Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Gəzintiyə gələnlər gölün kənarını xarabaya çevirib


Foto arxiv
Foto arxiv

-

«Bir də görürsən, bir qrup gənc gəlir, maşınlar düzülür gölün kənarına, manqalı odlayırlar, kababdan çəkirlər, yeyib-içib, zibillərini də elə ora töküb gedirlər».

Şabranın Zeyvə kəndinin sakinləri «Qaynar xətt»ə şikayət edirlər ki, kəndin ərazisindəki Əmbil gölünün ətrafı buraya istirahətə gələnlər tərəfindən çirkləndirilir. Əsasən qrup şəklində gələn insanlar töküb-töküşdürdüklərinin yığışdırılmasını özlərindən sonra kənd sakinlərinə buraxırlar. Kənd sakini Rəsul Babazadə deyir, yerli turistlərdən sonra ərazini təmizləmək kənd uşaqlarının üzərinə düşür:

İÇKİ ŞÜŞƏLƏRİ, QARPIZ QABIĞI, QURUMUŞ ÇÖRƏKLƏR

«Kəndin uşaqları tez-tez yığışıb gedirlər, içki şüşələri, əsasən də yayda qarpız qabıqları, qurumuş çörəklər, daha nələr-nələr yığıb gətirirlər kəndə. Bu vəziyyət də hər gün təkrar olur. Dəfələrlə Ekologiya Nazirliyinə, icra hakimiyyətinə məktub yazmışıq, nəticəsi yoxdur».

Yerli turistlər təbii ehtiyaclarını çoxillik ağacların dibinə və birbaşa gölə «ödəməklə» çirkləndirirlər. Yedikləri qidaların qalıqlarını gölə tullayırlar, gölün kənarından isə meyvə, tərəvəz qabığı «əskik» olmur.

Sakinlər səbəbi ərazinin mühafizə olunmamasında görürlər. Kənd sakini Üzeyir Səfərov deyir, göl və ətrafı təmiz saxlansa, kəndə bir ayrı yaraşıq verər:

«Vallah, uzaqdan baxırsan, ətrafı yaşıllıqdır, gölün gözəlliyi göz oxşayır. Yaxına gəlirsən, bərbad vəziyyətdədir, çirkabdan, antisanitariyadan heç yaxın gəlmək istəmirsən».

GÖLÜN ƏTRAFI TƏMİZLƏNİB, NƏZARƏTƏ GÖTÜRÜLÜB

Sən demə, kəndlilərin harayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çatıbmış. Nazirlikdən bildirilib ki, qurumun yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvləri və nazirlik işçiləri Əmbil gölünün ətrafını bir neçə gündür nəzarətə götürüblər. Nazirlik və ictimai sektorun üzvləri kəndə gələrək sakinlərlə birlikdə vəziyyəti yerindəcə araşdırıblar. Əmbil gölünün ətrafının və ona yaxın meşə ərazilərinin antisanitariya vəziyyətində olması, çoxsaylı məişət tullantıları ilə zibillənməsi, qadağan olunmuş ərazilərdə tonqal qalanması kimi meşə mühitinə və bütövlükdə ekosistemə mənfi təsir göstərən faktlar qeydə alınıb. Nazirlik və QHT nümayəndələri gölün ətrafını və ona bitişik sahələri tullantılardan təmizləyiblər. Ərazidə yeni xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb. Ərazi nazirliyin yerli qurumları tərəfindən nəzarətə götürülüb.

Bundan sonra ərazini çirkləndirənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 700 manatdan 8 min 500 manatadək cərimə ediləcəklər.

XS
SM
MD
LG