Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:45

Elmi araşdırma: Ən etibarlısı ən sadə maskalardır


Britaniyada çıxan The Sun qəzeti ekspertlərə istinadən yazır ki, nəfəs klapanları və plastik örtüyü olan maskalar koronavirusun yayılmasını önləyə bilmir.

Alimlərin fikrincə daha sadə və ucuz hazırlanan adi tibb maskaları COVID-19-dan müdafiədə daha səmərəli və daha etibarlıdır.

Qəzet yazır ki, hazırda bir çox yerlərdə - mağaza, kafe və ictimai nəqliyyatda maskaların məcburi olması bir çoxlarını daha rahat nəfəs almağa imkan verən maskalara üz tutmağa vadar edir.

Lakin son araşdırmalar getdikcə populyarlaşan plastik qoruyuculu və nəfəs klapanlı maskaların virusla mübarizədə az qala tam səmərəsiz olduğunu göstərib.

ABŞ alimlərinin gəldiyi nəticəyə görə nəfəs klapanlı maskaların məhz filtr hissəsi çox sayda damcıların istifadəçinin üzünə və ağzına keçməsinə imkan yaradır.

Ekspertlərin fikrincə belə maskaları taxan şəxslərin infeksiyalı olduğu hallarda isə onlardan istifadə tamamilə mənasızdır.

Klapanlar virus üçün qapıdır

Alimlər qrupunun apardığı təcrübələr göstərib ki, plastik örtüklü və klapanlı maskalar öskürmə və asqırma zamanı hava axınını əvvəlcə bloklasa da, sonradan kənara çıxan damcılar daha geniş sahədə yoluxma riski yaradır.

Bu təcrübələri aparmış Amerika Fizika İnstitutundan doktor Siddhartha Verma deyib ki, məktəblərə və universitetlərə qayıdan şagird və tələbələr adətən daha rahat taxılan və uzun müddətdə narahatlıq yaratmayan üz örtüklərinə üstünlük verirlər.

Alim qeyd edir ki, belə örtüklər səmərəli olmamaqla yanaşı siniflərdə və tələbə auditoriyalarında olan çox sayda insan üçün yoluxma riskini artıra bilər.

The Sun yazır ki, alimlər bu təcrübə zamanı manekenlərdən və kiçik sorğaclardan istifadə etməklə süni öskürək hadisəsi yaradıblar.

Belə öskürək zamanı distillə edilmiş su və qliserin damlaları ətrafa yayılır və alimlər lazer ekranı vasitəsi ilə damcıların hərəkətini izləyə bilirdilər.

Ən keyfiyyətli maskalar da…

Doktor Verma deyib ki, öskürmə və asqırma zamanı ətrafa səpələnən damcılar bir müddət havadan asılmış vəziyyətdə qala bilir və bu səbəbdən də koronavirusa yoluxmanın riskini artırır.

Tədqiqatçılar bildirirlər ki, keyfiyyətli parçadan tikilmiş maskalar və adi tibb maskaları icma şəraitində virusun yoluxma və yayılma təhlükəsini minimuma endirə bilir.

Onların fikrincə klapanları olan maskalar belə keyfiyyətə malik deyil.

Doktor Verma bunu da əlavə edir ki, virus hətta ən yaxşı maskalardan da sıza bilər və buna görə də fiziki məsafənin saxlanması da önəmlidir.

Araşdırmanın nəticələri Physics of Fluids (Maye fizikası) elmi jurnalında dərc edilib.

XS
SM
MD
LG