Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:15

Erdoganın oğlu: “Ofis tikirəm, neft satmıram”


Bilal Erdogan
Bilal Erdogan

►“İsveçrədə hesabımız yoxdur. Əmim və yeznəmlə ortaq olduğum BMZ şirkətindən başqa İstanbulda 5 restoranım var”

Türkiyə prezidenti Receb Tayyip Erdoğanın oğlu Bilal Erdoğan İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə İŞİD-lə neft ticarəti aparması iddiaları, İtaliyaya “qaçması” ilə bağlı deyilənlər, Rusiya ilə Türkiyə arasındakı böhran və Türkiyədə jurnalistlərin həbs olunması mövzusunda bir çox suallara cavab verib.

Məqalə “Gənc Erdoğanın özünümüdafiəsi: Ofis tikirəm, neft satmıram” başlığı ilə dərc olunub.

"Ağ yalan"

Bilal Erdoğan söyləyib ki, İŞİD-ə neft satması iddilaları ilə bağlı deyilənlər “ağ yalan”dır:

“Kremlin sözçüsü deyib ki, prezident Erdoğanın oğlu gəmilərlə Ceyhan limanından Yaponiyaya qədər İŞİD neftini ixrac edir. Mənim nə dəniz yolu ticarəti, nə də Ceyhanla əlaqəm yoxdur. Üstəlik, İŞİD ölkəmin düşmənidir. İŞİD utanc qaynağıdır. Çünki dinimi pis təbliğ edir. Onlar İslamı təmsil etmir, mən onları müsəlman saymıram”.

Bilal Erdoğan deyib ki, rəhbəri olduğu "Bmz Ltd” şirkəti İstanbulda ofis tikməklə məşğuldur. Aralıq dənizində, İraqda və Suriyada heç bir layihəsi yoxdur.

Qəzetin “bəlkə qardaşınız Burakın şirkətini nəzərdə tuturlar” sualına isə “Onun bir kargo şirkəti var. Ancaq bundan neft daşınmalarında istifadə etmir” cavabını verib.

Buna da bax: Hacı Əbdül: “Gücünüz var, bu gücü Qarabağda göstərin”

"Türkiyə İŞİD-ə yardm göstərsəydi, NATO xəbərdar olardı"

Tayyip Erdogan
Tayyip Erdogan

Bilal Erdoğan Rusiya ilə Türkiyə arasındakı gərgin münasibətlərdən də danışıb:

“İki həftə əvvələ qədər Rusiya ilə müttəfiq idik. Əgər Rusiya İŞİD-ə qarşı belə fəal idisə, niyə bizi daha əvvəl ittiham etmirdi? İndi isə Türkiyəni İŞİD tərəfdarı olmaqda günahlandırır. Biz NATO üzvü olan bir ölkəyik. Əgər Türkiyə İŞİD-ə yardm göstərsəydi, NATO bundan xəbərdar olardı”.

Qəzet Bilal Erdoğandan bunu da soruşub: “2013-cü ildə rüşvət verməkdə ittiham olunmusunuz. Ancaq işinizi araşdıran prokuror vəzifəsindən çıxarıldı. Polis isə sizi saxlamağı qəbul etmədi”. Erdoğanın cavabı belə olub:

“Ancaq nəticədə ittihamlara yeni prokurorun qarşısında cavab verdim. Bu, Gülen qrupunun işi idi. Bizi günahlandıranlar haqqında qanunla araşdırmalara başlanmasını tələb etdik. Bu işə yanvar ayında məhkəmədə baxılacaq.”

Müxbir gənc Erdoğana atasının Fetullah Gülenlə keçmişdə dost olduqlarını xatırladıb:

“Gülen atanızın səs qazanmasına yardım etdi. Bunun qarşılığında da polis sisteminə, prokurorluğa öz adamlarını yerləşdirdi”

Bilal Erdoğan deyib ki, doğrudan da belə olub: “90-cı illərdə atam Rifah Partiyasında idi. İstanbulun bələdiyyə sədriydi. Biz islami siyasi hərəkatdan gəlmişik. Rifah Partiyası tarixinə, mədəniyyətinə, ənənələrinə uyğun Türkiyə istəyirdi. Onlar isə islamçı görüntüdə olmaq istəmirdilər. Daha sonra böyük bir bacarıqla polis, prokurorluq sisteminə daxil oldular”.

“Varlı olmağınızın səbəbi nədir?”

Berluskoni Bilalın toyunda
Berluskoni Bilalın toyunda

“Varlı olmağınızın səbəbi nədir” sualına cavabında isə Erdoğanın oğlu İsveçrə banklarında hesabları olması iddialarını “yalan” adlandırıb:

“İsveçrədə hesabımız yoxdur. Əmim və yeznəmlə ortaq olduğum BMZ şirkətindən başqa İstanbulda 5 restoranım var”.

Qəzet “Berluskoni (İtaliyanın ovaxtkı baş naziri - red.) 2003-cü ildə toyunuzda iştirak edib. Toyunuzda iştirak edən dövlət lideri təkcə o idi? Berluskoninin atanızı demokratiya sahəsində geri addım atmaqda ittiham etdiyini bilirsiniz?” sualına Bilal Erdoğan belə cavab verib:

“Toyumda ondan başqa Albaniyanın baş naziri də iştirak edib. Bacımın toyunda isə İordaniyanın kralı iştirak edib. Berluskoninin atam haqqında dediklərinə isə inanmıram. O, atamı yaxşı tanıyır. Əgər deyibsə, təəssüf eləyirəm”.

Jurnalistlərin həbsi ilə bağlı sualasa “bu, məhkəmənin qərarıdır “ deməklə qısa cavab verib. Qəzetin bir başqa sualı isə onun İtaliyaya qaçması haqqında olub. Müxbir soruşub ki, “ölkəniz hücumlar altında olduğu bir vaxtda burda olmağınız qəribə deyilmi?”

Bilal Erdoğan isə deyib ki, ruslarla bağlı baş verənləri planlaşdırmayıb:

“Ölkəmdə qalmaq istəyirəm. Ancaq humanitar yardımlarla bağlı o qədər işim var ki. Türkiyədə olanda diqqətimi çox şey dağıdır. İki uşaqla bura gəlmək asan deyil. Ölkəyə, məktəbə öyrəşməlidirlər. İttihamlar bunu nə qədər çətinləşdirsə də, burda diqqətimi toplaya bilirəm”.

XS
SM
MD
LG