Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:31

Paşinyanın partiyası Şahramanyanın hərəkətini Ermənistana qarşı hədə adlandırıb


Samvel Şahramanyan
Samvel Şahramanyan

Ermənistanda hakim partiya Qarabağ separatçılarının son lideri Samvel Şahramanyanın 28 sentyabr fərmanını ləğv etməsinə dair xəbərin ardınca onu kəskin tənqid edib.

Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından bir həftə sonra mümkün hərbi toqquşmaların dayandırılması üçün qondarma “Artsax respublikası” və onun “müdafiə ordusunun” 2024-cü il yanvarın 1-dən buraxılacağına dair fərman imzalamışdı.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Qarabağın demək olar bütün erməni əhalisi 19-20 sentyabr əməliyyatının ardınca bölgəni tərk edib.

Şahramanyanın “müşaviri” kimi təqdim olunan Vladimir Qriqoryan ötən cümə günü demişdi ki, separatçı liderin oktyabrın 19-da imzaladığı daha bir “fərman” onun 28 sentyabr fərmanını qüvvədən salıb.

19 oktyabr tarixli “fərmanda” deyilirdi ki, qondarma respublikanın bütün hakimiyyət orqanları, “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.

Məlumata görə, Şahramanyan dekabrın 22-də başqa separatçı “liderlərlə” görüşərək onlara bildirib ki, “Artsax respublikasını” “hüquqi çərçivədə ləğv edən heç bir sənəd mövcud deyil”.

“Şahramanyan kimdir ki...”

Azatutyun yazır ki, Şahramanyanın bu addımı baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan vəzifəli deputatları hiddətləndirib.

Deputat Artur Hovannisyan Facebook-da yazıb:

“Şahramanyan kimdir ki, Yerevanda fərman imzalayır. Ermənistanda bircə hakimiyyət var. Ona meydan oxuyan hər hansı bir şəxsin hərəkəti antidövlət aktı elan olunacaq, həmiş şəxs qanundankənar elan ediləcək və ona qarşı ən sərt dövlət tədbirləri görüləcək”.

Hovannisyan Yerevandakı separatçıların rəhbərliyini “Ermənistanı yeni hərbi təxribata çəkməkdə” ittiham edib.

Başqa bir iqtidar deputatı Lilit Minasyan isə deyib:

“Qarabağın kapitulyasiyasına dair sənəd imzalayanlar bilməlidirlər ki, Yerevanda Qarabağa dair imzalanmış istənilən sənədin heç bir hüquqi gücü olmayacaq”.

Paşinyan partiyasının sədr müavini Gevork Papoyan Şahramanyanı “məcburi köçkün” adlandırıb və deyib ki, onun “Qarabağdan Ermənistana köç etmiş başqa 100 min qarabağlıdan heç bir fərqi yoxdur”.

Ermənistan müxalifəti və separatçı köçkünlər

Lakin Ermənistan müxalifəti Paşinyanın siyasi komandasının tənqidini pisləyib.

Qarabağın keçmiş “ombudsmanı” kimi təqdim olunan Artak Beqlaryan deyib ki, o Azərbaycanın Qarabağ liderlərinin fəaliyyətindən Ermənistana qarşı daha bir hücum üçün istifadə edə biləcəyinə dair Ermənsitan rəsmilərinin iddialarını qəbul etmir:

“Əgər siz özünüz bunu etmədiyiniz halda Artsaxın (Qarabağ-red) dövlət təsisatlarının və onun əhalisinin hüquq və maraqlarını təmsil edənlərin fəaliyyətinə icazə verməsəniz, onda bu məsələlərlə kim məşğul olmalıdır?”

Bununla belə Beqlaryan vurğulayıb ki, Şahramanyan 19 oktyabr “fərmanını” spesifik olaraq 28 sentyabr qərarını ləğv etmək üçün imzalamayıb.

Beqlaryan əlavə edib ki, Şahramanyan sadəcə olaraq “tanınmamış respublikanı buraxmaq səlahiyyətinə malik olmadığını” bildirmək istəyib.

Şahramanyanın “müşaviri” istefaya gedib

Azatutyun yazır ki, Şahramanyanın sözü gedən “müşaviri" də ona verdiyi müsahibədən dərhal sonra istefaya gedib. O istefasının səbəbini izah etməyib. Qriqoryan yalnız bunu deyib ki, “onun bəyanatı hazırda heç bir rəsmi mövqeyi əks etdirmir”.

Azatutyunun yazdığına görə, hətta Vladimir Qriqoryanın bu bəyanatından əvvəl də Paşinyanın siyasi müttəfiqləri demişdilər ki, “Qarabağın hökumət orqanları” buraxılmalıdır.

Parlamentin spikeri Alen Simonyan noyabrın 16-da demişdi ki, sözü gedən qurumlar (separatçı qurunlar – red) Ermənistanın milli təhlükəsizliyinə hədə təşkil edir.

Azatutyun yazır ki, separatçılar dekabrın 10-da verdikləri bəyanatda “Artsax (Qarabağ-red) məsələsinin birdəfəlik bağlanması” cəhdlərinə qarşı çıxmışdılar.

Amma onlar bildirmişdilər ki, bu məsələni Paşinyan hökuməti ilə müzakirə etmək istəyirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG