Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:57

Üzeyir Cəfərli: “O görüntülərdə qeyri-adi heç nə yoxdur”


Üzeyir Cəfərov
Üzeyir Cəfərov

►“Apreldə qazanan tərəf Rusiya oldu, Ermənistan üzərində dominantlığını bir daha təsdiqlədi.

Rusiyanın xahişi ilə Azərbaycan genişmiqyaslı əməliyyatlara başlamadı. Onun əzabını indi çəkirik, Rusiya sözünün arxasında dayanmadı...”

Erməni tərəf aprel döyüşləri ilə bağlı bəzi görüntüləri “Youtube” sosial şəbəkəsinə yerləşdirib. Bu görüntülərdə Azərbaycan əsgərlərinin gecə vaxtı hücuma keçməsi əks olunur. Görüntülərin erməni əsgərlərinin müşahidə kamerası ilə çəkildiyi deyilir.

Bu görüntülərlə bağlı Azərbaycan və Ermənistanda sosial şəbəkələrdə müzakirələr gedir.

Hətta bu hücumun əvvəlcədən üçüncü dövlətlə razılaşdırıldığını, buna görə erməni hərbçilərin, sadəcə, müşahidə apardığını iddia edənlər də var. Əslində nə baş verirdi?

İstefada olan hərbçi Üzeyir Cəfərli AzadlıqRadiosuna bu haqda danışır:

Üzeyir Cəfərli: “O görüntülərdə qeyri-adi heç nə yoxdur”
Gözlə

No media source currently available

0:00 0:05:37 0:00
Direct-ə keçid

– Mən deməzdim nəsə razılaşdırılıb. Görünən odur ki, ermənilər gecəgörmə cihazı ilə bizim əsgərlərin onların həmlələrini dəf etdikdən sonra irəliləməsini izləyirlər. Orda hərbi sirr deyiləsi bir şey də yoxdur. Bizdə də o cür gecəgörmə cihazları var, bizdə hətta qat-qat güclüsü var. Erməni dilini yaxşı bilənlər başa düşür ki, qarşı tərəf nə qədər narahatdır, dərhal yuxarılara baş verənləri məruzə edirlər. Yəni ermənilər, sadəcə, müşahidə edirlər.

– Bu yerdə əksəriyyət sual edir, bəs niyə cavab addımı atılmır?

– Bilirsiz, bizim əsgərlər elə də yaxın məsafədə deyillər, axı. Gecəgörmə cihazlarının binokl kimi xüsusiyyəti var, görüntünü yaxınlaşdırır. Orda əsgərləri atıcı silahla hədəfə almaq o qədər də asan deyil. Orda, olsa-olsa, snayper tüfəngiylə zərərsizləşdirmə işini həyata keçirmək olardı. Özü də orda hücum əməliyyatından söhbət getmir. Sadəcə, bizim əsgərlərin bir xətt üzrə irəliləməsi görünür, qarşıdakı maneələr boşdur deyə irəliləyə bilirlər. Atışma yoxdur, erməni xüsusitəyinatlıları ilə üzbəüz döyüşdən söhbət getmir. Mənim gördüyüm, anladığım budur, o görüntülərdə qeyri-adi heç nə yoxdur. Hücum əməliyyatı zamanı, adətən, texnika olur. Amma orda texnika yoxdur, sadəcə, əsgərlər bəlli cığırla gedirlər. Bu da xüsusitəyinatlılara xas olan hərəkətdir.

____________________________________________________________

Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

– Amma görüntüləri izlədiyimiz zaman hərbçilərin maneə ilə üzləşmədiyi görünür, əks tərəf onu izləsə belə.

