölməyib. Özü demiş, “qulaqyoldaşına” çox ehtiyacı var.

Əvvəllər o, torpaq ayrılması üçün Sabunçu rayon İcra Hakimiyyətinə də müraciət edib. Ancaq “yox” cavabı alıb.

“Nə nazirə, nə başqa məmurlara inamım qalmayıb. Prezidentimiz əlillərə milyonlarla pul ayırır, bizə o puldan bir qəpik də çatmır. 6 ildir özümü öldürmək dərəcəsinə çatmışam. Dedim, bir parça torpaq versinlər, gedim qalan ömrümü sürüm. İstəmirəm, dövlətin ayırdığı yardım da özünə qalsın, onsuz da elə özlərinə qalır, bizə qara qəpik də çatmır. Torpağı vermədilər, heç olmasa, bir otaq versinlər”.

İndi Məmmədhüseyn dayı səssizlikdən qulaq tutulan pansionatın binasında – birinci mərtəbədəki yarıqaranlıq, darısqal, təmirsiz, şəraitsiz otaqda arabasında oturub sabahını düşünür.

“60-A YAXIN YAŞI OLAN ƏLİLİ ORA NECƏ YERLƏŞDİRƏK?”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir, Məmmədhüseyn Hüseynovun 60-a yaxın yaşı var. Masazırdakı “Məzun evi” isə internatdan çıxmış və getməyə yeri olmayan gənclər üçün nəzərdə tutulub. Ancaq sonradan Nazirlik gənc əlilləri də nəzərə alıb.

– Yalnız gənc əlilləri… 60-a yaxın yaşı olan əlili ora necə yerləşdirək?

– Məmmədhüseyn Hüseynov düşünür ki, Mərdəkan Müalicə Pansionatının binası təmirdən çıxdıqdan sonra onu oraya qaytarmayacaqlar, onu Qocalar Evinə yerləşdirəcəklər…

– Bu, doğru xəbər deyil, elə orada da yaşamaqda davam edəcəklər. Necə ki, indi fəaliyyət göstərir, gələcəkdə təmirdən sonra da əlillərə xidmət edəcək.

Buna da bax...

Köçkün sığınacağında sənət aləmi...
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

XS
SM
MD
LG