Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

Rusiya öz sərhədi yaxınlığında mümkün nüvə qüvvələri yerləşdirməsinə cavab verəcəyini deyir


Rusiya xarici işlər nazirinin müavini Aleksandr Grushko.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Grushko.

Finlandiya isə Ankaranın İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsində mövqeində səbrli olmağa çağırıb.

Moskva bəyan edib ki, NATO-nun Rusiya sərhədi yaxınlığında mümkün nüvə qüvvələri və infrastruktur yerləşdirməsinə adekvat cavab tədbirləri görəcək.

Azadlıq Radiosunda olan məlumata görə, bunu mayın 14-də jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Reütersin məlumatına görə, Qruşko qeyd edib ki, Moskvanın Finlandiya və İsveçə qarşı heç bir düşmənçilik niyyəti yoxdur və bu iki ölkənin NATO İttifaqına qoşulması üçün “real” səbəblər görmür.

Qeyd edək ki, Rusiya qəti şəkildə NATO-nun onun sərhədlərinə doğru genişlənməsinə qarşı çıxır.

NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə deyib ki, Finlandiya və İsveç üzvlüklə bağlı rəsmi qaydada müraciət etsələr, təşkilat onların bu istəyini qəbul edəcək.

Rəsmilərin sözlərinə görə artıq bu ölkələr bir neçə həftəyə NATO-ya üzvlüklə bağlı rəsmi müraciət göndərə bilərlər.

İsveç hökuməti hazırda ölkənin NATO-ya qoşulmasının Moskva tərəfindən mümkün pis nəticələrini götür-qoy edir.

Finlandiya rəsmiləri isə mayın 12-də , ölkənin tezliklə NATO-ya üzvlük ərizəsi verməsinin tərəfdarı olduğunu bildiriblər.

Finlandiya Türkiyənin mövqeinə səbrli yanaşmağa çağırdı.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto mayın 13-də bəyanat verərək Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşlmalarına qarşı mənfi mövqeinə münasibət bildirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu

O, bu məsələdə səbirli olmağa və Ankaranın bu mövqeinə qarşı yanaşmada addım-adım hərəkət etməyə çağırıb.

"Bu cür proseslərdə bir qədər səbr lazımdır, bu bir gündə baş vermir. Gəlin problemləri addım-addım həll edək", deyə Haavisto jurnalistlərə bildirib.

ABŞ Müdafiə Nazirliyi isə bundan əvvəl bildirib ki, Birləşmiş Ştatlar, Türkiyə prezidenti Racep Tayyip Erdoğanın Finlandiya və İsveçin NATO-ya qoşulmaq istəmələri barədə dediklərinə aydınlıq gətirməyə çalışır, amma Ankaranın bu alyansdakı mövqeyi buna görə dəyişməyib.

Reütersin məlumatına görə, bunu mayın 13-də nazirliyin sözçüsü John Kirby jurnalistlərə açıqlamasında deyib.

Reüters yazır ki, Erdoğanın açıqlaması Finlandiya üçün sürpriz olub. Çünki Haavisto son aylarda iki dəfə Türkiyəyə səfər edib. Bundan başqa aprelin əvvəllərində Finlandiya prezidenti Sauli Niinisto ilə Erdoğan arasında telefon söhbəti olub və Niinisto həmin danışıqlardan sonra özünün Tvitter səhifəsində, Ankaranın Finlandiyanın bu istəyini dəstəklədiyini yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 13-də deyib ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”.

Erdoqan jurnalistlərə aşıqlamasında bunun səbəbinin, İsveç və digər Skandinaviya ölkələrində kürd separatçıları və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verməsinə dair Ankaranın iddiaları ilə bağlı olduğunu deyib.

Erdoğan qeyd edib ki, Türkiyə vaxtilə Yunanıstanla bağlı buraxdığı “səhvi” təkrarlamaq istəmir.

O deyib ki, Türkiyə 1980-ci ildə Yunanıstanın NATO-ya təkrar qoşulmasına razılıq versə də, Afina sonradan Ankaraya düşmən mövqe tutub.

Qərb agentlikləri yazır ki, Türkiyə NATO-dakı veto hüququndan istifadə edərək bu prosesi əngəlləyə bilər, çünki bu məsələdə bütün üzvlərin səsi lazımdır.

XS
SM
MD
LG