– O sual hamıda yaranır ki, bizimkilər izləndiklərini bilə-bilə necə irəliləyiblər? Dünyanın istənilən ölkəsində bu cihazlardan istifadə olunur. Bəziləri bahalıdır, həm görüntüsü aydındır, hərbçinin üzərindəki silaha qədər müəyyən etməyə imkan verir, bəziləri də ermənilərdəki kimi primitivdir, hərbçiləri ağ rəngdə göstərir. Bəli, bizimkilər bilirdilər ki, bu cihazlardan ermənilərdə var. Amma o da var ki, biz erməniləri, ermənilər də bizi kosmosdan izləyirlər, ona qalsa, gərək heç bir hərəkət etməyək. Sadəcə, hər şey komandirin şəxsi heyətın həyatını necə qorumaq bacarığından asılıdır. Həmin hadisələr zamanı ermənilər bizim hərbçilərə daha çox artilleriya qurğusundan və tanklardan atəş açdıqları atəşlə xətər yetirmişdilər. Hərbçilərimizin çoxunu üzbəüz döyüşdə deyil, əks tərəfin artilleriya atəşi nəticəsində itirmişik.

– Azərbaycan hərbçiləri minalanmış ərazi ilə irəliləyirdilər?

– Minadan artıq təmizlənmiş ərazidə. Mina bütün yolboyu düzülmür. O cığırla irəlidə gedən əsgər minaaxtaranla hərəkət edir. Sözsüz ki, minalanmış ərazi var. Apreldə baş verən hadisələrdə bizim itkilərimiz mina partlayışlarından da olmuşdu. Qarşı tərəf mövqelərimizə atəş açarkən hərbçilərimiz yerlərini dəyişməyə məcbur qalmışdılar və bu zaman minaya düşərək həyatını itirmişdilər.

– İtkilərin sayı haqda söhbət səngimir. Müstəqil mənbələr 100-dən artıq Azərbaycan hərbçisinin öldüyünü bildirir. Hətta bu rəqəmin belə kiçik döyüşlər üçün çox olduğunu söyləyirlər. Bir hərbçi kimi siz nə deyə bilərsiniz bu haqda?

– Heç bir komandir istəməz ki, onun zabitinin və ya əsgərinin burnu qanasın. Kənardan döyüş asan görünür. Orda real vəziyyət necə olubsa, komandirlər də ona uyğun davranıblar. Biz bəzi məsələləri xırdalamırıq, açıqlamırıq. Apreldəki döyüşün uğuru da var, uğursuzluğu da. Uğuru odur ki, müəyyən əraziləri nəzarətimiz altına keçirmişik. Uğursuzluğumuz odur ki, bəzi komandirlərin gecikməsi, bəzi qərarların operativ verilməməsi səbəbindən problemlər yaşanıb. Bununla da bağlı Müdafiə Nazirliyinin rəhbərliyi ölçülər götürüb.

– Apreldə təmas xəttində baş verənləri iki ay sonra necə dəyərləndirirsiz?

– Bütövlükdə apreldə baş verənlər çox şeyi dəyişdi, yeni yanaşma formalaşdırdı. Azərbaycan əsgəri haqda fikri dəyişdi. Ermənilərin illərlə təriflənən mühəndis istehkam qurğularını yarıb keçməyin mümkünlüyü beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupu, Rusiya üçün gözlənilməz oldu. Bu döyüşlərdə bizim bircə dənə motoatıcı briqadamız belə iştirak etmədi. Ağıllı hərbi taktika işlədilib, itkilərimizin çox olmasına imkan verilməyib. Talış istiqamətində, Ağdərə istiqamətində xüsusitəyinatlılar əllərindən gələni ediblər, ancaq itkisiz də olmur. Apreldə qazanan tərəf Rusiya oldu, Ermənistan üzərində dominantlığını bir daha təsdiqlədi. Rusiyanın xahişi ilə Azərbaycan genişmiqyaslı əməliyyatlara başlamadı. Onun əzabını indi çəkirik, Rusiya sözünün arxasında dayanmadı, Ermənistana yenə hər vasitəylə havadarlıq edir. Ona görə də iyunun 20-də keçiriləcək görüşdən heç nə gözləmirəm.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”
Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
'Formula-1'ə büdcədən 300 milyon xərclənir?
Gözlə

No media source currently available

0:00 0:15:58 0:00
XS
SM
MD
LG