Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

Elmar Hüseynovun qətlindən 18 il keçir, verilən söz tutuldumu?


ABŞ xəfiyyəsi Elmar Hüseynovun qətli ilə bağlı hesabatında nələr yazıb?
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

ABŞ xəfiyəsinin Elmar Hüseynovun qətli ilə bağlı hesabatında nələr yazıb?

Bu gün, martın 2-si "Monitor" jurnalının baş redaktoru, jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 18 ili tamam olur. Sərt tənqidi yazıları ilə seçilən jurnalist 2005-ci ildə yaşadığı evinin blokunda odlu silahla qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələri ilə cinayət işi qaldırıb. Prezident İlham Əliyev isə bu qətli Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirmişdi. Lakin bu qətlin icraçıları və sifarişçiləri məsuliyyətdən, hələlik, kənarda qalıb. Bunun səbəbi ilə bağlı, hələlik, Baş Prokurorluqla danışmaq mümkün olmayıb.

F.Mustafa
F.Mustafa

"Bu işin daha peşəkarcasına…"

Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, E.Hüseynovun qatillərinin tapılmaması, həqiqətən də, düşündürücü məsələdir: "Çünki illər ötüb, amma bu məsələdə yenilik yoxdur".

Deputatın fikrincə, bu işin, bəlkə də, daha peşəkarcasına tədqiqatına ehtiyac var idi: "Və ya xaricdən dəvət olunan mütəxəssislər bu işi gerçəkləşdirməli idilər. Amma hər halda bu, bir müəmma olaraq qalır və qatillərin tapılmaması yaxşı bir nəticə deyil. Qatillərin tapılması hüquqa güvəni artırardı".

F.Mustafa hesab edir ki, Azərbaycanın yazılı jurnalistikası həm cəsarətinə, həm də imkanlarına görə əvvəlki dövrlərdə daha güclü idi: "Bloqer, yaxud da sayt formatında jurnalistlərin peşəkarlığı hər halda daha aşağıdır. İnformasiyanı dərhal qəbul edib cəmiyyətə ötürmək baxımından indiki jurnalistikada çeviklik daha çox özünü göstərir. Amma çap mediasında daha savadlı, daha peşəkar jurnalistlər fəaliyyət göstərə bilirdi, yetişirdi".

Ə.Məmmədli
Ə.Məmmədli

"Jurnalistlərin hər birində blok qorxusu var"

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, E.Hüseynovun qətli jurnalistlərin üzərində qorxu hissi baxımından bir dönüm nöqtəsi oldu: "O vaxt jurnalist Arif Əliyev "Jurnalistlərin hər birində blok qorxusu var" adlı gözəl bir yazı yazmışdı. O blok ki, orada qaranlıqda güllələnən Elmar Hüseynovun qətlinin icraçıları və sifarişçiləri bugünə qədər məhkəmə önündə durmayıb. Bunun məsuliyyəti isə hökumətin üzərinə düşür. O zaman (Gürcüstan vətəndaşları) Tahir Xubanov, Teymuraz Əliyev kimi şəxslərin adı çəkildi, sonra jurnalist araşdırmalarından məlum oldu ki, onların beynəlxalq axtarışa verilməsi məsələsi yalandır".

Jurnalistikanın durumuna gəlincə isə, ekspertin fikrincə, burada tək ölüm deyil, digər aspektlər də önə çıxıb: "Bu, jurnalistlərin şəxsi həyatına qanunsuz müdaxilələr, onlara kiber və fiziki hücumlardır. Bu da istər-istəməz jurnalistləri daha ehtiyatlı özünü aparmağa məcbur edir".

Azərbaycanda izlənən telefonlar: Casus proqramından qorunmaq olarmı?
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Ə.Məmmədli vurğulayıb ki, 18 il davam edən bu qorxu neqativ nəticələri verdi: "Elmar Hüseynovdan sonra digər jurnalistlərin həyatına qəsdlər oldu. Yazıçı Rafiq Tağı 2011-ci ildə yazdığı yazıya görə bıçaqlandı və sonra xəstəxanada öldü, jurnalist Rasim Əliyev 2015-ci ildə yazdığı fikrə görə döyüldü, sonra da xəstəxanada öldü. Bütün bunlar bir formada jurnalistləri ölümlə üz-üzə olduqları haqqında düşündürür və bu da söz azadlığı baxımından mənfi bir mühit yaradır".

Xatırlatma

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. Onu 2005-ci il martın 2-də (38 yaşı hələ tamam olmamışdı) işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 18 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

XS
SM
MD
LG