Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Yerevan KTMT-nin Moskvada terroru pisləyən bəyanatına niyə qoşulmayıb?


Baş nazir Nikol Paşinyan və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov (Arxiv fotosu)
Baş nazir Nikol Paşinyan və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov (Arxiv fotosu)

“Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskva terror hücumunu pisləyən bəyanatına niyə qoşulmayıb?”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onun bu sualı parlamentdə Nikol Paşinyanın hakim fraksiyasının liderlərindən Babken Tunyanı təəccübləndirib:

"Məgər bunun üçün spesifik platforma olmalıdır. Biz başa düşməliyik ki, indi hüsn-rəğbətdən və faciədən danışırıq. Yoxsa bunu hansı platformadan bildirmək məsələsi daha mühümdür? Əgər hadisəyə münasibətimiz və onu pisləməyimiz hansısa platformadan asılıdırsa, deməli biz fərqli məsələlərdən bəhs edirik”.

Millət vəkili izah edib ki, Moskvada baş vermiş terror aktı ilə bağlı müvafiq başsağlığı məktubları Yerevandan göndərilib.

Azatutyun daha bir sual verib: “Əgər Ermənistan bu platformadan terrorizmi pisləyən bəyanata da qoşulmursa, onda niyə bu qurumu tərk etmir?”

Tunyan bu suala cavab olaraq “bu başqa məsələdir” deyib və bildirib ki, suala cavab vermək istəmir.

Azatutyun xatırladır ki, baş nazir hələ bir ay bundan əvvəl ölkəsinin KTMT-dəki üzvlüyünü dondurması barədə bəyanat verib.

Onun məhz bu bəyanatına Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəzəbli reaksiya vermiş, Ermənistanı son seçim etməyə çağırmışdı.

Lavrov martın 28-də deyib ki, Ermənsita rəhbərliyi qondarma bəhanələrlə Moskva ilə münasibətləri uçuruma doğru aparır.

Lavrov xatırladıb ki, Yerevan çətin situasiyalarda onun köməyinə məhz KTMT-nin gəldiyini unudub.

Məsələ elə Paşinyan deyən yerdə qalıb

Bəs bu məsələdə hər hansı tərpəniş varmı? Baş nazirin müavini Mariya Karapetyan deyib ki, məsələ elə “Paşinyanın dediyi mərhələdə” qalıb:

"KTMT Ermənistan Respublikasının sərhədlərini tanımaqda problem yaşayır. Bu oriyentasiya problemidir. Bu məsələ həllini tapanadək Ermənistandan seçim məsələsində hər hansı addım gözləmək məntiqsizdir. Ona görə də məsələ Ermənistan baş nazirinin dediyi nöqtədə qalıb”.

Azatutyun xatırladır ki, Azərbaycanın 2022-ci ilin sentyabrında baş vermiş hücumundan sonra Ermənistan KTMT-dən Bakının hərəkətinə siyasi qiymət verilməsini tələb etmişdi. Çünki KTMT bir hərbi blok olaraq Ermənistanı xarici hücumdan qorumalı idi.

Lakin o vaxt KTMT-yə üzv olan başqa ölkələr Azərbaycanla bağlı hər hansı müddəanın birgə bəyanata daxil edilməsinə qarşı çıxmışdılar. Nəticədə Ermənistan KTMT-min Yerevanda keçirilən sammitində qəbul olunmuş başqa sənədləri də imzalamaqdan imtina etmişdi.

Bununla belə rəsmi Yerevan təşkilati tərk etmək niyyətində olduğuna dair heç bir açıqlama verməyib.

Bundan əvvəl

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Kommersant qəzetinə müsahibəsində deyib ki, Ermənistan təşkilatın son tədbirlərinin heç birinə qatılmayıb, amma eyni zamanda təşkilatdakı üzvlüyünü dayandırdığını da bəyan etməyib.

Baş nazir Paşinyan ötən ay Fransa televiziyasına müsahibəsində demişdi ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub.

Bunun ardınca Kremlin sözçüsü Dmitri Peskov bəyan etmişdi ki, bu təşkilatın nizamnaməsində “üzvlüyün dondurulmasına” dair müddəa yoxdur.

Paşinyanın bəyanatı ilə bağlı Moksvadan başqa tənqidlər də səslənmişdi.

O bütün bunlara cavab olaraq demişdi ki, “Ermənistan KTMT-də üzvlüyünü de facto dondurub, amma lazım gəlsə, bunu de jure də edə bilər”.

XS
SM
MD
LG